Son günlərin şaxtası Xətai rayonunda bir Kərbəla müsibəti
yaşatdı. Sakinlər susuzluqdan əziyyət çəkdi. Rayonun Əhmədli və
Günəşli yaylalarında isə qış özünün sifətini daha sərt göstərdi.
Yollar buz bağladı, qazın verilməsində az da olsa fasilə yarandı,
bəzi yaşayış massivlərində elektrik enerjisi olmadı. Nəqliyyatın
işləməsi isə, bu sahəyə aidiyyəti olan məmurların digərlərinin
yanında "şeşəşələnə" bilməsinə şərait yaratdı. Belə bir zamanda
"Axar.az"ın qəfil qonağı olaraq şair Narıngülün qapısını
döydüm.
Səndən nə əcəb?
Qapını şairin həyat yoldaşı Mirzə açdı. Salamlaşdıq: "Səndən nə
əcəb, bu vaxtı",- təəccüblə soruşdu. Evə dəvət etdi. Zatən mən
artıq Mirzənin böyründən sivişib evin dəhlizinə girmişdim.
Vaxtsız qonaq
Ailə şam yeməyini təzəcə bitirib, çay süfrəsinin arxasındaydı.
Mətbəxdə və qonaq otağında televizorlar işləyirdi. Hər ikisində
eyni verilişə baxılırdı... Narıngülün İqtisadiyyat Universitetinin
tələbəsi olan qızı Aynur:
- Faiq əmi bizə "qəfil qonaq" kimi gəlib deyəsən, Fərqanə
xaladan (Fərqanə Mehdi-F.B) da yazmışdı,- deyir.
Qonaq otağına keçirik. Narıngül iki daşın arasında vaxt tapıb özünə
düzən verir. Bir qədər ordan-burdan söhbət edib mətbəxə keçirəm.
Özümü sərbəst aparıram. Ailə ilə qonşuluq və dostluq münasibətim
var axı. Amma bu o demək deyil ki, mən özümün qonaq statusumdan
sui-istifadə edəm. Üstəgəl də çağırılmamış, qəfil qonaq olasan...
Mətbəxdə səliqə-sahman var.
- Qaynanan səni o qədər də istəmir, amma hazır yeməyimiz
var,– Narıngül qonağının qeydinə qalır.– İşdən birbaşa
gəlmisən?..
Çay süfrəsinin arxasındayıq:
-"Qobustan"da vəziyyət necədi?- işlədiyi jurnalı nəzərdə
tuturam.
- Yaxşılıqdır. Əli Əmirlidən müsahibə götürmüşəm, indi elə onu
hazırlayırdım.
Beləcə, söhbətə körpü salırıq. Mirzə ilə ilk tanışlıqlarını
soruşuram:
- Sən Oğuzdan, Mirzə Cəlilabaddan. Ulduzlarınızın
barışmasında nə rol oynadı? Mirzə səni ilk dəfə harda gördü, necə
oldu səni bəyəndi? – qıcıqlandırmaq istəyirəm.
- Nə bilim, kim nə bilirdi ki… Mirzə "Ulduz" zavodunda mühəndis idi
biz tanış olanda. Mənim tələbə yoldaşım vardı, rəfiqə idik. O,
Mirzənin dostu ilə sevgili idi. Görüşürdülər. Sonra da
nişanlandılar. Bir dəfə görüşə gedəndə məni də özüylə apardı. Bax
onda o da dostu Mirzə ilə gəlmişdi görüşə. Beləcə, tanış olduq.
Sən evdə tapılırsan ki…
- Yalan demirsən ki? Bəlkə rəfiqən deyib ki, adaqlımın yaxşı bir
dostu var, gəl, səni tanış eləyim, sən də razılıq veribsən,
sözləşmisiz…
- Yox, Allah haqqı, elə söhbət-zad olmayıb. Sadəcə, təsadüfən
alındı. Və bağlandıq bir-birimizə. Sonra ara-sıra görüşdük,
bir-birimizi tanıdıq. Qəribəsi o oldu ki, rəfiqəm bunun dostu ilə
ailə həyatı qurmadı, amma bizim iki uşağımız var. Oğlumuz Nihat
Neft Akademiyasını bitirib indi hərbi xidmətdədir. Qızımız isə
İqtisadiyyat Universitetinin 3-cü kurs tələbəsidir.
- Narıngül, sənin çay dəmləməyin heç nə. Çayın belə tamlı olmasında
yəqin ki, Aynurun əməyi var.
- Yox, vallah, özüm dəmləmişəm. Aynur ev işlərində mənə kömək edir,
düzdü.
- Sən evdə tapılırsan ki... AYB-də tədbir, iş –güc... Özünü az
təriflə. Mirzənin saqqızını necə oğurladın?
- Mirzə mənim xəyalımdakı adam idi. Gələcək həyat yoldaşımı necə
təsəvvür etmişəmsə, bu o idi.
Şeir yazmağımı yoldaşımdan gizlətmişdim
Söz-sözü çəkir. Mirzənin onun şeir yazmasına münasibəti ilə
maraqlanıram.
- Mirzə ilə ailə qurana qədər bilmirdi ki, şeir yazıram. Aramızda
kitabdan, şeirdən söhbətlərimiz çox olurdu. Amma şairliyimi
bilmirdi. Deməmişdim ona. Amma hər görüşə gələndə qoltuğumda
qəzetləri görürdü. Bir də ailə qurduqdan sonra mənim qəzet almağıma
təəccüblənmişdi.
Bu arada Mirzə söhbətə qoşulur:
- Doğrudur, şeir yazmağını bilmirdim. Amma bilsəydim, guya nə
olacaqdı? Desəydim yazma, yazmayacaqdı? Heç deməzdim də axı… Yazı
elə şeydi ki, əgər səndə bu istedad varsa, ona qadağa qoymaq olmaz.
Siyasətlə maraqlanırdı. Mitinqlərə gedirdi. Onda bütün tələbələr
aktiv idi. Xalq Azadlıq Hərəkatının mitinqləri idi də, getməmək
olmazdı.
- Narıngül xanım, beləcə mitinqlə, qəzetlə "Ulduz"
zavodunun gənc mühəndisinin ulduzuna çevrilə bildin.
- Yox, vallah, o özü mənim xəyyalarımdakı ağ atlım idi, gəlib
çıxmışdı. Bütün parametrləri xəyalımdakı oğlanla bir idi. Amma
sonra ayrıldıq...
- Niyə? Sənin qrup yoldaşların, heyranların vardı, Mirzənin
yolunu kəsdilər ki, bizim qızın dalıyca niyə gəlirsən? O da
getdi?
- Yox e, sən də bir kino çıxartma burada. Nə heyran, nə qrup
yoldaşı… Mirzə mənə dedi ki, elçi gəlməyəcək səndən ötəri. Qoşul
mənə, qaçaq. Mən də belə ailə qurmağı istəmirdim. Oxumağa gələndə
anama söz vermişdim ki, qoşulub qaçmaq, icazəsiz ailə həyatı qurmaq
olmayacaq. Bu belə istədi, mən də dedim ki, bizimki alınmayacaq.
Anama söz vermişdim. O da demişdi ki, belə bir iş tutsan, məni
unut. Qəbrimin də üstünə gəlməzsən. Ayrıldıq və düz 3 ay
görüşmədik.
- Yox, Narıngül, səninki sevgi deyilmiş. İlk nəvədən sonra nənənin
nəvədən ötəri ürəyi atlanacaqdı və bağışlayacadı səni…
Qayınatam "blatnoy" kişi idi
- Yox, sən nə deyirsən? Mirzəni çox istəyirdim. Amma edə bilməzdim
elə…
Mirzə aydınlıq gətirir:
- Biz böyük ailəydik. 11 uşaq, ata-ana. Atam kitabxana müdiri
işləyirdi, 90 manat maaş alırdı. Üstəgəl, bütün uşaqlar ali təhsil
alırdı. Mənə qədər və məndən sonrakılar da oxuyurdular. Atam
təssərrüfatla bu boyda ailəni yola verirdi. Bu yandan da qardaşıma
təzə toy etmişdilər. Evdəkiləri artıq xərcə salmaq istəmirdim. Elə
bunları da... Hər şeyi özüm edəcəyəm, deyirdim.
Razılaşmadı.
Narıngül:
- O üç ayı çox ağır keçirtdim. Dərsə, dərsdən evə, mitinqlərə
gedirdim ki, başımı qarışdırım. Həmişə də yanımda onu xəyal
edirdim. Amma mənim qayınatam bunu bilən kimi qərar qəbul edib ki,
elçi gedəcəm. Rayondan oğlanlarına baş çəkməyə gəlibmiş. Mirzənin
qardaşından soruşub ki, bəs niyə bu, son vaxtlar belədir, heç kəsə
yovuşmur, fikirli gəzir. Qardaşı da deyib ki, Vartaşendən (indiki
Oğuz. – F.B.) qız istəyir.
Mirzə gülümsəyir:
- Atam dedi ki, mütləq elçi gedəcək. Yolun uzaqlığı, get-gəl. Amma
yadıma düşdü ki, kişi bir qapıya bir dəfə gedir. Almamış geri
qayıdan deyildi. Tədbirli, hazırlıqlı, oxumuş ağsaqqal idi.
Narıngül ötən günlərinin ağuşundadır:
- Bir də gördüm, telefon zəng çaldı. Dəstəyi qaldırdım. Buydu.
Salamsız-zadsız soruşdu ki, sizin kəndin adı nədir? Dedim. Kişi –
rəhmətlik qayınatam "blatnoy" kişi idi. Sözübütöv və zəhmli. Elə
həmin günün səhəri Oğuza yola düşmüşdü.
Bizi ailə kimi tanımırdılar
- Toyumuz oldu. Əvvəlcə Mirzənin qardaşının evində qaldıq. Sonradan
özümüzün evimiz-eşiyimiz düzəldi. Əvvəllər bizi heç ailə kimi də
tanımırdılar. Harada olsaq, harada yaşasaq da qonşular bizi
bacı-qardaş biliblər. Bəziləri isə sevgili kimi tanıyıb bizi.
Birinin ağlına gəlmirmiş ki, biz ər-arvadıq. Çox mehriban olmuşuq,
indiyə kimi mübahisəmiz, dava-dalaşımız olmayıb.
Uşağı oxlovla döyüb
- Yəni, çayı gec verəndə, yeməyi gec gətirəndə, köynək
ütüsüz olanda durub başını sığallayıb, deyib, çox sağ ol, get şeir
yaz, bunlar olmasa da olar?
- Axı elə şey olmayıb ki, onun qanı qaralsın. Dediklərinin hamısını
vaxtlı-vaxtında edirdim. İşdən yorğun gəldiyi vaxtlar olurdu. O
yatırdı, mən köynəyini yuyub qurudurdum, ütüləyirdim.
Mirzə yenə də söhbətə qoşulur:
- Bir dəfə mübahisəmiz olub. İşdən gəldim, gördüm Aynur yoxdur
ortalıqda. Soruşdum qız hanı? Dedi evdə. Baxdım ki, uşaq çarpayının
altında büzüşüb qalıb. Əsəbiləşdim yaman. Bax, onda mübahisəmiz
düşüb. Sən demə, avtobusda uşaq buna cavab qaytarıb. Bu da evə
gələn kimi oxlovu götürüb uşağı tənbeh edib.
Qaynanam deyir ki, oğlumu əlimdən aldın
- Mirzə sakit təbiətli adamdır. Baxtın gətirib də, incitməyib heç
səni…
- Əvvəllər - təzə tanış olanda dedim ki, bundan yekəxana,
özündənrazı adam yoxdu. Doğrusu, elə adamlara heç hörmətim olmayıb.
Sonradan hər görüşüb kinoya, nə bilim gəzməyə gedəndə görürdüm yox,
bunda açılmayan, oxunmayan alt səhifələr var. Cəlilabada da, Oğuza
da tez-tez gedirik. Bütün Novruz bayramlarını Cəlilabadda
keçirmişik. O tərəf buna çox həssasdı. İl boyu get, elə ki, bircə
axır çərşənbədə, bayramda olma, deyəcəklər - gəlmədi. Oğuza
getməyimizi eşidəndə qayınanam deyərdi ki, oğlumu əlimizdən aldın,
apardın.
- Qaynana-gəlin söhbəti əzəli və əbədi mövzudu. Nə oldu,
oğlunu yaxandan yuxarı keçirəndə yaxşı arvad idi, gileylənəndə pis
oldu?
- Yox, Allah eləməsin. Mənim qaynanam demokratik qadındı.
Gəlinlərinin heç birini incitməyib. Hər kəsi yola verib,
bilmədiklərini öyrədib, ev-eşik, oğul-uşaq sahibi edib.
Öz kisəsindən yeyən qonaq
Komüterin qoyulduğu stolda kitablar var. Baxıram. Borxesin
hekayələri, Xalid Hüseyninin "Çərpələng uçuran"ı, Zəka
Vilayətoğlunun "Şah ölüm"ü və Cavid Zeynallının
"Leyla"sıdı.
- "Zero" kitab evindən almışam. 2-3 gün olar. Oxuyacam deyə, əlimin
altında saxlamışam.
- Qışnan, şaxtaynan aran necədir?
- Suyumuz neçə gündü gəlmir. Yenə Mirzə sağ olsun. İşlədiyi
zavoddan maşınında su gətirir. Mən də onun xoşladığı yeməkləri
bişirib, qulluğunda dururam.
- Nəyi xoşlayır? - Mirzə üçün fərqi yoxdur, daşdan yumşaq nə versən
yeyəcək. Hələ yemək üstə bir söhbəti, verdiyi təklif olmayıb. Özüm
isə dovğanın ölüsüyəm. Tez-tez bişirirəm.
Mirzə zarafatla:
- Mənim üçün yeməyin fərqi var, niyə yoxdu ki? Dolmanı və plovun
bütün növləri ürəyimcədi...
Beləcə, söhbətmizin sonu yemək-içməklə, mətbəxlə yekunlaşır. Evin
sahibəsi yenidən süfrə açmaq istəyir, razılaşmıram. Vaxtsız, özü də
qəfil gələn qonaq öz kisəsindən yeyər deyib, xudahafizləşirəm.