25-ci "xata"nın sakinlərindən biri də 23 yaşlı Şəhriyar
idi. İsmayıllıda doğulmuşdu. İslam Universitetinin məzunu idi. Amma
namaz qılmırdı. Səbəbini soruşmuşdum, demişdi ki, bu boyda
haqsızlığa Allah-taala göz yumduğuna görə, mən də acığa düşüb ona
belə etiraz edirəm. Kamerada namaz qılan toyuq-cücə oğruları,
narkotik maddə satan və istifadə edənlər, qadınların boynundan
qızıl zəncirləri qapıb qaçanlar Şəhriyarın bu sözündən "hirslənir",
ağız-ağıza verib onu qınayır, Allahın səbrinin böyük olduğunu və
bir gün ona gəstərəcəyini deyirdilər.
Allah niyə onu görmür?
Şəhriyar isə aramla, yaşına uyğun olmayan təmkinlə:
- Gördüm o səbri, məni şərləyib tutan o "osobist" indi
polkovnik-leytenantdı. Qorxaq küçüyün biri idi. Amma nakişilik
etməkdə ona tay yoxdu. Allah niyə onu görmür? Bundan artıq mənə nə
göstərəcək?
- Göstərəcək,- deyirdilər.
Şəhriyar isə asi olmaqda davam edirdi:
- İnana bilmirəm. Qardaşlar, siz də inanmayın. Bax, sən Zaur, nə
etmisən? Bir-iki dəfə qadının, qızın boynundan zəncirini,
qulağından sırğasını qoparmısan və burdasan. Haqq da edib tutublar
səni. Səndən də böyük cinayət edənlər var, amma Allah onlara tərəf
heç gözucu da baxmır. Niyə, bilirsən?
Zaur hər dəfə bir cavab verirdi və o qatı cinayətkarın, dövlət
malını mənimsəyənin və ilaxırın niyə tutulmadıqlarını özünə məxsus
tərzdə əsaslandırıdı. Və beləcə, günlər bir-birini əvəz edirdi…
Kimdir o "osobist"?
Yaxşı, bəs Şəhriyar niyə Bayıl türməsinin 25-ci kamerasında
artıq il yarımdır ki, istintaq altında oturub? Bəs kimdir iki il
müddətinə kapitan rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər
yüksələn "osobist"? Və Şəhriyarın ehtimalına görə, bu iki il
müdətində o neçə nəfəri bədbəxt edib?
Yaddaşımın və artıq saralmış vərəqlərdə can çürüdən qeydlərimin
bələdçiliyi ilə o günlərə nəzər salıram. Şəhriyarın soyadını
unutmuşam. İndi o, sözsüz ki, azadlıqdadır, əgər özünün dediyi
kimi, içəridə əlindən bir qələt çıxmayıbsa.
"Azadlığa çıxandan sonra fərli-başlı iş tapa bilməsəm, mollalıq
edəcəm",- deyirdi Şəhriyar. Mənim içimdə belə bir qənaət və inam
var ki, atasının profilaktoriyasında işləmirsə, əzik maşınları
düzəldib rəngləmirsə, yəqin ki, indi qulaqları vay-şivən səslərinə
köklənib.
Üç erməni vurmuşam
Mətləbdən uzaq düşməyək. Şəhriyarın mənə danışdıqlarından
sizlərə də bir qədər söhbət açım.
"Universiteti bitirib hərbi xidmətə çağrıldım. Ağdərə tərəfdə
düşmənlə təmas xəttində olmuşam. Ara-sıra atəşkəs pozulurdu. Açığı,
itkisiz olmasını arzulayaraq atəşkəsin pozulmasını səbirsizliklə
gözləyirdik ki, erməniyə gücümüzü göstərək. Televizorda, radioda
ordumuzun yenilməzliyi haqda danışıqlar bizdə belə təəssürat
yaratmışdı ki, həmin yenilməzlər hardadırsa, başqa hərbi
birləşmədəkilərdir. Biz deyilik. Və bu atəşkəsin pozulmasında biz
də özümüzü göstərmək istəyirdik. Atəşkəs baş tutanda həmişə diqqət
kəsilmişəm, hara gəldi güllə boşaltmamışam. Şübhələndiyim,
hərəkətdə olan qaraltıya atəş açmışam. Axı onlar da çox vaxt
başlarını səngərdən çıxartmadan bizim postları atəşə tuturdular.
Mən əminəm ki, ən azından üç erməni vurmuşam. Çünkü mənim atəşimdən
sonra o tərəfdə təşviş, hay-haray olurdu. Bir qədər sonra
qəzəblənib yenidən bizi atəşə tuturdular və "düşmən yenidən cavab
atəşi ilə susdurulurdu". Düşmənin itki verməsi xəbərini isə hər kəs
özünün gülləsinin "məhsulu" kimi qəbul edirdi. Artıq xidmətin çoxu
arxada qalmışdı. Ali təhsilli olduğum üçün mənimlə eyni çağırışdan
olan dostlardan evə tez getməyim ürəyimcə deyildi. 3 aydan sonra
buraxılacaqdım, budur, artıq 3 ilə yaxındır ki, evdən çıxanam.
"Bəs necə oldu, səni Vətənə xəyanətdə, düşmənlə əlbir olmaqda
ittiham etdilər?" - sualıma dilini çıxardıb, barmağı ilə ucuna
döyəcləyib, sonra demişdi: "Bunun zibilinə düşmüşəm, bunu zəhrimara
qalsın".
Sonra da özünün hekayətini danışmışdı
"Cavan çağırışçılar vardı. Biz köhnələrə qibtə ilə baxırdılar.
Hər dəfə postdan gələndən sonra ətrafımıza toplaşır, biz də
yalandan düşmənin təmas xəttini keçib, onları təpiyin altına salıb
döyməyimizi, erməni qızları ilə kef çəkməyimizi danışırdıq.
İnanırsan ki, bizim ağla gəlməyən nağıllarımıza inananlar daha çox
olurdu? Ancaq onlara dəfələrlə tapşırırdıq ki, bunları heç kimə
deməyin. Xəbərçilik yaxşı şey deyil. Nə bilək, içərilərində ali
təhsilli birisi varmış və hansısa böyük partiyanın üzvü imiş,
karyerasını da elə buradan qurmağa planlaşdırıbmış. Mənim guya
erməni ilə aprel ayında tutluqda tut yeməyimi gəlib "osobist"ə
danışmışdı. İnanırsan, müəllim, aprel ayı, Ağdərə, tut ağacı. Hələ
ağaclar təzəcə tumurcuq vururdu həmin ərəfədə. Nə isə, getdik
fələyin qəminə..."
500 dollara azadlıq
Şəhriyarın danışdıqlarından belə məlum oldu ki, həmin xəbərçi
əsgərin sözlərinə görə üç nəfər əsgəri gecə ilə aparıblar xüsusi
şöbəyə. Sorğu–sual eləyiblər:
"Hər üçümüz boynumuza aldıq ki, uşaqlara belə söhbət etmişik. Bu
bir zarafat idi. Lakin inanmadılar. Hərbi müstəntiq məndən 5000
dollar pul istədi. Kasıb adamıq, tapıb verə bilmədik. Razı da
deyildim pul verməyə. Hər axşam məni döyürdülər. Axırda 500 dollara
düşdülər. Yenə də "yoxumuzdur" dedim. Və beləcə atdılar içəri.
Şəhriyar doğurdan da haqsızlıqla qarşılaşıb
Tədqiqat aparılıb, mütəxəsislər danışdırılıb, ifadələr alınıb.
Bütün ifadələrdə həmin ərazilərin minalanmış olduğu göstərilib.
Hərbi hissənin komandiri, taqım komandiri əsgərlərini qoruya
bilməyib. Onları da günahlandırıblar ki, siz özünüzün günahlarınızı
ört-basdır etmək üçün onları qoruyursuz. Aprel ayında tut ağacının
məhsul vermədiyini və onların tut yemək üçün ora düşməsinin də
mümkünsüz olduğu deyilib. Hətta AMEA-nın Biologiya inistitutunun
mütəxəssisləri də rəy veriblər ki, bu ərəfədə ağaclar ancaq
yarpaqlayır, məhsul vermir. Lakin bir əsgərin çuğulluğu üç nəfərin
həbsi ilə nəticələnir. Şəhriyar deyir ki, mən hələ belə acgöz insan
görməmişdim. Məndən, daha doğrusu, valideynlərimdən pul tələb
edəndə atam "profilaktoriya"sını satmaq istədi ki, pulu müstəntiqə
versin. Qoymadım, dedim, elə etsən, özümü asacam. Müstəntiq açıq
dedi ki, səni bağırda-bağırda tutacam.
3 camışa başa gələn azadlıq
O, danışırdı, mən isə fikirləşirdim ki, belə Xüsusi şöbə
əməkdaşı, müstəntiqi olan ordu heç vaxt qalib gələ bilməz. Mütləq
təmizlənmə işləri aparılmalıdır.
Şəhriyar deyirdi ki, atam indi işimə baxılan Hərbi tribunalın
hakimlərinin biri ilə görüşüb, kömək istəyib. Həqiqətin bizim
tərəfimizdə olduğunu deyən həmin yaxşı adam, atama deyib ki, "sənin
oğlun mütləq tutulmalıdır. Əgər ona bəraət verilsə, gör neçə nəfər
hüquq-mühafizə işçisi məsuliyyətə cəlb olunar? Demək, belə məlum
olar ki, bu adamların heç biri işinin öhdəsindən gələ bilmir. İndi
həmin "osobist", müstəntiq, onların rəisləri hamısı çəkici bir mıxa
döyür ki, sənin oğlun günahkar bilinsin və həbs olunsun".
Şəhriyar hər məhkəməyə getdikdə gəlişini səbirsizliklə
gözləyirdim. Görəsən nə olacaq? Komandirlərinin onun tərəfində
olmasını, elə bir hadisənin baş verməsinin mümkünsüz olduğunu desə
də, məhkəmə Şəhriyarı günahkar bilib, 13 il müddətinə azadlıqdan
məhrum etdi. O ki qaldı onunla birlikdə həbs olunan iki nəfər
əsgərə, onların valideynləri işi yerindəcə "boğubmuş". Sən demə,
onlar erməni tərəfə keçmirmiş, sadəcə, Şəhriyardan şübhələnirmişlər
və onunla ona görə dostluq edirmişlər ki, onun əməllərini ifşa edə
bilsinlər.
Məhkəmədə o uşaqlardan biri, Lerikdən olan əsgər ifadə verib ki,
bizi "osobist" öyrətdi ki, belə ifadə verək, deyilən ittihamlar
yanlışdır. Onu da qeyd edib ki, atam 3 camış satıb pulunu
"osobist"ə veribmiş…