Hər bir xalqın mənəvi-dini
dəyərlərə nə qədər önəm verməsi, yaşadıqlarını müəyyən dəyərlər
sistemi içərisində dəyərləndirə bilməsi vacib şərtlərdən biridir.
Allah-bəndə münasibətləri, günahla günahsızlığın sərhədlərini
müəyyənləşdirə bilmək və s... Bütün bunlar haqqında "Yağmurun
qonaqları" rubrikasında qonağımız olan İlqar İbrahimoğlu ilə
söhbətləşdik.
- İlqar bəy, Samuel Hantinqtonun sivilizasiyalarası
rəqabət nəzəriyyəsi bir çoxları tərəfindən inkar olunsa da, hər
halda sivilizasiyalar, İslam və xristian mədəniyyətləri arasında
rəqabət elementlərini inkar etmək olmaz. Sizcə, nədən bu gün İslam
mədəniyyəti xristian ölkələr qarşısında iqtisadi, siyasi idarəetmə,
sosial münasibətlər, insan rifahı və azadlıqları baxımından geri
qalmış durumdadır? Bu məsələdə dinin yeri, təsirləri nə qədər
əhəmiyyətlidir?
- Sizi salamlayıram və maraqlı
sualınıza görə təşəkkür edirəm. Hantinqton 20-ci əsrin 90-cı
illərində dünya ictimai rəyini özünə çəkə bilən strateqlərdən biri
olub. Onun düşüncələrinin təsir imkanlarını dəyərləndirmək üçün
postsovet mərhələsinin yeni konseptual ideya tələbatlarına
əşhədü-ehtiyac yarandığı dönəmin məhsulu olması da diqqətdən
qaçmamalıdır. Müəyyən mənada Hantinqtonun doktrinası soyuq
müharibənin bitdiyi mərhələdə qarşıdurma xəttinin mövcudluq
fəlsəfəsinin yaşadılmasına yönəlmiş konseptual yanaşma idi. Yəni,
"soyuq müharibə" bitsə də, yeni qarşıdurmalar hələ qarşıdadır,
fikri Hantinqtonun doktrinasının ana xətti bu idi. Buna hazır olmaq
lazımdır. Mövzunun mahiyyətinə gəldikdə isə, sivilizasiyaların
toqquşması anlayışının nə qədər düzgün ifadə olmasının özü sual
altındadır. Bəzi ekspertlər hesab edirlər ki, bəşər özlüyündə ümumi
sivilizasiyadır və bu kimi bölgü müəyyən mənada diskriminasiya
xarakterlidir. Digər tərəfdən, Qərb və İslam sivilizasiyalarının
toqquşmasını və yaxud rəqabəti, süni surətdə formalaşdırılmış
yanaşmanı İslam və Xristian mədəniyyətlərinin arasında toqquşmaq
faktı kimi təqdim etmənin özü ciddi məntiqi yanaşmadan çox,
populist və demaqoji yüklü bir fenomendir. Belə ki, bu gün Qərb
dedikdə, yekcins bir kateqoriya anlamında danışmaq yersizdir.
Müsəlman və Şərq dünyasını da İslam dünyası kimi yekcins təqdim
etmək kifayət qədər qeyri-elmidir. Üstəlik, müsəlman və Şərq
ölkələrinin, müəyyən istisnalarla, İslam paradiqması ilə
daban-dabana zidd durumu, onların İslam dünyası kimi təqdimatını
xüsusilə ciddi sual altına alır. İslam və etnik müsəlmanlıq
arasında fərq və məsafə yetərincə böyükdür.
Digər tərəfdən, bu doktrinal yanaşmada Qərb paradiqmasını
xristian mədəniyyəti ilə eyniləşdirmək, ardınca da İslam dünyası
ilə toqquşma və rəqabət kimi təqdim etmə - bu qəbildən qeyri-elmi
və daha çox postsovet dönəminin geopolitik strateji tələbatlar
konyukturuna uyğun kimi görünür. Belə ki, bu gün Qərb paradiqması
xristian mədəniyyəti ilə daban-dabana ziddiyyət təşkil etməkdədir.
Amma bu qarşıdurmanı və daha dəqiq desək, bu böhranı öz adı ilə
adlandırmaq istəsək, bu kimi sistemləşdirmək olar ki, əsrlərlə
istismarçılıqla məşğul olan bir sıra dövlətlərin və məhz onların bu
davranışının nəticəsində ciddi geriliyə məruz qalmış 3-cü dünya
ölkələrinin mənafelərinin toqquşmasından söhbət gedə bilər. Əgər
belə bir konseptual formatlaşdırma qəbul olunsa, kütləvi qırğın
silahlarından qlobal təhlükəsizlik sisteminin qurulması ilə
analogiyaya uyğun olaraq, bəşəriyyətin qütbləri arasında
qarşıdurmanı əngəlləmək və aradan aparmaq üçün uzunmüddətli
sığortalanma yollarının axtarışı təşəbbüslərinə rəvac verilər.
Hansı ki, indi sivilizasiyalararası qarşıdurmanı imitasiya edərək
və bu imitasiyanın gündəmə gəlməsi, qalması üçün milyardlar
xərcləyərək, nəhəng resursları bu proqramın girovuna
çeviriblər.
Burada onu da qeyd etməliyik ki, 20-ci əsrin sonları üçün aktual
görünən və müəyyən mənada qarşıdurmaları və yeni-yeni istismar və
işğalları ideolojiləşdirən və yeni qarşıdurma konstruksiyalarını
meydana gətirən bu yanaşma, müəyyən mənada öz ilkin generatorluğunu
itirməkdədir. Bunun ilkin ştrixləri oğul Corc Buşun radikal neokon
baxışlarının girovuna çevrilmiş dünyanın qlobal etirazları və
ifşaları idisə, son illərin yeni gerçəkliklərindən olan "Ərəb
baharı" və İslam oyanışı ilə səciyyələnən yeni bir fenomen tamamilə
fərqli bir matritsaya təkan verdi.
Görsənən budur ki, bu gün əsrlər boyu doqma halına salınmış və
az qala "din" kimi təqdim olunan doqmosekulyarizm və ümumən
doqmomodernizm, öz finiş mərhələsini yaşamaqdadır. Çoğrafiyasından
asılı olmayaraq, azadlıqlar, insan haqları, demokratiya - yeni
paradiqmalarda öz təzahürünü tapmaqdadır. Düşünürəm ki, mənəviyyat
və inanc paradiqması da günün ən böyük tələbatlarından birinə
çevrilməkdədir. Modernizmin bütün doqmatik mahiyyətini və
birtərəfli inkişafını açan eqzistensial böhran, həndəsi silsilə ilə
öz təsirini qoymaqdadır. Təbii ki, bütün bunlar, yeni paradiqmal
duruma gətirib çıxarır. Bu mənada, bütün dünya üzrə dəyərlərdə
mühafizəkarlığın və tərəqqidə çağdaşlığın sintezi ilə səciyyələnən
vektor üzrə inkişafın potensialı daha da artmaqdadır.
Sualınızın son hissəsinə gəldikdə isə, onu deməliyəm ki,
müsəlman toplumlarının geriyə qalma səbəbi - sözün həqiqi mənasında
İslami kimliyi yaşatmamaqdan irəli gəlir. Günümüzdə də, yeni
paradiqmaların meydana gəldiyi bir zamanda, İslam təlimi bazisində,
mənəviyyat üzərində, azadlıq diskursunda yaranacaq paradiqmalar ən
ciddi passionar mühərrik roluna malikdir.
Hər kəsin haqqı səy və təlaşına görə tam surətdə
ödənəcək
- Bütün dinlərdə deyilir ki, biz bu dünyaya imtahan üçün
gəlmişik, Allah adildir, ədalətlidir. Bu halda necə olur ki,
insanların biri ağır, digəri isə asan imtahan olunur? Qərb
cəmiyyətində yaşayan bir müsəlman həyatını sürmək üçün yalan
danışmağa, riyakar olmağa, oğurluğa islam ölkələrnin insanı qədər
məcbur edilməyib. Bizim insanın yerinə olsaydı, bəlkə o daha artıq
günaha batardı, ancaq onun şansı onda idi ki, daha rahat bir ölkədə
doğulub. Bu baxımdan imtahanın adilliyi nədə ifadə
olunur?
- Maraqlı sualdır. İlk olaraq sualı hissələrə bölək. Bəli, bütün
İlahi dinlər İlahi ədaləti və insanların dünyaya imtahan üçün
gəldiyini buyurur. Lakin asan və ya çətin imtahan anlayışları bir
qədər açıqlanmalıdır. İslam inancına görə, insanın başlanğıc
imkanlarına görə, onun imtahanları və mükəlləfiyyəti müəyyən
edilir. Bundan əlavə, start vəziyyətindən başlayaraq, imtahanlardan
çıxıb gəldiyi son durum dəyərləndirilir. Haraya çatmaqla deyil,
haradan haraya və hansı şəraitdə və hansı imkanlarla çatmaq kimi
kompleks formada onun yekun durumu Qiyamət günü dəyərləndirilir.
Hər insanın, mühitin və şəraitin spesifikliyinə görə individual
dəyərləndirmə olacaq. Hər kəsin haqqı səy və təlaşına görə tam
surətdə ödənəcək. Daha yüksək başlanğıc imkanları olan və münbit
şəraitdə yaşayan insanların da adekvat olaraq imtahan və
sorumluluqları da fərqli keyfiyyətdədir. Dəyərləndirilmə də ona
uyğun olacaq.
Bu mənada, İslam inancında olan insan, hər şeyin – xeyrin də,
şərin də – zərrəsinə qədər nəzərə alındığına əmindir. Onun üzərinə
düşən mükəlləfiyyət - Allah dərgahında əlindən gələni etmək və
yerdə qalanda Allaha təvəkkül etməkdir.
Ədalət - hər şeyin öz yerində olmasıdır. Hər kəsin haqqının
ödənməsidir. Hər bir insanın da start imkanlarının, ona adekvat
imtahanlarının, çalışma və səylərinin kompleks halda
dəyərlədirilməsi də son zərrəsinə qədər nəzərə alınacaq, ədalət
üzərində ödəniləcək.
Bu toplumlarda İslami kimlik, mahiyyət etibarilə
yaşanmır
- Görünən odur ki, müsəlman olmağa iki cür
yanaşma var. Birinci, daha geniş yayılan odur ki, fərdi qaydada
dinin tələblərinə əməl edilərək mömin olmağa çalışılır. Məsələn,
namaz qılır, oruc tutur, yalan danışımır, günah əməllərdən uzaq
durulur, harama bulaşılmır. Ancaq cəmiyyətdə baş verənlərə seyriçi
qalır. Digəri isə odur ki, bütün bunlara əməl edir, ancaq həm də
Qurani-Kərimin buyurduğu ictimai xarakterli öhdəliklərə də əməl
etməyə çalışır. Məsələn, zülm varsa, ona qarşı laqeyd qalmır,
mücadilə aparır. Sizcə, gerçək müsəlmanlıq anlayışına bu
yanaşmalardan hansı uyğun daha uyğundur?
- Fikriniz və müşahidəniz maraqlıdır. Amma kimin necə
yanaşmasından asılı olmayaraq, İslam inancına görə, Allah qatında
insanın mükəlləfiyyəti tam və bütöv olaraq mövcuddur. Bu, ilk
olaraq başlanğıc, mövcudiyyət, sonuc və nə etməli kimi
müstəvilərdə, İlahi koordinat sitemində öz üzərinə düşəni həyata
keçirtməkdir. Bu mənada, namaz və ictimai ədalətin təmininə
çalışmaq - fərqli deyil, əslində, eyni mahiyyətli, yəni Allaha
bəndəçilik mahiyyətini özündə ehtiva edən əməldir. İslamın əməl
konsepsiyasına daxil olan 10 fundamental kateqoriyanın təhlili
göstərir ki, buraya namaz, oruc, zəkat, həcc kimi vacib ibadətlər
daxil olduğu kimi, yaxşılıqlara dəvət (əmr-be-məruf) və
pisliklərdən çəkindirmək (nəhy-əz-münkər), təvəlla və təbərra
(Allaha görə dostluq və düşmənçilik etmək) kimi, sırf ictimai
ədalətə yönəlik vacib əməllər də daxildir. Namazın da, ictimai
ədalətin təminin ruhunun da əsasında tövhid, yəni təkallahlıq
dayanır. İstər maddi bütlərin, istərsə də qeyri-maddi bütlərin
qəbul olunmamaması və imtinası tövhidə dayaqlanır.
Etnik müsəlman toplumlarında, qeyd etdiyiniz müşahidə ona görə
yaşanır ki, bu toplumlarda İslami kimlik, mahiyyət etibarilə
yaşanmır.
İnsan, yalnız onun iradəsindən asılı olan davranışına
görə məsuliyyət daşıyır
- Qurani-Kərimdə belə bir ayə var ki, Allah istədiyini
doğru yola yönəldər, istədiyini isə azdırar. Əgər məsələ Allahın
yönəltməsi ilə həll olunursa, o zaman bəndənin günahı nədir? Və ya
davranışlarımız xarakterimizə görədirsə, xarakter də doğuşdan
verilirsə, belə çıxmırmı ki, biz iradəmizdən asılı olmayan şeylərə
görə həm də cavab verməli olacağıq?
- İstəmək anlayışı bizim dilimizə tərcümədə özünün Quran
mahiyyətində dayanan iradəvilik yükünü müəyyən qədər itirmiş olur.
Burada determinizmin əksinə olaraq, Allahın iradəviliyindən söhbət
gedir. Təbii ki, Allahın iradəsi hikmət üzərindədir. Bu mənada
Allah öz iradəsini yalnız hikmət üzərində həyata keçirdir. Hikmət
üzərində iradənin həyata keçirilməsi isə bu mənadadır ki,
Allah gördüyü işləri Öz şəninə layiq və insanın vücudi
tutumuna uyğun olaraq həyata keçirir. Bu mənada, İslam inancı,
xüsusilə də Əhli-Beyt (ə) məktəbi cəbriliyi (məcburliyi) qəbul
etmir və insanı faili-muxtar (iradə sahibi olan varlıq) kimi qəbul
edir. İnsan, yalnız onun iradəsindən asılı olan
davranışına görə məsuliyyət daşıyır və onun sorumlusudur.
İnsanın proqramlaşdırıldığını düşünmək...
- İslamda belə bir inanc var ki, Allah sevdiklərini ağır
imtahan edir. Allah hər şeyin əvvəlcədən necə olacağını bildiyi
halda, nədən sevdiklərini, Onu sevənləri belə ağır sınağa çəkir?
Axı bəndənin bu sınaqdan çıxıb-çıxmayacağı, sevgisinin səmimiliyini
onsuz da onu yaradan bilir. Bu acının fəlsəfəsi nədir?
- İslam inancına görə, imtahan və sınaqlar - İlahi nemətdir.
Daha yüksək təkamül dərəcəsinə çatmaq üçün yaranan bir İlahi
fürsətdir. Ali zirvələri fəth etmək istəyənlər, hər imtahana fəthin
baş tutması üçün yeni bir fürsət kimi baxırlar. Hər yeni və ağır
sınağı, daha da böyük bir missiyanı həyata keçirtmək üçün yaranmış
qızıl bir imkan kimi dəyərləndirirlər. Bu mənada, Allah tərəfindən
hər bir insana, onun vücudi tutumundan irəli gələn imkanların və
potensialına uyğun olaraq adekvat sınaqların nəsib edilməsi -
insanın potensiallarının və imkanlarının realizəsi üçün fövqəladə
fürsətlər yaradır.
Allahın öncədən bilməsi isə, cəbrilik məfkurəsindən irəli gələn
yanaşmadır. Allahın elmi, insanların anladığı zaman və məkan
formatında olmadığı üçün, bunun zaman kontekstində
dəyərləndirilməsi yanlışdır. İnsan faili-muxtardır. Əməllərində
sərbəstdir. Öncədən onun nə edəcəyi proqramlaşdırılmayıb. İnsanın
proqramlaşdırıldığını düşünmək - İslam inancının ruhuna tamamilə
ziddir. İslam inancına görə, insan mükəlləf varlıqdır və öz
əməllərinə görə faili-muxtar olduğu üçün tam məsuliyyət
daşıyır.
İslam maarifçiliyi üçün fürsətlər çox
məhduddur
- Azərbaycanda kənardan gəlmə və idarə olunan
məzhəbçilik, təriqətçilik əhali arasında kəskin dini zəmində
parçalanmalara, hətta təfriqələrə yol açaır. Bir çox hallarda bu
təriqətlərin qarşısını inzibati yollarla almaq cəhdi fayda vermir.
Çıxış yolunu nədə görürsünüz?
- Ölkədə bütün sahələrdə olduğu kimi, din sahəsində də sağlam və
normal proseslərin getməsi üçün imkanlar yetərli deyil. Bu, həm
qanunveriicilik və həm də praktik sahədə belədir. Bu şəraitdə,
İslam maarifçiliyi üçün fürsətlər çox məhduddur. Üstəlik
Sovetlərdən qalma bolşevik yanaşma və dünyada son illərdə ayaq
tutmuş islamofobiya da, bu durumu yetərincə ağırlaşdırır. Buraya
son illərə qədər dini sahədə təhlükəli eksperimentlərin qoyulmasını
da əlavə etməliyik. O cümlədən, radikal elementlərdən istifadə etmə
oyunlarının həyata keçirilməsini də. Hal-hazırda baş verənlər -
illərlə bu sahədə yer alan dövlətçiliyə qarşı ziyankarlıqların öz
təsirlərini göstərməsidir. Nədənsə, hamı nəticələrdən danışır.
Burada isə, səbəblərdən danışmaq daha doğru və təsirli olardı.
Bəzən bu durumun meydana gəlməsində iştirak edənlər də nəticələrdən
danışır və qınayır.
Hər halda, ölkədəki dini durumun vəziyyətinə ölkədə ümumi olaraq
baş verənlərin də birbaşa təsiri var.
Çıxış yolunu insan haqları və azadlıqlarının təminində,
qanunvericilk səviyyəsində yer alan din azadlığı sahəsində ciddi
antikonstitutsion müddəaların yığışdırılmasında, maarifçilik
imkanlarının bərpasında, telekanallarda dini senzuranın və
reqlamentləşdirmənin yığışdırlmasında və ümumən ölkədə demokratik
potensialın artırılmasında görürəm.
- Ateizm gənclər arasında sürətlə yayılır. Hətta bir
çoxları bunu azadlığın, müasirliyin, intellektuallığın əlaməti
hesab edirlər. Hətta bəziləri buna dəb kimi uyurlar. Niyə özünü
azad görmək istəyən insan İslamdan üz döndərməlidir? Allahın qulu
olmaq azadlığı məgər ölkə vətəndaşı olmaq azadlığından dada çox
məhdudiyyət gətirir?
- Bəndeyi-həqirdə belə bir müşahidə yoxdur. Əksinə, düşünürəm
ki, inanclılıq sözün gerçək anlamında, tam dominantlıq edir və
inancın praktikasına riayət edən insanların sayı, xüsusən də
cavanlar arasında həndəsi silsilə ilə artmaqdadır.Təbii ki, ölkədə
müəyyən marjinal qrup mövcuddur ki, bu istiqamətdə öz epataj yüklü
və nihilistik-dağıdıcı yüklü missiyalarını həyata keçirməyə
çalışırlar. Amma bu, daha çox görsəl xarakterlidir. İslam, inanc
olaraq Azərbaycan insanının ruhunun çox dərin qatlarında yer tutub.
Sözsüz ki, islamofobiya istiqamətində müəyyən manipulyasiyalar və
demaqojilər mövcuddur. Amma bu, daha çox marjinaldır. İslama
yönəliş - həm qlobal miqyasda və həm də ölkə miqyasında - bir
gerçəklikdir. Dünyada islamofobiya sürəcinin artması da, islami
identikliyin kifayət qədər artmasına gətirib çıxardıb. Burada
xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, xalq hərəkatının
amallarından biri də, İslami kimliyin intibahını həyata keçirmək
idi. Bayrağımızın mahiyyətində də, bu özünü təzahür etdirir.
Ən önəmlisi - Allahın bəndəsi olmaq səadətinə
çatmaqdır
- Və nəhayət... Facebook səhifənizdə yazmısız ki, İmam
Hüseyn (ə) özünü şəhidlikdən aşağı xərcləmədi. Bəs Siz necə,
həyatınızı nəyə xərcləyirsiniz?
- Öncə, təşəkkür edirəm ki, bəndənin facebook səhifəsinində bu
status diqqətinizi çəkib. Aşura günlərində yazılmış statusdur.
Adətən, minbərdə söylədiyimiz xütbənin özətini statuslarda təqdim
edirəm. Gerçəkdən də, Həzrət İmam Hüseyn (ə) zillətli həyatı qəbul
etməmiş və bunun üçün canını belə fəda etmək lazım gəldikdə edib və
ən ali Şəhidlik məqamına yetişib. Prinsipcə, Aşura məktəbinin ən
əsas mesajlarından biri də budur ki, iki seçim - zillətli həyat və
canı fəda edib şəhidlik məqamına qovuşma arasında qaldığınız zaman,
izzətli ölümlə nəticələnən seçimi ediniz, canınızı fəda etməyi
seçiniz, şəhidliyi seçiniz.
Bəndəyə gəldikdə isə Həzrət İmam Hüseyn (ə) məktəbinin şagirdi
olmaq istəməyi belə, özümə böyük şərəf bilirəm. Sözsüz ki, bizim
üçün həyatımızda ən önəmlisi - Allahın bəndəsi olmaq səadətinə
çatmaqdır. Və bu, yalnızca, Allahın buyurduğu ilahi sərhədləri
qoruyaraq mümkündür.
Allahdan diləyirik ki, bütün varlığımızı Ona bəndəçilikdə və
Onun sərhədlərinin qoruyaraq yaşamaqda qərar versin. Həqiqi
vücudi-qurtuluş buradadır.