ATV-də yayımlanan "Bu stil mənim" verilişi yenidən
tənqidlərə məruz qalıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən model
Günay Musayeva iştirakçı Günel Məmmədovanı tənqid edib və onu digər
iştirakçıları alçatmağa çalışmaqda günahlandırıb. Modelin
tənqidlərini qəbul etməyən G.Məmmədova göz yaşlarını saxlaya
bilməyib.
"Mən heç kimə deməmişəm ki, münsiflər məni dəstəkləyir və sizdən
üstünəm. Proqramda mənə qarşı haqsızlıq oldu. Mən demədiyim sözlərə
görə tənqid olundum. Haqsız sözlər qarşısında dözə bilməyib,
ağladım. Bu cür halla qarşılaşacağımı bilmirdim. Düzünü deyim ki,
haqsız yerə günahlandırılacağımı gözləmirdim. Sosial şəbəkədə hamı
bu hadisədən danışır, istər-istəməz pis oluram. Mənə dəstək
olanlara təşəkkür edirəm".
- Demədiyiniz sözə görə tənqid olunmağınızın səbəbi
nədir?
- Hələ də yaşananların səbəbini bilmirəm. Layihə rəhbərləri
düşündülər ki, bu addımları uğurlu olacaq. Amma alınmadı. Bu
mübahisə reytinq gətirmədi.
- Verilişdən sonra baş verən hadisəyə aydınlıq gətirməyə
çalışmadınız?
- Əlbəttə, layihə rəhbərlərinə yaxınlaşdım. Mənə dedilər ki, bu
cür olmasını istəmirdilər. Bütün bunları reytinq qazanmaq məqsədi
ilə ediblər. Millətin diqqətini çəkmək istəyiblər. Bir gündə üç
veriliş çəkdik. Bu həftə çəkilən verilişə məni güclə saldılar. Tam
hazırlaşmamışdım. Amma artıq o layihədə qalmaq istəmirəm, o
insanların qarşısına çıxmayacağam.
- Müsabiqədən öz istəyinizlə
uzaqlaşmısınız?
- Əlbəttə. Müsabiqəyə çıxmaq istəmirəm. Yarışmadan uzaqlaşdım.
Gələn həftə yayımlanacaq veriliş çəkilib. Tamaşaçılar məni gələn
həftə verilişdə görə biləcək. Ondan sonra proqramda
olmayacağam.
- Layihədə iştirakınıza görə, sizinlə müqavilə
bağlanmayıb? Müqavilə şərtlərinə görə, iştirakçı istəyinə görə
proqramdan uzaqlaşa bilməz.
- Layihə rəhbərləri ilə müqavilə bağlamışıq. Amma o müqavilə
əsassızdır. Yalan müqaviləni əlimizə veriblər. Müqavilə müsabiqədən
uzaqlaşmağıma problem yaratmaz.
- Valideynləriniz verilişdə başınıza gələnlərə necə
münasibət bildirdi?
- Valideynlərim məni verilişdə izləyirdilər, dəstək olurdular.
Valideynlərimi də əsassız tənqidlər əsəbləşdirib. Onlar bununla
bağlı tədbir görəcəklərini dedilər. Valideynlərim mənim bir göz
yaşım üçün dünyanı dağıdarlar. Mən də bir ata-ananın övladıyam.
Məni niyə ağlatmalıdırlar? Mənim arxamda böyük ailəm dayanır.
- Qızların verilişdə yersiz dava etmələri tamaşaçılar
tərəfindən birmənalı qarşılanmır. Hətta, məhəllə xarakterli
söhbətlər etdiyiniz bildirilir. Bu ittihamlarla
razısınızmı?
- Bu ittihamlarla razı deyiləm. Bizə verilişdə məcburən
deyilirdi ki, dalaşın, mübahisə edin. Onların dediklərini etməyəndə
bizi yarışmadan çıxardacaqlarını deyirdilər. Biz də müsabiqə üçün
çoxlu pul xərcləmişik. Pulumuzun batmasını istəmirdik. Verilişdə
dalaşsaq da, kənarda mehribanıq. Efir xətrinə mübahisə edirdik.
- Yarışmaya çoxlu pul xərclədiyinizi dediniz. İştirakçı
olmaq üçün pul ödəmisiniz?
- İştirakçı olmaq üçün pul ödəməmişik. Yol pulumuzu, Türkiyədə
qalmaq pulumuzu özümüz ödəyirik. Geyimlərimizə, hazırlığımıza da
çox pul xərcləyirik. Hər şeyi özümüz edirik. Bu günə kimi 15 min
manat pul xərcləmişəm. Tez-tez çəkiliş gününün vaxtını
dəyişirdilər. Biletlərimiz batırdı. Onun cəriməsini də
ödəyirdik.
- Münsif Günay Musayeva illərdir ki, Türkiyədə fəaliyyət
göstərdiyi üçün proqramda Türkiyə türkcəsi ilə danışır.
İştirakçılar da onunla Türkiyə türkcəsində söhbət edirlər. O
iştirakçılardan biri də sizsiniz...
- Bəli, Türkiyə türkcəsində danışırıq. Münsiflər rus dilində və
Türkiyə türkcəsində kəlmələr işlədirlər. Biz də çaşırıq.
Qarşımızdakı insan başqa dildə danışanda avtomatik biz də o dildə
cavab veririk. Buna görə bizi qınamalarını istəmirik. Ötən
verilişdə Günay xanım məni haqsız yerə ittiham edirdi. Mən də özümü
itirdim və çaşıb, Türkiyə türkcəsində cavab verdim.