"Kəsmə şikəstə"ni hamı
oxuyub, amma onun kimi oxuyan olmayıb... O səs bir başqa idi. Çox
adam oxuyur, amma o qadın bir başqa idi...
Xalq rəssamı Ağəli İbrahimov ANS TV-nin studiyasından "Baku
Film"ə qədər bu cümlələri dəfələrlə təkrar edir, maşında səslənən
bayağı mahnı isə onun sakit səsinə kobud notlarla çırpılırdı. Hər
cümləsində işlətdiyi "o qadın" Azərbaycan musiqisində dərin iz
qoymuş və ömrünün sonlarını faciəli şəkildə keçirən Fatma
Mehrəliyeva idi.
Üzeyir Hacıbəylinin sevdiyi qız
Fatma Mehrəliyeva 1926-cı ildə Quba rayonunda anadan olub. Hələ
kiçik yaşlarından öz səsi ilə qohum-qonşunun, müəllimlərinin
sevgisini qazanan bu balaca qız sonralar Üzeyir Hacıbəylinin
qəlbini fəth edəcək qədər böyüyəcəkdi. Üzeyir bəy səsi böyük, özü
balaca olan bu qızı çox sevir, onun gələcəkdə peşəkar sənətçi
olacağına inanırdı.
Onların ilk tanışlığı da bir festivaldan başlayır. 11 yaşında
ikən onu festivalda çıxış etmək üçün Bakıya göndərirlər. "Qubanın
ağ alması" xalq mahnısını ifa edən balaca Fatma dahi bəstəkar
Üzeyir Hacıbəylinin diqqətini cəlb edir. Bu hadisə onun taleyində
mühüm rol oynayır. Üzeyir bəy ona əsil ata qayğısı göstərir.
Fatmanı məktəbdə oxudur, ona musiqi təhsili almaq üçün şərait
yaradır. Beləcə, Üzeyir bəyin xeyir-duası Mehrəliyeva üçün uzun
həyat yolunda ilk pillə olur.
Lent yazısı itmiş şəfqət bacısı
F.Mehrəliyeva böyük bəstəkarın qayğı və himayəsi altında
yaradıcılıq fəaliyyətinə 1940-cı ildən Azərbaycan Dövlət
Filarmoniyasının nəzdində "Sazçı qızlar" ansamblında başlayır.
Geniş konsert salonlarında bir-birinin ardınca uğurlu çıxışlar edən
Fatma Mehrəliyevanın sorağı bütün Azərbaycana yayılır. 1941-1945-ci
illərdə Böyük Vətən Müharibəsi də Fatma xanımın həyatına təsirsiz
ötüşmür. O, tez-tez cəbhədə hərbçilərin qarşısında çıxış edib,
onlara öz səsi və nəğmələri ilə mübarizə əzmi aşılayır. Fatma
xanımın cəbhə repertuarında Ü.Hacıbəylinin vətənpərvərlik nəğmələri
geniş yer tuturdu. Bəstəkarın Səməd Vurğunun sözlərinə bəstələdiyi
"Şəfqət bacısı" mahnısının ilk ifaçısı məhz F.Mehrəliyeva olub.
Lakin həmin ifanın lent yazıları qalmayıb. Fatma xanım
müsahibələrində bunu təəssüflə qeyd edib.
Onun Böyük Vətən Müharibəsi illərində ifa etdiyi mahnılar
Azərbaycan Milli Radiosunun qızıl fonduna daxil olub. Bir çox
muğamları məharətlə oxuyub, "Kəsmə şikəstə"nin əvəzsiz ifaçısı
olub.
"Arşın mal alan"ın Tellisi
Sənət yolunda uğurla addımlayan F.Mehrəliyeva muğam, xalq mahnı
və təsniflərinin, eləcə də bəstəkar nəğmələrinin məharətli ifaçısı
kimi şöhrət qazanır. Rejissor Rza Təhmasib 1945-ci ildə "Arşın mal
alan" filmini lentə alanda Vəli rolunda kimi çəkəcəyi üzərində çox
düşünmədi. Bu filmdə böyük ustalıqla Vəli rolunda oynamış Lütfəli
Abdullayev və Telli obrazını canlandıran xanəndə Fatma Mehrəliyeva
yüksək diqqət görürlər. Fatma xanımın bu filmdəki ifası ekran
əsərinə fərqli bir çalar qatmaqla yanaşı, dillər əzbərinə
çevrilir.
Azərbaycan ifaçılıq sənətində adı hörmətlə çəkilən F.Mehrəliyeva
1960-cı ildə əməkdar artist fəxri adına layiq görülür. Ondan bizə
yadigar qalan və qorunan nəğmələri – "Qubanın ağ alması",
"Azərbaycan maralı", "Ahu kimi", "Qaragilə" hələ də sevilir. Amma
bu lent yazıları içərisində "Kəsmə şikəstə"nin müstəsna yeri var.
O, bu zərbi muğamı çox ustalıqla, məharətlə ifa edib. Fatma xanım
şikəstə ilə sanki içi özü qarışıq bütün nakam talelərin, şikəst
ömürlərin, yarımçıq sevgilərin hekayətini dilə gətirib.
Elə ona görə də sənətkarlar bəzən bu muğama "Fatma şikəstəsi" də
deyirlər.
Ömrünün son illəri
Fatma xanım uşaqlıqdan çox çətinliklər görüb. 3-4 yaşlarında
olarkən anası vəfat edib. Onu bir müddət Quba rayonunun İspik
kəndində yaşayan xalası Əsməgül himayə edib. Xalasını yaddan
çıxarmayan sənətkar gənclik illərində tez-tez onu yad edər, İspik
kəndinə qonaq gələrmiş. Axırıncı dəfə onun bu evə gəlişi 1987-ci
ilə təsadüf edib.1980-ci illərin sonu 90-cı illərin əvvəllərində
hökm sürən ictimai-siyasi gərginlik incəsənətdən də yan keçmir.
Qohumları deyir ki, bu illərdə Fatma xanım da bir qədər diqqətdən
kənarda qalır və səhnədən uzaqlaşmağa başlayır. Böyük sənətkarın
qohumu Balaşirin Hacıməmmədov o illəri belə xatırlayır:
"Sonuncu dəfə o, dayım oğlunun toyunda iştirak edib. Səhv
etmirəmsə, 87-ci il idi. Gözəl bir mahnı oxudu, rəqs də etdi.
Sonradan heç yerdə görünmədi. Bir dəfə televiziyada hansısa
kanaldan onun evinə çəkilişə getmişdilər. Qapını gələnlərin üzünə
çırpıb demişdi ki, məni bu vaxta qədər yada salmayıblarsa, bundan
sonra da ehtiyacım yoxdur".
Fatma xanım xəstə olanda onu heç kim axtarmırdı. Qubadakı evinə
gedib, özünə qapıldı. Həyatının son günlərini yaşadığı zaman sənət
dostları onu görməyə getmişdilər. Ancaq o sənət dostlarına da dedi
ki, siz mənə hansı qapını açdınız ki, bu gün mən də sizin üzünüzə
qapı açım?
İçərişəhəri susduran qadın
Xalq artisti, rejissor Vasif Babayev Fatma xanımla bağlı
xatirələrini Axar.az-la bölüşüb:
"Fatma xanım həm qayğısızlıqdan, təklikdən əziyyət çəkirdi, həm
də onun maddi problemləri var idi. Həyat yoldaşı yox idi, aldığı
məvacib də ona çatmırdı. Çox pis vəziyyətə düşmüşdü. Hətta bayıra
çıxmağa da utanırdı. O, möhtəşəm qadın idi. Təsəvvür edin, öz
evində oxumağa başlayanda hamı – bütün İçərişəhər sakit dayanıb
onun səsinə qulaq asırdı. Bütün İçərişəhər onun hörmətini
saxlayırdı. Fatma xanım həm sənətkar, həm də insan kimi böyük idi.
Mənim bildiyimə görə, o, sənətinin zirvəsində olanda belə bəzi
toylara təmənnasız gedirdi. Qeyri-adi adam olub Fatma xanım.
Təəssüf ki, onun evinin üstündə bir dənə balaca yazı da yoxdur ki,
burada Azərbaycanın görkəmli müğənnisi Fatma Mehrəliyeva yaşayıb,
yaradıb. İnanıram, yaxın zamanlarda bu baş verəcək və biz ölkəmizə
gələn turistlərə göstərəcəyik ki, bizim belə bir ilahi səsə malik
sənətkarımız olub".
Ömrünün son illərini faciəli şəkildə yaşayan unudulmaz sənətkar
– Fatma xanım Mehrəliyeva 2000-ci il yanvarın 4-ündə vəfat
edib.