Oktyabrın 20-də ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı Kremlin Ukrayna müharibəsinə dair köhnə mövqeyinə sadiq qaldığını göstərir.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” məlumat yayıb.
Nəşr qeyd edir ki, adı açıqlanmayan rəsmilərin sözlərinə görə, Moskva hələ də hesab edir ki, hər hansı sülh razılaşması çərçivəsində Ukrayna Donbas bölgəsinin bütün ərazisinə nəzarəti Rusiyaya verməlidir:
“Rubio Lavrovla söhbətdən sonra Ağ Ev rəsmiləri ilə danışıb. O bildirib ki, Rusiya lideri Vladimir Putinlə növbəti sammitin sülh danışıqları baxımından müsbət nəticə verəcəyi inandırıcı görünmür.
Tramp administrasiyasının adının açıqlanmadığı yüksək vəzifəli bir rəsmisi qeyd edib ki, Lavrovun şərhləri ABŞ administrasiyasının ehtimallarını təsdiqləyib: Rusiya hələ də razılaşma imzalamağa hazır deyil.
Eyni zamanda, həmin rəsmilərin bildirdiyinə görə, keçən həftə Tramp və Putin arasında baş tutan telefon danışığında Putin ABŞ və Rusiya mövqeləri arasındakı fikir ayrılıqlarını aradan qaldıra biləcək bəzi məsələləri müzakirə etməyə hazır olduğunu bildirib. Rəsmilərin sözlərinə görə, bu, Tramp və Putin arasında yeni sammitin keçiriləcəyinə müəyyən ümid yaradıb, baxmayaraq ki, sammit Trampın əvvəlcə dediyi qədər tez baş tutmaya bilər”.
Qeyd edək ki, Budapeştdə Putin və Tramp arasında görüşün keçiriləcəyi gözlənilirdi, lakin görüşün yaxın gələcəkdə baş tutmayacağı xəbərləri yayılıb.