Niyə Türkiyə Kiprdə təxribata çəkilir? Niyə Kiprdə Türkiyə hərbi hərəkatına qarşı güc göstərməyən ölkələr indi az qala Türkiyəyə açıq müharibə elan edirlər? Niyə Fransa Yunanıstan ilə Kiprdə hərbi dəniz təlimləri keçirir? Niyə İsrail İran müharibəsinin altından çıxmamış Livanı işğal etməyə çalışır? İsrail niyə Livanın bütün sahil xəttinə tam nəzarət etmək istəyir? İsrail üçün Livanın işğalı niyə Hizbullahın nəzarət etdiyi zonadan kənarda da vacibdir? Niyə “BlackRock” Türkiyə ilə anlaşmağa çalışır?! Niyə bəzi güclər Türkiyəni NATO-dan çıxarmaq və təkləmək istəyir, “İrandan sonra hədəf Türkiyədir” deyir? Niyə dünya maliyyə ağaları, 5 dənizin ortasında, “Türkiyə sabitlik adası, enerji habı olmalıdır” deyir?
Axar.az xəbər verir ki, bu sualları politoloq Turab Rzayev səsləndirib.
O bildirib ki, Suriyada vətəndaş müharibəsi başlayanda hərə bir səbəb deyirdi, amma əsas səbəbi heç kim dilə gətirmirdi:
“Meşiaxı, Məsihi, Mehdini, Dəccalı, qırmızı dananı, üçüncü məbədi bir kənara qoysaq, məsələyə bir də iqtisadi baxsaq: pul, pul və pul...
Qəzzadakı müharibə heç vaxt yalnız HƏMAS-la bağlı olmayıb! Və hazırda Yaxın Şərqdə gedən müharibə yalnız nüvə silahları və/və ya İran proksiləri ilə bağlı deyil.
Şərqi Aralıq dənizinin altında, demək olar ki, heç kimin danışmadığı bir şey var. 1999-cu ildə “British Gas” şirkəti Qəzza sahillərində təbii qaz yataqları kəşf etdi. Onları “Qəzza Dəniz 1” və “Qəzza Dəniz 2” adlandırdılar. Qəzza sahillərindən 36 kilometr məsafədə yerləşir. Təxmini ehtiyatlar 1,4 trilyon kub futdur. Fələstin Muxtariyyəti “British Gas” ilə 25 illik lisenziya imzaladı. Müqavilə qısa və aydın idi - Britaniya şirkəti qazı çıxarır, fələstinlilərə də gəlirdən pay verirlər.
Sonra İsrail bunu blokladı. 27 il ərzində: Hər sövdələşmə, hər razılaşma, yatağın işlənməsi üçün hər cəhd bloklandı.
HƏMAS 2007-ci ildə seçkilərdə qalib gəldikdə İsrailin əlinə fürsət düşdü. Dəniz blokadası elan etdi və dənizdəki əməliyyatları tamamilə dayandırdı. Qəzzalı balıqçılara sahildən 3 km-dən artıq uzaqlaşmamaq qadağası təkcə Qəzzanı aclığa məhkum etmək üçün deyildi.
2008-ci ilin dekabrında “British Gas” şirkəti artıq bezdi, Təl-Əvivdəki ofisini bağladı və üzüsulu çıxdı getdi. Amma qaz axı yerindədir, suyun altında gözləyir - əl dəyməmiş, toxunulmamış 1.4 milyard kub metr qaz. Fələstin xalqı hələ də xaricdən gələn yardımlarla yaşamağa çalışır, bugün də suyun altında olan qazdan 1 manat qazanmadan.
UNCTAD 2019-cu ildə Fələstinin payını təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatının ticarət orqanı Qəzza blokadasının dəyərini hesablayıb. Təkcə 18 il ərzində fələstinlilər onlara aid olan yataqlardan təxminən 5 milyard dollardan çox gəlir itiriblər.
Amma bu ancaq böyük rəsmin bir pazlıdır. Çünki Qəzza dəniz yataqları daha böyük bir okeanın kiçik bir hissəsidir - Levant Hövzəsi Zonası qaz okeanının. 2010-cu ildə ABŞ Geoloji Tədqiqatlar İnstitutu onu qiymətləndirib - 122 trilyon kub fut təbii qaz, 1,7 milyard barrel neft Şərqi Aralıq dənizində, Qəzza, İsrail, Livan, Suriya və Kipr sahilləri boyunca uzanır.
İndiyə qədər kəşf edilmiş ən böyük dəniz qaz zonalarından biridir. İsrail düz onun mərkəzində yerləşir. Aralıq dənizindəki ən böyük qaz yataqları onun sahilində yerləşir: “Tamar” yatağı, “Lefiavan” yatağı. “Leviafan” və “Tamar” yataqlarında hazırda hasilat aparılır.
İran müharibəsindən bir neçə həftə əvvəl, 2026-cı ilin yanvar ayında “Şevron” “Leviafan”ın istehsal gücünü genişləndirmək üçün yeni bir investisiya planı təsdiqlədi.
Paralel olaraq, bir müharibəni bitirə bilməyən İsrail Livan işğalına başlayır. Çünki Livanın sahil xətti birbaşa Levant hövzəsinin mərkəzi hissəsinin düz üstündə yerləşir. Təkcə Livanın dəniz sularında təxminən 30 trilyon kub fut qaz var. Bu xəttin davamı Suriyanın sahil xəttindən keçir.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropaya Rusiya qaz təchizatı kəsildi, Avropa təlaşla alternativ mənbə axtarır. Və budur!
Bütün Şərqi Aralıq dənizi sahil xəttinə nəzarət etmək, hazırda Avropaya yeganə real alternativ enerji təchizatına nəzarət etmək deməkdir.
70-ci illərdə geopolitikanı formalaşdıran neft idi. 2020-ci illərdə isə qeyd-şərtsiz, həm də qazdır”.