Rusiyanın "Koltsovo" hava limanının gömrük postunun əməkdaşları Bakıdan bəyan etmədən 20 litr narşərab sousu gətirməyə çalışan xarici aşpazı saxlayıblar.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Ural Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, gömrük nəzarəti zonasının “yaşıl dəhliz”ində müfəttişlər Bakıdan gələn bir nəfəri saxlayıblar.
Yoxlama zamanı onun baqajından ümumi çəkisi 21 kiloqramdan çox olan, iki ədəd 10 litrlik plastik qabda sous aşkar edilib.
Sərnişin izahatında Çita şəhərindəki kafelərdən birində aşpaz işlədiyini və bu sousu müəssisə rəhbərinin xahişi ilə balıq xörəkləri üçün gətirdiyini bildirib.
Onun sözlərinə görə, narşərab işdə istifadə olunmaq üçün Bakıdan alınıb. Şəxs şəxsi istifadə üçün nəzərdə tutulmayan malların mütləq bəyan edilməli olduğundan xəbərsiz olduğunu iddia edib.
Gətirilən məhsulun həcmini və qayda pozucusunun izahatını nəzərə alan "Koltsovo" gömrükçüləri həmin şəxsə qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinin 1-ci hissəsi (malların bəyan edilməməsi) ilə inzibati xəta haqqında iş açıblar. Bu maddə malın dəyərinin yarısından iki qatınadək məbləğdə cərimə nəzərdə tutur.