Avqustun 13-də Macarıstanın Baş naziri Peter Magyar sələfi tərəfindən imzalanmış, Rusiyanın dövlət atom şirkəti “Rosatom”un Macarıstanın nüvə energetikası güclərini genişləndirməsini nəzərdə tutan sazişlə bağlı şübhələrini bildirib.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Nəşrin məlumatına görə, bir neçə həftə davam edən anomal istilər və quraqlıq Dunay çayında suyun səviyyəsinin rekord həddə azalmasına səbəb olub. Nəticədə Macarıstanın elektrik enerjisinin təxminən üçdə birini təmin edən “Paks” Atom Elektrik Stansiyasının istehsal gücü kəskin şəkildə azalıb və ölkənin elektrik enerjisi tələbatının cəmi 10 faizindən bir qədər çoxunu təmin edib.
“Bu planlar o vaxt təsdiqlənmişdi ki, qapalı soyutma sistemində işləməyən və buna görə də ətraf mühitin təsirinə məruz qalan atom elektrik stansiyaları artıq dünyada inşa edilmir”, – deyə Magyar qeyd edib.
“Rosatom”un baş direktoru Aleksey Lixaçov isə bildirib ki, Rusiya dövlət atom şirkəti apreldə Macarıstanda hökumətin dəyişməsinə və Rusiyaya loyal Viktor Orbanın yerinə Magyarın baş nazir olmasına baxmayaraq, “Paks” AES-də iki yeni reaktorun tikintisini nəzərdə tutan layihə üzrə işləri qrafikə uyğun davam etdirir.
Onun sözlərinə görə, 5-ci enerji blokunun beton təməlinin hazırlanması artıq 80 faizdən çox başa çatıb. 6-cı enerji blokunda da işlər irəliləyir və reaktor komponentlərinin istehsalına başlanılıb.
“Biz dialoqa hazırıq”, – deyə Lixaçov bildirib və əlavə edib ki, “Rosatom” Macarıstanın yeni hökumətindən heç bir sorğu almayıb.
Nəşrin qeyd etdiyi kimi, bir neçə saat sonra Magyar bu açıqlamanı təkzib edib. O, cümə axşamı keçirilən mətbuat konfransında jurnalistlərə bildirib ki, ilkin müqaviləyə əsasən, “Paks-II” AES 2024-cü ilə qədər fəaliyyətə başlamalı idi.
Bunun əvəzinə, Macarıstan layihəyə təxminən 2,8 milyard avro xərcləyib. Magyar obyektin hazırkı vəziyyətini “iki böyük beton çuxurdan və anbarlardan başqa bir şey deyil” deyə xarakterizə edib.
“Onların müqavilənin şərtlərinə əməl etdiklərini görmürəm”, – deyə Macarıstanın baş naziri vurğulayıb.
Nəşrin məlumatına görə, hazırda Magyar hökuməti layihənin, o cümlədən onun maliyyələşdirilməsi və soyutma sisteminin tam şəkildə yenidən nəzərdən keçirilməsini həyata keçirir.