"Gələcəkdə onlar ya muxtar respublika, ya da başqa bir
formada öz müstəqilliklərini tələb edəcəklər".
Bunu Axar.az-a Rusiya ilə Çin arasında bağlanan qaz
müqaviləsinin qaranlıq məqamlarını və şərtlərini şərh edən
iqtisadçı ekspert Natiq Cəfərli dedi:
"Müqavilədə olan əlavə hər iki ölkə vətəndaşlarının
gediş-gəlişinin asanlaşdırılması və uzunmüddətli yaşama ilə bağlı
məsələdir. Həmin şərtləri biznes əlaqələrinin daha da asanlaşması
ilə əlaqələndirirlər. Amma hər kəsə açıq–aydın məlumdur ki, Çinin
məqsədi uzaq Şərq, Amur çayı və Baykal bölgəsinə nəzarət etsin.
Bəzi faktlara görə, artıq çinlilər həmin ərazidə müəyyən yollarla
məskunlaşıblar. Hətta bəzi mənbələrdə bu rəqəm bir neçə milyonla
ifadə edilir. NTV kanalı bu barədə xüsusi reportaj da vermişdi. Bu
bölgələrlə bağlı real vəziyyət belədir ki, həmin ərazilər boş
qalmış kəndlərdən ibarətdir və vaxtilə həmin kəndlərdə yaşayanlar
indi iri şəhərlərə iş dalınca gedib. Məhz, çinlilər qeyd etdiyim
boş qalan yerlərə köçüb yaşayırdılar. Məhz bu qərar köçün
sürətlənməsinə şərait yaradacaq".
Ekspert hesab edir ki, bu, Çinin uzaqgörən siyasətinin
nəticəsidir:
"Çin bir çox dövlətlərdən fərqli olaraq, həmişəki kimi
konseptual addımlar atır. "Yumşaq gücə" üstünlük verən rəsmi Pekin
artıq dünyanın bir neçə ölkəsində iri Çin diasporları yaradıblar.
"Çaynataun" adlanan fenomen məhz bu siyasətin nəticəsində yaranıb.
Hazırda dünyanın ən iri böyük şəhərlərində ayrıca "Çin məhəllələri"
var. Əgər hər iki ölkə bu şərtə əməl etsə, yaxın 20-30 ildə
çinlilər həmin ərazilərdə rusları üstələyəcək. Bu isə o deməkdir
ki, gələcəkdə onlar ya muxtar respublika, ya da başqa bir formada
öz müstəqilliklərini tələb edəcəklər. Real siyasət məhz buna
hesablanıb".
Xatırladaq ki, mayın 21-də Rusiya ilə Çin arasında 400 milyard
dollar məbləğində qaz müqaviləsi imzalanıb. Əslində müqavilə 1 gün
öncə, yəni mayın 20-də imzalanmalı idi. Amma Çinin bundan imtina
etməsi prosesləri növbəti günə qədər uzadıb. İmzalanma mərasiminin
növbəti gün reallaşması Çinin Rusiyaya qarşı irəli sürdüyü 3 əlavə
şərtin Putin tərəfindən qəbul edilməsindən sonra baş tutub. Xarici
mediada yayılan məlumatlara görə, şərtlərdən biri Çin
vətəndaşlarının Rusiya ərazisinə vizasız və uzunmüddətli giriş əldə
etməsi ilə bağlı olub. Digər səbəb isə dünya ölkələrində nadir
hallarda rast gəlinə biləcək məsələ ilə bağlıdır. Belə ki, bu
razılaşmanın şərtlərinə əməl edilərsə, bundan sonra Çin
vətəndaşları Rusiya ərazisində daşınmaz əmlaka, xüsusən də torpağa
sahib ola biləcəklər.