Napoleonun gələcək həyat yoldaşı 1763-cü ildə
Martinika adasında plantator ailəsində dünyaya göz açıb. Heç nə bu
sadə kəndçi qızının müəyyən zaman keçdikdən sonra Fransa
imperiyasının birinci xanımı olacağına işarə etmirdi. Hətta
doğmalarına belə bunun haqqında onun dünyaya gəlişi zamanı
söyləsəydin, gülərdilər. Buna səbəb də var idi, çünki onlar saray
işlərindən çox uzaqda idilər.
Jozefinanın 16 yaşı olanda
bəxt ulduzu öz şəfəqlərini bu gənc qızın üzərinə salır. Vikont
Aleksandr de Boqarnenin həyat yoldaşı olan gələcək imperatriçə
sonradan əri ilə birgə Parisə yollanır.
Paris günləri
Burada o hər zaman adi olan həyatının günlərini davam etdirirdi.
15 il sürən evlilik zamanı iki uşaq dünyaya gətirmişdi – Ejena və
Qortenziya. 1794-cü ildə onun taleyində yenidən bir dönüş yaşandı.
Vikont həbs edildi, daha sonra isə gilyotində edam edildi.
Jozefinanı da az qala eyni tale gözləyirdi, amma sonda bəxti üzünə
güldü. 9 termidor çevrilişi. Məhz bu, qadının "Konsyerjeri"
həbsxanasından azad olmasına səbəb oldu.
Artıq iki uşağıyla dul qalmış qadının qarşısında yalnız bir sual
dururdu – bundan sonra nə etmək lazımdır?
Bütün pul ehtiyatlarının bitməsinə və böyük borcların
yaranmasına baxmayaraq, Jozefina artıq yeni qərar vermişdi.
Paytaxtın ali təbəqəsinin həyatında yaxından iştirak etməli idi.
Elə bu qərar qadını iki uşağı ilə yaşamasına kömək edirdi. Ona
maddi köməyi kişilər göstərirdilər. Artıq elə də cavan olmayan,
amma öz gözəlliyini və təravətini əvvəlki kimi qoruyub saxlayan
qadının qarşısında əksər kişilər diz çökürdülər.
Bonapartla
tanışlıq
1795-ci ilin sentyabrında
Parisin ən möhtəşəm salonlarından birində 9 termidorun aparıcı
şəxslərindən olan Pol Barras, Jozefinanı gənc general Bonopartla
tanış etdi.
Yeri gəlmişkən, burada Barrasın xeyir güdmədən hərəkət etməsini
söyləmək yalan olardı. Ən azı o bir müddət idi ki, Jozefina və onun
iki uşağının əziyyətinə qatlanırdı. Jozefinanın pula ehtiyacının
olmasını öyrənməsi və bunu qarşılaması onun üçün zərərlə başa
gəlirdi, üstəlik Barrasın Tereza Talyenlə də əlaqələri pozulurdu.
Ona görə də nə olur-olsun, kəndçi qızını özündən uzaqlaşdırmaq
lazım idi. Artıq məqsədinə nail olmuşdu. Birinci görüşdən etibarən
Bonapartla Jozefina bir-birinə qarşı həddindən artıq maraq
göstərməyə başladılar və tezliklə bu maraq sevgiyə çevrildi. Bu,
gənc general üçün də sərfəli idi. Çünki belə etməklə o,
"respublikanın kralı"nın xüsusi himayəsinə sığına bilərdi.
Göy yaqutla bəzədilmiş üzük və: "Bu,
taledir"
Bu sevgi macərası o qədər fırıtınalı oldu ki, artıq bir il sonra
Napoleon və Jozefina bələdiyyə binasında vətəndaş nikahına
girdilər. Əlavə olaraq, tərəflər bir-biriləri arasında nikah
müqaviləsi imzaladılar. Toy hədiyyəsi kimi Napoleon həyat yoldaşına
göy yaqutla bəzədilmiş üzük hədiyyə etdi. Onun üzərində xüsusi
qrafika ilə işlənmiş bir söz yazılmışdı: "Bu, taledir".
Bütün bunlardan sonra isə Pol Barras yeni cütlüyə Bonapartın
İtaliya ordusuna rəhbər təyin edilməsi barədə xəbər verdi.
Beləliklə, toydan cəmi iki gündən sonra Napoleon cəbhəyə
Sardiniya və Avstriya ordularına qarşı döyüşməyə yollanır. Onun
həyat yoldaşı isə Parisdə qalaraq, yenidən öyrəşdiyi həyat tərzinə
qayıdır. Yeni həyat yoldaşının yeni statusu artıq maddi vəziyyəti
yaxşılaşmış qadının heç nəyə ehtiyat etmədən kifayət qədər pul
xərcləməsinə şərait yaradırdı.
Napoleon yeni arvadına hər poçt stansiyasından ehtiras və şəfqət
dolu məktublar göndərirdi. O, qardaşına yazırdı:
"Sən özün əla bilirsən ki, Jozefina mənim bu dünyada
valeh olduğum yeganə qadındır. Əgər o məni sevmirsə, o zaman mənim
yer üzündə yaşamağımın nə mənası var?".
Bonapart Jozefinaya az qala yalvarırdı ki, onun yanına köçsün.
Bu zaman o, yalandan hamilə olduğunu bildirir. Gələcək imperatriça
belə etməklə canını ərinin yürüşlərinin cazibədarlıqlarından
qorumağa çalışırdı.
Furenin arvadı və
Jozefinadan boşanmaq
Misiri işğal edəndən sonra Napoleon anası, bacıları və
qardaşlarından öyrənir ki, sən demə, həyat yoldaşı üçün Paris əri
olmadan belə darıxdırıcı deyil. Buna cavab kimi o, leytenant
Furenin arvadını özü üçün əsas favorit edir. Hətta vəziyyət o yerə
çatır ki, artıq əsgərlər də onu "sizin general xanımınız" deyə
çağırırdılar. Fransaya qayıdan zaman isə general tam ciddi şəkildə
Jozefinadan boşanmaq qərarına gəlir.
Lakin qadın üçün bu boşanma dəhşətli faciə ola bilərdi. Jozefina
nəhayət ki, ərini düzgün qiymətləndirmədiyini anlamışdı. O, hər
şeydən birdən-birə məhrum olmamaq və öz ərinin hörmətini təzədən
geri qaytarmaq üçün yeni addımlar atmağa başlayır. Günlərlə ərinin
qapısının ağzında onunla görüşməkdən ötrü gözləyir, uşaqlarını onu
bağışlaması üçün Bonapartla danışmalarına razı sala bilir. Sonda
istədiyinə nail olur. Napoleon çox dözmür və həyat yoldaşını
bağışlayır. Jozefinanın iki milyonluq borcunu ödəyir.
"Xeyir mələyi"
Heç də axmaq qadın olmayan
madam Bonapart bu situasiyadan özü üçün nəticə çıxardı. Bundan
sonrakı zamanda ərinin səbrini imtahana çəkməyin yaxşı nəticələr
verməyəcəyini anlayan qadın ikinci dəfə belə səhv buraxmamağa
çalışdı. Çünki ikinci dəfə Napoleon onu
bağışlamayacaqdı.
Münasibətlərin davam etməsi Napoleon Bonapart üçün də sərfəli
idi. Çünki o, Jozefinanın simasında özünə dost, məsləhətçi, iti
ağla sahib həmsöhbət, etibarlı müttəfiq qazanmışdı. Məhz bu qadın
özünün mükəmməl diplomatik bacarığını göstərərək, generalla yuxarı
təbəqənin nümayəndələri arasında münasibətlər yaradırdı. Tezliklə
gələcək imperatorun tərəfinə zadəganları çəkməklə Fransanın siyasi
tarixində mühüm rol oynamış oldu. Jozefina xeyriyyəçiliklə məşğul
olur, məsləhətyönlü məktublar yazır, nazirdən hər hansı
aristokratın müsadirə edilmiş mülkünün geri qaytarılması üçün xahiş
edir, emiqrantların işi ilə maraqlanır və digər işlər görürdü.
Bunun sayəsində tezliklə o hər kəs tərəfindən "xeyir mələyi" deyə
çağırılmağa başlandı.
Kariesdən məhv olmuş və qaralmış dişlər
Bir sözlə, Napoleon Bonapartın beş il ərzində 1799-cu ilə qədər
apardığı oyunda Jozefina onun ən yaxın partnyoru oldu. Ona görə də
o hər zaman təkrarlayırdı ki, Jozefina tale tərəfində ona verilmiş
talismandır və yalnız onun qarşısında o öz fantastik yüksəlişlərinə
görə ona borcludur.
Jozefina indi daha çox ərini itirəcəyindən qorxurdu və belə
olmaması üçün əlindən gəldiyi qədər çalışırdı. O, artıq gənc
deyildi və gözəlliyini də günü-gündən itirirdi. Xüsusilə kariesdən
məhv olmuş və qaralmış dişlərini göstərməməkdən ötrü ağzını açaraq
gülə bilmirdi.
Jozefinanın kifayət qədər çox rəqibləri vardı. Belə ki, Napoleon
daima qadınlarla əhatə olunurdu. O özü hər zaman bunları deyərək
gülərdi: "Bonaparta qadınlar etiraz edə bilərlər, Napoleona isə heç
vaxt!"
Necə imperatiriçça olmamaq
olar?
Nəyin naminə olur-olsun, Jozefina hər zaman ərini yaxınlığında,
özünə aid olan bir cəmiyyətdə saxlamağa çalışırdı. Bir tərəfdən
onun yüksəlişinə çalışsa da, digər tərəfdən böyük əziyyətlərin
hesabına ərini müəyyən qədər çətin vəziyyətə salmağa çalışırdı.
Napoleonun Fransanın imperatoru olması onun üçün heç sərfəli
deyildi. Bunun arxasında heç bir özəl siyasi motiv gizlənmirdi.
Səbəb, sadəcə, Jozefinanın qadınlıq qorxusu ilə bağlı idi. O,
bundan sonra taxt üçün varis dünyaya gətirə bilməyəcəyindən və
ümumiyyətlə, uşağı olmayacağından qorxurdu. Əgər belə bir vəziyyət
yaşansaydı, o zaman Bonapart imperator olan kimi boşanma qaçılmaz
olacaqdı.
VII Piyin tacı
Buna görə də xanım Bonapartın Fransanın ən birinci
antibonapartçısı olması üçün əlində ən sadədən tutmuş ən ciddiyə
qədər kifayət qədər səbəbi var idi. O, hətta özünə müttəfiq
axtarmağa da cəhd etmişdi. Belələrindən biri polis nazirin
simasında Jozef Fuşe idi. Onun vasitəsilə birinci konsulun ifrat
dərəcədə olan niyyətlərinə qarşı mübarizə aparmaq olardı.
Napoleon bu ittifaqı asanlıqla dağıtdı. O, Fuşeni senator təyin
etdi və ona kompensasiya ödədi. Jozefinanı isə onun sonsuzluğunun
həlledilməz problem olmadığını anlatmaqla sakitləşdirməyə çalışdı.
Həll variantı kimi isə qızı Qortenziyanı kiçik qardaşı Luiyə ərə
verərək, bu evlilikdən doğulan uşağı oğulluğa götürüb varis etməyi
təklif etdi.
Artıq çıxış yolunun tapıldığı hesab edilirdi. 30 noyabr 1804-cü
ildə Napoleonla Jozefinanın kilsədə evlənmə mərasimləri təşkil
olundu. İki gün sonra isə o, papa VII Piyin əlindən tacı alaraq,
əvvəlcə onu özünə, sonra isə həyat yoldaşı üçün tac qoyma mərasimi
keçirtdi.
Avstriyalı Mariya-Luiza
Sonraki beş il ərzində Jozefina imperatriça olaraq qaldı. Tale
ona son və ən güclü zərbəsini endirdi. Taxtın varisi, Qortenziyanın
oğlu vəfat etdi və boşanma sonunda baş tutdu. Napoleon həyat
yoldaşını Habsburqların nəslindən olan avstriyalı Mariya-Luizaya
dəyişdi. 1809-cu ilin 15 dekabrında Napoleonun son qərarını öyrənən
Jozefina huşunu itirərək yerə yıxılır.
Boşanmadan sonra Napoleon yazırdı: "Mən tələb edirəm ki, o bütün
həyatı boyu imperatiriça titulunu saxlasın. Ən başlıcası isə qoy
mənim ən əziz adamım ona qarşı olan hislərimdən şübhələnməsin".
Jozefinaya ömrünün sonuna qədər imperatiriça kimi hörmət
edildi.
Bonapartdan sonra
Jozefina de Boqarne 29 may 1814-cü ildə Napoleonun Elbaya sürgün
edilməsindən sonra vəfat etdi. Deyilənlərə görə, onun ən son
sözləri – "Elba!" "Napoleon!" – olub. İmperator sonuncu dəfə özünün
uğursuz gedişini - hakimiyyəti geri qaytarmağa cəhd edəndə
Jozefinanın şəxsi həkimini yanına çağıraraq, onun ölümünün
səbəblərini soruşmuşdu. Həkim isə, sadəcə, bunları demişdi: "Dərd,
hüzn, sizə görə qorxu".
5 may 1821-ci ildə Napoleon Müqəddəs Yelena adasında vəfat etdi.
O, ölümqabağı bu sözləri sayıqlayırdı: "Ordu... Fransa...
Jozefina..."