"Axar.az" Rusiya
mətbuatına istinadən xəbər verir ki, Cənubi Amerikada arxeoloqların
tapdığı qeyri-adi cəsəd hər kəsi təəccübləndirib. 500 il əvvəl ink
tayfasının qurban verdiyi 14-15 yaşlı yeniyetmə qızın cəsədi 6000
metr yüksəklikdəki buzların içində əsrlərlə qalıb və sanki elə bu
günlərdə vəfat edib və hələ dəfn edilməyib. Onunla yanaşı biri 7
yaşlı oğlan, biri isə 6 yaşlı qız uşağı olmaqla daha iki qurbanın
donmuş cəsədi aşkar edilib.
"Maiden" (Qız uşağı) adlandırılan mumiya nümunəsini Ancelika
Kortelsin başçılığı ilə Nyu-York universitetinin tədqiqatçı qrupu
(City University of New York) tədqiq edib.
Ənənəvi DNA analizi yerinə toxumalardakı zülallar tədqiq edilib
və məlum olub ki, zahirən sağlam görünən yeniyetmə qızın ciyərində
vərəmi xatırladan bakterial ağ ciyər infeksiyası olub. Tapılan bu
infeksiya növünə bu qıza qədər heç bir vaxt rast gəlinməyib.
Yaxın zamanlarda mətbuata haqqında bilgi verilən bu qeyri-adi
mumiya 1999-cu ildə Luluyalyako (Llillailaco) vulkanının
ətəklərində, Argentina və Çili sərhədin hüdudlarında dəniz
səviyyəsindən 6739 metr yüksəklikdə tapılıb.
Eyni vaxtda tapılan bu üç mumiya Misir balzamlama mumiyalarından
fərqli olaraq adi qaydada dərin buz laylarının altında olublar.
Yeddi yaşlı oğlanın cəsədi də tədqiq edilib, lakin altı yaşlı
qızcığazın analizində tərəddüd yaranıb. Ehtimal olunub ki, onun
cəsədini nə vaxtsa ildırım vurub, bu da araşdırmaların
nəticələrində qeyri-dəqiqliyə səbəb ola bilər.
Bu üç nəfərin qurban verildiyi güman edilir. Buna onların
cəsədləri ilə yanaşı tapılan əşyalar: geyim, qızıl, gümüş, yemək
dolu boşqab, hansısa naməlum quşun lələklərindən hazırlanmış nəfis
baş örtüsü şahidlik edir.
Tarixçilər hesab edir ki, inklər uşaqları qurbanlıq üçün çox
gözəl olduqlarına görə seçiblər (eləcə də uşaqlar böyüklərlə
müqayisədə daha təmiz varlıq hesab edildiyindən) və qurbangaha
gətiriliblər. Çünki inklərin təcrübəsində uşaqları qurban
verilməsinə elə də çox rast gəlinmir.
Tədqiqatların yekun rəyi belə olub: Uşaqları qurban verməzdən
əvvəl bir il ərzində şahlara layiq ərzaqlarla - qarğıdalı və qaxac
edilmiş dəvə əti ilə bəsləyiblər. Halbuki buna qədər onlar kartof
və tərəvəz kimi adi kəndli yeməyi ilə qidalanıblar.
Videonu təqdim edirik.