Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib.
Axar.az RBK-ya istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası prezidentinin mətbuat xidməti məlumat yayıb.
Hökumət sədri səlahiyyətlərinin müvəqqəti icrası Anatoli Şamsutdinoviç Qəribova həvalə olunub. Hökumətə yeni nazirlər kabinetinin yaradılmasına qədər vəzifələrinin icrasına davam etmək tapşırılıb.
Qeyd edək ki, bu gün Dağıstanda korrupsiya ittihamı ilə hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq təhsil naziri Şahabbas Şahov və digər vəzifəli şəxslər saxlanılıb. Onlara qarşı büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işi açılıb. Yanvarın 21-də isə Mahaçqala meri Musa Musayev səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 80 milyon rubl ziyan vurulması ittihamı ilə həbs edilib.