Dəhşətli partlayışın üzərindən uzun illər keçməsinə
baxmayaraq, ərazidə bu gün də yüksək nisbətdə radiasiya təsbit
edilir.
Axar.az xəbər verir ki, tarixin ən qorxunc nüvə qəzasının baş
verdiyi Ukraynanın Çernobıl bölgəsi son illərdə minlərlə turistin
diqqətini çəkməyə başlayıb.
Yemək yemək, siqaret çəkmək qadağandır!
Çernobılda qadağan olunmuş bölgəyə xüsusi icazə ilə girən
insanlara yemək yeməmək, açıq havada siqaret çəkməmək, əşyalara
toxunmamaq, oturmamaq və heç bir yerə əşya qoymamaq üçün
hazırlanmış sənədə imza atdırılır.
Bu tapşırıqların hər biri qadağan olunan bölgəyə girən şəxslərin
radiasiyaya məruz qalmaması üçün tətbiq edilib. Bu yerə radiasiya
ölçən cihazla daxil olan insanlar təbii səviyyənin 0.12 olduğu
halda bu ərazidə radiasiyanın 3.9 olduğunu bildirib.
Dəhşət saçan Pripyat…
Bura gələn ziyarətçilər fotoşəkillər çəkdikdən sonra nüvə
stansiyasına 3 kilometr uzaqlıqda olan Pripyat şəhərinə
yollanır.
Pripyat qəsəbəsi 1970-ci ildə Çernobılda işləyənlər üçün
yaradılmış bir ərazi idi. Məhz bu səbəbdən nüvə stansiyasına yaxın
yerdə inşa edilən ərazi partlayışdan sonra böyük radiasiyaya məruz
qalıb. Alimlərin fikrincə, bu qadağan olunmuş bölgədə qarşıdakı 100
il boyunca yaşayışın olması mümkün deyil. Hadisədən sonra ərazidə
təmir və təmizlik işləri aparmaq üçün qeydiyyatdan keçən 600 min
könüllü insanın böyük bir hissəsi qısa bir müddətdə həyatını
itirib. Bu insanların bir qismi isə radiasiyanın təsirindən
övladlarına keçəcək gen pozğunluğuna məruz qalıb. Ümumilikdə 5
milyondan artıq insan radiasiyanın qurbanı olub.
Mənbələrdə 1986-cı ilin 26 aprelində baş verən fəlakətdən əvvəl
bu bölgədə təxminən 50 min insanın yaşadığı qeyd olunub.
Kitablar, oyuncaqlar və yüzlərlə əleyhqaz…
Zamanın dayandığı şəhərin binalarında Sovet dövründən qalma
lövhələr, qapısı açıq qalan mənzillərdə kitablar, oyuncaqlar və bir
məktəbin bufetindəki yüzlərlə əleyhqaz fəlakətə düçar olan
insanların vəziyyətini göz önünə gətirir.
4 nömrəli reaktor
Çernobıl nüvə stansiyasının 4 nömrəli reaktorunda baş verən
partlayışın təkcə Ukraynada 2.3 milyon insanı radiasiyaya məruz
qoyduğu bildirilib. Yaşanan bu bədbəxt hadisə yüz minlərlə insanın
həyatını itirməsinə və müxtəlif xəstəliklərin yayılmasına səbəb
olub.
Hadisədən sonra partlayan nüvə reaktorunun üstünün bağlanması
üçün 250 min ton betondan istifadə edildiyi açıqlanıb.
Həyatlarını təhlükəyə atanlar və
fotolar…
Qadağan olunmuş bölgəyə gizli yollarla icazəsiz şəkildə girən
ukraynalı gənclərin ərazidə çəkdiyi fotoşəkilləri oxuculara təqdim
edirik.