Nəsimi Rayon Polis İdarəsində BSU-nun dekanı, tənqidçi
Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm faktı ilə bağlı
cərrahiyyə əməliyyatında iştirak edən assistent Fərəcullah İdrisov barədə dələduzluğa
cəhd maddəsilə aparılan araşdırmanın xətm olunmasından şikayət
verilib.
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi
nümayəndəsi Səməd Vəkilov məlumat verib. Vəkil qeyd edib ki, Nəsimi
Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Elvin
Əsgərovun qəbul etdiyi qərar qanuni və əsaslı deyil:
"Həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişmiş Niftəliyeva
Elnarə Tofiq qızının cərrahi əməliyyat olunması ilə bağlı həkim
İdrisov Fərəcullah Sədulla oğlu mərhumun həyat yoldaşı Anar
Niftəliyevdən 1000 manat pul istəməklə, dələduzluğa cəhd edib,
lakin onun iradəsindən asılı olmayan səbəblərdən nəzərdə tutulmuş
pulu Anar Niftəliyev ona verə bilməyib. Bu fakt ayrı-ayrı şahidlər
tərəfindən təsdiq edilib. Qərara diqqət edin: "İstintaq zamanı Anar
Niftəliyevin həyat yoldaşı Elnarə Niftəliyevanın əməliyyatı ilə
bağlı Fərəculla İdrisov tərəfindən 1000 manat pul istənilməsini iş
üzrə dindirilmiş İmanquliyev Tofiq Şahpələng oğlu, İmanquliyev Anar
Tofiq oğlu, Səfərov Faiq Ağdaş oğlu və Cəbrayılov Pərviz Şahbaz
oğlu təsdiq etmişlər.
Eyni zamanda müəyyən edilib ki, "Medi Sina" klinikasına həmin
əməliyyatla bağlı 150-200 manat pul ödənilməsi nəzərdə
tutulub".
Vəkil qeyd edib ki, adıçəkilən şəxslərin eyni məzmunda verdiyi
ifadələri qiymətləndirərkən E.Əsgərəov qərəzə yol verib və yalnız
Fərəcullah İdrisovun özünü müdafiə məqsədi ilə verdiyi ifadələri
əsas gətirərək cinayət işinin başlanmasını rədd edən qərar
verib:
"Zərəçəkmiş Anar Niftəliyev və digər adıçəkilən şəxslər
F.İdrisovun cərrrahi əməliyyat üçün 1000 manat istəməsini təsdiq
etsə də, iş materiallarında bunun əksini sübut edən heç
dəlil-sübuta rast gəlinməyib. Çoxsaylı şahidlərin eyni məzmunlu
ifadələrinə baxmayaraq, F.İdrisov özünü müdafiə məqsədi ilə
ifadəsində Anar Niftəliyevdən cərrahi əməliyyat üçün 700 manat pul
tələb olunduğunu bildirib, qalan üç yüz manatın isə gözlənilməz
xərclər üçün tələb olunduğu ehtimalını irəli sürüb. Lakin onun bu
barədə Anar Niftəliyevə hər hansı bir məlumat verməsi öz əksini
tapmayıb. Digər şahid Mahir Məmmədov isə bildirib ki, o, F.İdrisova
əməliyyatın 700 manata başa gələcəyini deyib. Əlavə edib ki, həmin
pulun təxminən 300 manatı Mahir Məmmədova, qalan 400 manatı isə
xəstəxana və digər gözlənilməz xərclərə gedəcək".
S.Vəkilov şahid Mahir Məmmədovun Müdafiə Nazirliyinin əmri ilə
kommersiya fəaliyyəti ilə məşğul olması səbəbindən
polkovnik-leytenant rütbəsindən məhrum edildiyini də nəzərə
çatdırıb:
"Mahir Məmmədovun Fərəculla İdrisovdan bütün kənar xərclərlə
birgə 700 manat istədiyi təqdirdə, Anar Niftəliyevdən 1000 manat
tələb etməsi onun Anar Niftəliyevin etibarından sui-istifadə edərək
qazanc əldə etmək məqsədindən irəli gəlib. Lakin bu cinayəti tam
başa çatdıra bilməməsi onun iradəsindən asılı olmayaraq baş
tutmayıb. Cinayət Prosessual qanunvericiliyi bu cür cəhdi başa
çatmış cinayətlə eyniləşdirir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 27.3-cü
maddəsinə əsasən, başa çatmayan cinayətlərə görə, cinayət
məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad
olunmaqla, Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət
nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.
Həmin məcəllənin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət
törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya
hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə
başa çatdırılmayıbsa, cinayət etməyə cəhd hesab olunur.
Bundan başqa, Bakı Şəhər Prokurorluğunda aparılmış cinayət
işinin istintaqı zamanı "Medi Sina" klinikasının baş həkimi
vəzifəsində çalışmış Abbas Bağırov bildirib ki, bu cür əməliyyat
zamanı xəstəxanaya 150-200 manat pul verilməsi nəzərdə tutulur. O
cümlədən buraya xəstəxananın anestezioloquna veriləcək 50 manat və
xəstəxananın icarə haqqı daxildir.
Lakin E.Əsgərov iş üzrə əməliyyat zamanı baş həkim olmuş Abbas
Bağırovu dindirməyib və sübutların qiymətləndirilməsində
qeyri-obyektivliyə və qərəzə yol verib. Bu hal isə onun qərarının
ləğv edilməsi üçün əsasdır".
S.Vəkilovun sözlərinə görə, bu dələduzluğa cəhdin nəticəsi
faciəvi olduğundan, əməliyatda iştirak edən F.İdrisovun bu əməlinə
mütləq hüquqi qiymət verilməlidir:
"Təəssüf ki, xəstə sahiblərinin inamından sui-istifadə edərək,
onlarla müəyyən məbləğ danışılır və maddi-texniki bazası aşağı olan
xəstəxanalarda nəticəsi dəhşətli olan əməliyyatlara getməklə
faciələr törədirlər. Faktiki olaraq Səhiyyə Nazirliyi tərəfindən
verilən lisenziyada onkoloji əməliyyatlar aparılması nəzərdə
tutulmayan "Medi Sina" klinikasında bu əməliyyatın həyata
keçirilməsi tamah məqsədli dələduzluq faktının təsdiqidir.
Müstəntiq isə işi araşdırarkən heç "Medi Sina" klinikasının baş
həkimi Abbas Bağırovun ifadəsini belə almayıb və təbii ki, qərəzli
qərar çıxarıb".
Xatırladaq ki, Elnarə Niftəliyeva 2013-cü il sentyabrın 20-də
"Medi Sina" xəstəxanasında süd vəzi kanalının papillomasından
əməliyyat zamanı ağ ciyər
çatışmazlığından dünyasını dəyişib. 2013-cü ildə Nəsimi Rayon
Prokurorluğunda fakt üzrə cinayət işi açılıb. 2014-cü ilin
aprelində isə cinayət işi Nəsimi Prokurorluğundan alınaraq Bakı
Şəhər Prokurorluğuna verilib.
Hazırda cinayət işi yekunlaşaraq Nəsimi Rayon Məhkəməsinə
göndərilib. Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri –
anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam
öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma)
maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və
assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və
dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün
materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə
və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.