ABŞ Prezidenti Barak Obama
güclü hegemonluq və despotizm əlamətləri nümayiş etdirir. Öz milli
hüquqlarını qorumaq, müstəqilliyini gücləndirmək, Amerikadan fərqli
yanaşma nümayiş etdirmək istəyən dövlətlər, xüsusilə də müsəlman
ölkələri ciddi təzyiqlərə məruz qalır.
Axar.az xəbər verir ki, bu fikirlər "Azərbaycan" qəzetinin
bugünki məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, ABŞ həmin müsəlman ölkələrdə qarşı
birbaşa hərbi təcavüz də həyata keçirir:
"Həmin ölkələrdə hakimiyyət çevrilişləri həyata keçirilir,
vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə
vermədikdə isə onlara qarşı birbaşa hərbi təcavüz edilir.
Bu gün Əfqanıstan, İraq, Liviya, Suriya, Misir və digər
ölkələrin xalqları "demokratiya" və "rifah" adı altında yürüdülən
siyasətin fəlakətli nəticələrinə görə cənab Obamaya "minnətdar"
olmalıdırlar. "Uoll striti işğal et!", Ferqyuson hadisələri və
digər faktlar təsdiq edir ki, ABŞ-da insanlar öz fikirlərini
sərbəst şəkildə ifadə edə bilmir, onlara mövcud idarəçiliyə qarşı
etiraz səslərini ucaltmağa imkan verilmir, hətta elementar
hüquqlarını müdafiə etməkdə belə acizdirlər. Ferqyuson hadisələri
göstərdi ki, hətta jurnalistlər, bloqçular, vəkillər, hüquq
müdafiəçiləri belə istənilən formada təzyiqlə üzləşə bilərlər.
Cənab Obamanın tənqidçilərini susdurmağa yönəlmiş sevimli
alətlərindən biri də həbsdir. Baxmayaraq ki, Amerika prezidenti öz
çıxışlarında az qala tanınmış hüquq müdafiəçilərini də geridə
qoyur. Quantanamoda bugünə kimi "terrorçuluqda" və ya
"terrorçularla əlbir olmaqda" şübhəli bilinən insanlar saxlanılır.
Onların sayı, törətdikləri cinayətlər, saxlanma şəraiti barədə heç
kimin məlumatı yoxdur. Çünki cənab Obama öz sələfləri kimi onların
üzərində ədalət məhkəməsinin həyata keçirilməsini artıq hesab edir.
Üstəlik, mövcud vəziyyəti tənqid edən jurnalistlər və fəalların
özləri də həbslərə məruz qalırlar. 2013-cü ilin aprelində jurnalist
və ictimai fəal Deniel Makqouen "Haffington Post"da Təcridxanalar
üzrə Federal Büronu tənqid etdiyinə görə həbs olunmuşdu. Makqouenin
həbsinə əsas kimi onun vaxtından əvvəl azadlığa buraxılma
şərtlərini pozması kimi obyektivliyi şübhə doğuran iddia
göstərilmişdi. Hüquq müdafiəçiləri bu həbsin siyasi motivli olduğu
qənaətinə gəlmişdilər. Bu fakt təsdiq edir ki, Amerika məhkəmələri
siyasi sistemin təzyiq vasitəsi olan hüquq-mühafizə orqanlarının
nökərinə çevriliblər. Müxtəlif beynəlxalq təşkilatların rəylərini,
qərar və qətnamələrini, habelə beynəlxalq konvensiyalarda təsbit
olunmuş müddəaları əsas kimi göstərərək ayrı-ayrı ölkələrə hücum
edən ABŞ nədənsə heç bir təşkilatın qarşısında məsuliyyət daşımaq
istəmir, həmin konvensiyaları da, ümumiyyətlə, rədd edir. Seçkilər
dövründə ATƏT müşahidəçilərinə göstərilən hörmətsizlik və təzyiqlər
də bunun bariz nümunəsi hesab oluna bilər.
ABŞ ordusunun keçmiş qulluqçusu Bredli Menninq 2010-cu ildə
İraqda Amerika hərbi helikopterinin dinc insanları güllələməsi ilə
bağlı videonu internetə yerləşdirməklə əsl qalmaqal yaratdı. Həmin
güllələmə əməliyyatında nüfuzlu media orqanlarının jurnalistləri də
həlak olmuşdular. ABŞ hökuməti məsələnin araşdırılacağını bəyan
etsə də, bütün səylərini informasiyanı ictimailəşdirən şəxsin
tapılmasına yönəltdi. Daha sonra Menninq jurnalist Adriano Lamo ilə
əlaqə quraraq ABŞ hərbçilərinin vəhşilikləri barədə materialları
ona ötürdü və həmin məlumatlar ardıcıl şəkildə Vikiliks saytında
verildi. 2010-cu ildə elə həmin A.Lamo tərəfindən verilmiş məlumat
əsasında həbs olunan Menninq əvvəlcə iki ay Küveytdəki Kemp-Arifcan
ABŞ hərbi bazasında saxlandı, iyulda isə ABŞ-a gətirildi. Menninqə
qarşı irəli sürülmüş ittihamlara əsasən, onu 52 il azadlıqdan
məhrumetmə cəzası gözləyirdi.
2011-ci ilin martında isə bir daha təsdiq olundu ki, ABŞ-ın
məhkəmə sistemi öz Orwell xüsusiyyətinə sadiq qalır. Meninqə ona
qarşı irəli sürülmüş ittihamlara daha 22-si əlavə olundu və buna
görə də o, ölüm hökmünə məhkum oluna bilərdi.
Psixoloji problemləri olan Menninq vəkili Devid Kumbas
vasitəsilə ictimailəşdirdiyi məktubda bildirmişdi ki, onu bütün gün
ərzində birnəfərlik kamerada saxlayırlar, gözətçilər müntəzəm
qaydada əsassız yoxlamalar təşkil edir, bütün gecə və səhər
baxışlarında paltarsız olur. Amerika ictimaiyyətinin, "Amnistey
İnternational" təşkilatı başda olmaqla hüquq-müdafiə
təşkilatlarının, müxtəlif ölkələrin tanınmış ictimaiyyət
nümayəndələrinin Menninqi azad etmək və ona dəstək xarakterli
müraciətləri heç bir nəticə vermədi. 2013-cü ilin avqustunda o, 35
il müddətinə azadlıqdan məhrum edildi. Bunu da ABŞ hakimiyyətinin
və şəxsən Prezident B.Obamanın beynəlxalq ictimai rəyə əsl
münasibəti kimi qəbul etmək olar.
Bu arada ABŞ hakimiyyətinin siyasətini ifşa edən və bununla da
bütün dünyaya əsl xidmət göstərmiş şəxslərə qarşı kampaniya davam
edir. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik
Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden 2013-cü ilin
iyununda "Qardian" və "VaşinqtonPost" qəzetlərinin redaksiyasına
ABŞ xüsusi xidmət orqanlarının mövcud informasiya və rabitə
şəbəkələri vasitəsilə total şəkildə dünya üzrə ayrı-ayrı ölkələrin
vətəndaşlarını izlədiyinə dair çoxsaylı faktları əks etdirən məxfi
materiallar göndərmişdi. İndi o, Rusiyada gizlənməyə məcburdur.
Snoudenin son açıqlamaları təsdiq edir ki, o, öldürüləcəyindən bərk
ehtiyatlanır.
Eləcə də bütün insani hüquqlarından məhrum olan Vikiliks
saytının yaradıcısı Culian Assanc 2012-ci ilin iyunundan, yəni 3
ildir ki Ekvadorun Londondakı səfirliyində "yaşamağa" məhkumdur.
Bugünə kimi Assanca qarşı rəsmi şəkildə anlaşıqlı heç bir ittiham
irəli sürülməyib. 2012-ci ilin sentyabrında isə ABŞ onu "dövlətin
düşməni" elan edib.
Bütün bunlar Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar
davranış nümayiş etdirdiyinin əyani sübutlarıdır. Üstəlik, rəsmi
Vaşinqton əlində olan bütün vasitələrlə Assancı və Snoudeni müdafiə
edən medianı, hüquq-müdafiə təşkilatlarını susdurur. Bəli, cənab
Obamanın siyasətində bu təcrübə də yeni deyil. 2013-cü ildə "Russia
Today" telekanalının əməkdaşları həbs olunaraq 32 saat təcridxanada
saxlandılar. Jurnalistlər Corciya ştatında "ölüm məktəbi"
adlandırılan hərbi-təlim bazasına qarşı etiraz aksiyasını çəkərkən
həbs olunmuşdular. Aksiyaçılar hesab edirdilər ki, həmin düşərgədə
Latın Amerikasının ən qəddar qatilləri, diktatorları və s.
hazırlanır. Jurnalist Keyli Forts bildirmişdi ki, onunla qəddar
rəftar ediblər. Hüquq müdafiə təşkilatları da jurnalistlərin
həbsini şiddətli qınamışdılar. Maraqlıdır ki, müxtəlif ölkələrdə
jurnalistlərin həbsi və ya onlara qarşı hücumları pisləyən ABŞ-ın
aparıcı media orqanları bu hadisəyə laqeyd qalmışdılar.
Cənab Obama E.Snouden, B.Menninq, C.Assanc kimi şəxslərin
fəaliyyətindən narahatdır. Snoudenin təcrübəsi göstərir ki, ABŞ-ın
aidiyyəti orqanları dünyanın istənilən nöqtəsində onun kimiləri
izləyə, tapa və haqq-hesab çəkə bilərlər. Çünki müxtəlif ölkələrdə
ABŞ-ın ssenariləri əsasında baş verən qanlı hadisələr, Quantanamo
faktoru və digər bu kimi hallardan sonra hamıda Amerikanın həm
daxili, həm də xarici siyasətində ədalət məfhumunun olmadığı,
verilən yüksək bəyanatların isə gözdən pərdə asmaq xarakteri
daşıdığı rəyi formalaşıb. Obama çıxışlarından birində demişdi ki,
Amerika bütün dünyada demokratik dəyərləri qoruyacaq. Amma
Ferqyuson hadisələrindən sonra əhali ədalətli mühakimə gözlədiyi
halda, Obama vətəndaşları qaradərili gənci qətlə yetirən polis
əməkdaşının hərəkətlərində heç bir qeyri-qanuni əməl tapmayan və
onu sərbəst buraxan məhkəmənin qərarına sakit yanaşmağa çağırmışdı.
Əvəzində isə Obama polis əməkdaşlarının təlimini gücləndirmək
məqsədilə Konqresdən əlavə 263 milyon dollar istəmişdi. Bu pulun
aqibəti ilə maraqlanmadan sual oluna bilər ki, öz ölkəsində
insanların hüquqlarının belə kobud şəkildə pozulmasına göz yuman,
üstəlik, onları ittiham hədəfinə çevirən bir dövlət başçısı dünyada
demokratiyanı necə qoruya bilər? İkili standartları dövlət siyasəti
səviyyəsinə yüksəltmiş cənab Obama dünyadan özünə və təmsil etdiyi
dövlətə qarşı inam və etimad gözləməkdə haqlıdırmı? Bir neçə il
əvvəl Misirə səfəri zamanı Obama ABŞ-ın müsəlman dünyası ilə yeni
münasibətlər qurduğunu bəyan etmişdi. Görəsən bundan sonra o,
iraqlıdan, suriyalıdan, liviyalıdan ABŞ haqqında nə düşündükləri
ilə maraqlanıbmı?
Bu ilin fevralında Foks telekanalına müsahibəsində ABŞ
prezidenti demişdi: "Dünyada pis oğlanlar var ki, bizə ziyan vurmaq
istəyirlər. Biz güclü orduya malik olmalıyıq və zaman-zaman bizə
lazım olanı etmək istəməyən ölkələrin əllərini burmalıyıq ki, onlar
özlərini elə aparmasınlar ki, elə bil bizdə müxtəlif iqtisadi,
diplomatik və yaxud, bəzi hallarda hərbi rıçaqlar yoxdur, hansılar
ki var". Obama "Amerikanın dünyanın bir nömrəli ölkə olması"
ideyasının qurbanına çevrilib. Əlbəttə, əgər o, hegemon və despotik
idarəçiliyini, dünyaya qan uddurmaq siyasətini davam etdirəcəksə,
bütün dünyanı Amerikaya qarşı qaldıracaq və yəqin ki, birincilik
iddiası baş tutmayacaq.
Bu il Konqresə illik müraciətində cənab Obama Ukrayna ilə Rusiya
arasında qarşıdurmanı nəzərdə tutaraq demişdi ki, "biz "böyük
ölkələr kiçik ölkələri qorxuda bilməzlər" prinsipini müdafiə
edirik". Görəsən İraq ABŞ-dan neçə dəfə böyükdür?