Türkiyənin siyasi həyatını alt-üst edən 17 dekabr əməliyyatı ilə
bağlı istintaqın daha bir neçə detalı, daha dəqiqi nazirlərdən
birinin oğlu və daha sonra məşhur siyasətçilərdən biri ilə telefon
danışığı mediaya sızdırılıb. Musavat.com Türkiyə mediasına
istinadən xəbər verir ki, əməliyyat günü nazirlərdən birinin oğlu
saat 06.36-da atasına zəng edərək "məni aparmağa" gəldilər deyib.
Atasının cavabı isə belə olub: "Qaça bilirsən, qaç".
Oğlunun zəngindən sonra nazir siyasətçilərdən birinə zəng edib
ona həbs ediləcəyi ilə bağlı narahatlığını deyib. Narahatlığını həm
özünün, həm də başqa siyasilərin evlərinə polis basqınları ilə izah
edib. Adıçəkilməyən siyasətçi
nazirə iş yerinə getməsini tapşırıb və ona məsələ ilə məşğul
olacağını deyib.
Nazir daha sonra "mən sizə qabaqcadan bu xəbəri vermişdim" deyə
şikayətlənib. Siyasətçi "sən araşdırma aparıldığını demişdin,
düzdü" cavabını verib. Telefon danışığının bu hissəsində nazir
qapının döyüldüyünü və polislərin gəldiyini deyir. Siyasətçi ona
bildirir ki, əgər qaça bilərsə, qaçsın. Nazir bu arada
saxlanmasının hansısa idman klubu ilə bağlı ola biləcəyini deyir.
("Musavat.com")