"Kadırovun Rusiyanın yürütdüyü siyasətdə ön
planda olması beynəlxalq ekspertlərin qiymətləndirmələrində mənfi
hal kimi dəyərləndirilir".
Bu barədə Axar.az-a
millət vəkili Zahid Oruc açıqlama verib. O bildirib ki, Çeçenistan
prezidentinin Rusiya siyasi məkanında aktiv iştirakı daxildə və
xaricdə müxtəlif qüvvələri narahat edir:
"Bir çoxları Putinin
ona qədərindən artıq səlahiyyət verdiyini əsas gətirərək, Rusiya
hakimiyyətini kəskin şəkildə pisləyir. Hətta onun idarəçiliyinin
əyalət miqyasından çıxaraq Rusiyadakı demokratikləşmə prosesinə
zərbə vurduğunu deyənlər də var. Atasından sonra onun çox
qeyri-sabit bir bölgəni -Rusiya ilə savaş mərkəzini sülh olan
bölgəyə çevirməyə çalışması heç də təsadüfi deyil. ABŞ-la
münasibətlərin bəlli səbəblərdən pozulması fonunda Kadırov fəal
şəkildə bu siyasətə qoşularaq Qərb əleyhinə kəskin bəyanatlar
səsləndirməkdə idi. Hətta ABŞ-ın dövlət rəhbərliyinin əleyhinə
bəyanatlar da bu sırada yer alırdı. Ukrayna məsələsində
Çeçenistanın hər zaman öndə olacağını, lazım gələrsə, həyatını
Putin yolunda qurban verəcəyini deyən Kadırovun hərəkəti əlbəttə
ki, Qərbin xoşuna gələ bilməzdi. Buna görə hətta onun qara siyahıya
salınması da plandaydı. İndi isə çeçen liderinin belə bir zamanda
ABŞ-a müraciət etməsi siyasi dairələr üçün müəyyən məna daşıyır.
Bir çoxları hesab edir ki, bu addım subyektiv bir mövqeyi ifadə
etmir və ola bilsin, Moskvanın siyasi dairələrindən buna razılıq
verilib".
Z.Oruc qeyd edib ki,
hətta ehtimallardan birinə görə, bu, Rusiya hökumətinin öz
siyasətidir:
"Ola bilsin ki, Kadırov
vasitəsilə beynəlxalq fikrə o mövqelər çıxarılır ki, Rusiya
konfrontasiyada maraqlı deyil və Qərblə qarşıdurma regiona, Ukrayna
hadisələrinə mənfi təsir göstərir, Avropa ilə münasibətləri
pisləşdirir. ABŞ-a göndərilən bu barışıq mesajları Kerrinin Soçiyə
səfəri ilə müşayiət olunur. Bunun belə bir ərəfədə olması da
yumşaldıcı mühit yaradır. Hətta məlumata görə, Kerrinin Putinlə də
görüşü gözlənilir. Bu o deməkdir ki, ABŞ-la Rusiya arasında siyasi
izolyasiyaya uğramış təmasın bərpası sonrakı dövr danışıqların
mövzusuna işarədir. Ancaq Ukrayna məsələsinin yaxın zamanda həlli
gözlənilmir. Ehtimal ki, Kadırovun bəyanatlarına, ABŞ-a verdiyi
barışıq mesajlarına qarşılıq verilməyəcək. Çünki bu, birbaşa Rusiya
baş nazirinin, parlamentinin bəyanatı deyil. Hesab edirəm ki,
bütövlükdə Qərb öz Rusiya siyasətindən geri çəkilməyəcək".