Dnepropetrovsk şəhər
Deputatlar Şurasının qondarma erməni soyqırımı ilə bağlı çıxartdığı
qərar ləğv edilib.
Bu barədə Dailykarabakh saytına Azərbaycanın Xarkov şəhərindəki
fəxri konsulu Əfqan Salmanov məlumat verib.
Fəxri konsulun sözlərinə görə, aparılan danışıqlar nəticəsində
Dnepropetrovsk şəhər Deputatlar Şurasının çıxartdığı qərar artıq öz
hüquqi qüvvəsini itirib:
"Dnepropetrovsk Vilayət Dövlət Admnistrasiyasının rəhbəri
Valentin Rezniçenko və onun müşaviri Boris Treyqermanla görüşüb,
Dnepropetrovsk şəhər Deputatlar Şurasının belə bir tarixi
saxtakarlığa yol verməsinin Ukraynada yaşayan azərbaycanlıların və
türklərin ciddi etirazına səbəb olduğunu və bu uydurma qərarın ləğv
olunmasının hüquqi yollarını müzakirə etdim. Çıxarılmış qərarın
təxribat xarakterli olduğundan, onun təcili ləğv edilməsinin
vacibliyi tərəfimizdən vilayət rəhbərliyinin diqqətinə çatdırıldı.
Bu məsələ ilə bağlı həmçinin, Ukraynanın Baş Prokurorluğunun və
Milli Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndələri ilə görüşlər
keçirilib, Dnepropetrovsk şəhər Deputatlar Şurasının qəbul etdiyi
qondarma qərarın Azərbaycan və Türkiyə ictimaiyyətində doğurduğu
ciddi narazılıq tərəfimizdən adı çəkilən dövlət qurumlarının
nəzərınə çatdırılıb".
Ə.Salmanov bildirib ki, keçirilən görüşlər və aparılan
danışıqlardan sonra Dnepropetrovsk şəhər Deputatlar Şurasının
sədri, şəhər merinin səlahiyyətlərini icra edən Qalina Bulavka belə
bir qondarma qanunun hüquqi qüvvəyə minməsinə imza atmayaraq,
Şuranın çıxardığı qərarı rədd edib. O, belə bir qərarın qəbul
olunma səlahiyyətinin parlament və prezidentdə olduğunu əsas
gətirərək,Yulya Timoşenko bloku tərəfindən gündəliyə çıxarılan
layihəni müraciət formasında səlahiyyətli orqanlara göndərdi.
Ə.Salmanov onu da bildirib ki, Şura tərəfindən qəbul olunmuş
qərarın bu şəkildə ləğv edilməsi Ukraynada fəaliyyət göstərən
erməni lobbisini əməlli başlı məyus edib. Fəxri konsul qərarın ləğv
edilməsində ona yaxından köməklik göstərən Dnepropetrovsk
Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev və diasporumuzun
fəalı Oqtay Babayevə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, bu il sentyabrın 30-da Ukraynanın Dnepropetrovsk
şəhər Deputatlar Şurasında Yulya Timoşenko blokundan deputat olan
Eduard Baqdasaryanın təşəbbüsü ilə qondarma erməni soyqırımı ilə
bağlı qərar qəbul olunub. Bu olay həmçinin Ukraynada fəaliyyət
göstərən Azərbaycan və türk diasporunun ciddi etirazına səbəb olub,
qərarın ləğv olunması ilə bağlı Birləşmiş Ukrayna Azərbaycanlıları
Konqresi və Ukrayna Millətlər Assambleyası Ukrayna prezidentinə və
parlamentinə müraciət etmişdi.