Ana səhifə Planet |
Su-24 hərbi təyyarəsinin vurulmasından sonra Rusiyanın
Türkiyəyə qarşı 6-cı həmləsi bu gün gəlib.
Publika.az xəbər verir ki, Rusiya Türkiyədən
qida məhsullarının idxalı üzərində nəzarətin gücləndirilməsi barədə
təlimat verib.
Mütəxəssislər Rusiyanın Türkiyəyə birbaşa deyil, asimmetrik cavab
verəcəyini bildirirlər. Rusiyanın indiyə kimi Türkiyəyə etdiyi
həmlələr isə aşağıdakılardır.
1. "Türkiyəyə getməyin" çağırışı. Rusiyanın Xarici
İşlər naziri Sergey Lavrov Türkiyədə terror təhlükəsinin yüksək
olduğunu bildirərək ölkə vətəndaşlarını Türkiyəyə getməməyə
çağırıb. Lavrov Türkiyənin Rusiya vətəndaşları üçün təhlükəsiz ölkə
olmadığını bildirib.
2. Aralıq dənizinin Suriya sahillərinə "Moskva" kreyseri və
S-300 zenit-raket kompleksləri göndərildi. Rusiyanın Su-24
təyyarəsinin vurulduğu Suriyanın Şimal-qərb sahillərinə S-300
zenit-raket kompleksləri göndərildi. Bundan başqa, Rusiyanın
Müdafiə Nazirliyi Suriyadakı hava bazasına əlavə olaraq S-400
zenit-raket komplekslərinin göndərildiyini açıqladı.
3. Türkiyə sərhədində hava əməliyyatları artırıldı.
Təyyarənin vurulmasından sonra Rusiyanın Suriyadakı aviasiya
qüvvələri Türkiyənin cənub sərhədlərində yerləşən türkman
bölgəsində bombardmanları gücləndirdi. Rusiyanın Müdafiə Nazirliyi
bombardmançı təyyarələrin "havadan-havaya" atəş açma qabiliyyətinə
malik olan qırıcılar tərəfindən müşayiət olunacağını açıqladı.
4. Qondarma soyqırım parlamentdə. Rusiya Ədalət Partiyası
"erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə
tutan qanun layihəsini Dövlət Dumasına təqdim etdi.
5. Ağ ət idxalı qadağan edildi. Rusiya Türkiyədən ağ ət
idxalını dekabrın 1-dən dayandırır.
6. Türk məhsullarının idxalı üzərində nəzarətin
gücləndirilməsi. Rusiya hökuməti Türkiyədən qida idxalı
üzərində nəzarətin gücləndirilməsi barədə təlimat verib.
Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun xarici
siyasət direktoru Üfüq Ulutaş iki ölkə arasında gərginliyin daimi
olmayacağını, amma Rusiyanın məlum hadisəni cavabsız qoymayacağını
düşünür.
"Vladimir Putin ölkəni güc və xarizması ilə idarə edən bir
liderdir. Rusiya təyyarəsinin vurulması isə onun xarizmasını ciddi
şəkildə zədələyə bilər. Rusiya rəhbərliyinin öz ictimaiyyətini
nəzərə alaraq sərt açıqlamalar verməsi və bir sıra addımlar atması
təbiidir", - Ulutaş deyib.
Ulutaşa görə, Rusiya Türkiyəyə qarşı həmlələrdən biri də Rusiya PKK
ilə əlaqələr yaratması, yaxud da PYD ilə olan əlaqələri daha da
gücləndirməsi ola bilər.
Tarix
2015.11.27 / 01:18
|
Müəllif
Axar.az
|