1953-cü ilin 5 martı SSRİ rəhbəri İosif Stalinin vəfatı
kimi tarixə düşdü. Yüz minlərlə insan dəstə-dəstə Kremlə, İosif
Vissarionoviçlə vidalaşmağa axışdı. Vida mərasiminə gələnlərin sayı
o qədər çox idi ki, yaranan izdiham nəticəsində yüzlərlə insan
həlak oldu. Diktatorun saysız-hesabsız cinayətlərindən xəbərsiz
olan yüz minlərlə sadəlövh insan onu göz yaşları ilə yola
salırdı.
Stalinlə vida mərasiminə qatılanlar arasında SSRİ rəhbərinin oğlu
Vasili Stalin və qızı Svetlana Alliluyeva da vardı. Atasıyla
vidalaşmağa hərbi formada, general rütbəsində gələn Vasili tez-tez
"əclaflar, sevinin, atamı öldürdünüz" – deyərək ağlayır, göz
yaşlarını dəsmalla silir, ayaqüstə çətinliklə dayanırdı. Onun SSRİ
rəhbərliyinə ünvanlanmış ittihamlarını dövlət rəsmilərdən Nikita
Xruşşov, Lavrenti Beriya, Lazar Kaqanoviç, Georgi Malenkov və
digərləri çox yaxşı eşidir, lakin susmağa üstünlük verirdilər.
Onilliklər sonra üzə çıxdı ki, diktatorun oğlu əslində həqiqəti
söyləyirmiş. SSRİ ictimaiyyəti Stalinin ölümünün geniş
təfərrüatları barədə heç vaxt məlumatlı olmadı. Kreml həkimlərinin
rəsmi nəticələrində Stalinin insult keçirməsi açıqlandı. Onilliklər
sonra – imperiya süquta uğrayanda məlum oldu ki, Stalini zəhərləyib
öldürüblər. Rusiya və dünya mediasının vurğuladığı sui-qəsdlə bağlı
bir sıra maraqlı faktlar, versiyalar ortaya çıxıb.
Publika.az müxtəlif
mənbələrə istinadən həmin faktları təqdim edir:
SSRİ-nin sui-qəsdçiləri – Beriya, Xruşşov
Stalinin Kuntsevadakı bağ evində uzun müddət həyat əlamətinin
olmadığını görən keşikçilər həyəcanla diktatorun otağına daxil
olduqda SSRİ rəhbərinin döşəmədə uzandığını gördülər. Beyninə qan
sızmış diktator hərəkətsiz idi. Lakin heç kimin İosif
Vissarionoviçə toxunmaq hüququ yox idi. Beriyanın şəxsi icazəsi
lazım idi. Saatlarla axtarılan Lavrenti Stalinin otağına daxil
olduqda "Yoldaş Stalin dincəlir" – deyə rəhbərin "istirahət"
etdiyini bildirdi. Beləcə, Stalin 12 saat tibbi yardımdan məhrum
olundu.
Beriyanın Stalinin ölümündə maraqlı olmasını Nikita Xruşşovun
"Xatirələr"i də sübut edir: "O, huşunu itirmiş Stalinin ətrafında
gəzişir, İosif Vissarionoviçi söyür, təhqir edirdi. Elə ki,
Stalinin huşu özünə qayıtdı, Beriya onun qarşısında diz çöküb İosif
Vissarionoviçin əllərini öpməyə başladı. Az sonra Stalin yenə
huşunu itirdi. Lavrenti ayağa qalxıb tüpürdü" ("Xəzinə").
Stalinin övladlığa götürdüyü Artyom Sergeyev, qızı Svetlana
Alliluyeva, nəvələri Aleksandr Burdonski və Qalina Yakovlevna,
habelə digər şəxslər birmənalı olaraq iddia edirlər ki, diktatorun
ölümünün səbəkarı Beriyadır. Onlar iddialarını Lavrentinin beyninə
qan sızmış Stalini saatlarla həkim köməyindən məhrum etməklə,
bəziləri isə zəhərləyib öldürməklə əsaslandırırlar.
Stalinin nəticəsi Yakov Cuqaşvili iddia edir ki, SSRİ rəhbərini
zəhərləyiblər.
Sui-qəsddə Çerçil faktoru
İrlandiyalı araşdırmaçı Qlen Midd "Qar canavarı" əsərində Stalinin
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları tərəfindən
öldürülməsinə dair iddialar var. Faktlara müraciət etdikdə
araşdırmaçının bəzi şübhələrinin həqiqətə yaxınlığı məlum olur.
SSRİ-nin Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş əməkdaşları
Qlen Middlə söhbətlərində də İosif Vissarionoviçin MKİ tərəfindən
öldürülməsini istisna etməyiblər. Bütün bunlar bir yana, 1953-cü
ilin yanvarından 1961-ci ilin əvvəlinədək ABŞ-ın 34-cü prezidenti
olmuş Duayt Eyzenhauer gündəlik xatirələrini qeydə alırdı. Şübhəli
məqam bundan ibarətdir ki, Stalin vəfat etdiyi dövrdə Eyzenhauer 20
gün ərzində gündəliyinə heç nə yazmayıb. Onun başı "başqa"
məsələlərə qarışmışdı. Bu, həmin dövr idi ki, amerikalılar SSRİ
rəhbərinin ABŞ-a hidrogen bombasını atacağı barədə tez-tez təlaş
keçirirdilər.
Digər faktı da dıqqətdən qaçıra bilmərik: - Stalin ölümündən 14-15
gün əvvəl Hindistanın SSRİ-dəki səfiri ilə söhbətində
gözlənilmədən: "Canavar mənim qanıma susayıb. Ətrafımda dolaşır.
Canavarı öldürmək lazımdır" – demişdi ("Xəzinə").
Diktatorun sözləri ilə ölümü arasındakı zaman məsafəsinin qısalığı
şübhəli məqamlara işarədir.
Əslində çoxları bilmir ki, Stalin canavarları həddən çox sevirdi.
Diktatorun qızı Svetlana Alliliyeva isə öz xatirələrində vurğulayır
ki, atası ömrünün son günlərində yazı masasının üzərindəki
kağızlara canavar şəkilləri çəkirdi. Eyni zamanda Stalin bağ
evindəki xidmətçilərə tapşırmışdı ki, sobaları qızarana qədər
alovlandırsınlar. Bu, canavarlardan qaçan ovçuların
ehtiyatkarlığını bənzədirdi.
Svetlana Alliluyeva atasının həyatının son anlarını belə təsəvvür
edir: "Onun can verməsi çox dəhşətli idi. Sanki hansısa qüvvə atamı
gizli şəkildə boğurdu. O, hansısa məqamda sakitləşdi. Sol əlini
yuxarı qaldırıb, nəyəsə işarə etdi. Bilmədik ki, bu hədə idi, yoxsa
başqa şey..? Qəzəb dolu gözlərilə bizə baxdı, az sonra huşunu
itirdi".
Bəzi araşdırmaçılar diktatorun müəmmalı ölümündə vaxtilə
Reynhard Qeydrixə qarşı uğurlu sui-qəsdin ideoloqlarından olmuş
Britaniyanın baş naziri Uinston Çerçilin (o, 1951-ci ildə ikinci
dəfə baş nazir vəzifəsini icra edirdi) də adını vurğulayırlar.
Məsələ burasındadır ki, Çerçilə "Cəngavər" rütbəsi Stalinin
ölümündən cəmi 2 həftə sonra verildi. Halbuki bu mükafat ona heç
İngiltərə üçün ölüm-dirim savaşı sayılan İkinci Dünya Müharibəsi
illərində mükafat verilməmişdi. Bir çoxları Leninin "Sovet
Rusiyasının ən böyük qənimi" adlandırdığı Çerçilin Stalinin
ölümündən sonra ali mükafata layiq görülməsinin heç də təsadüfi
olmadığını vurğulayırlar.
Faktlar, sənədlər, ölüm məktubu
SSRİ-nin keçmiş dövlət xadimi Mixail Poltoraninin araşdırmaları
diktatorun zəhərlənərək öldürülməsi iddialarının təkzib edilməsi
imkanlarını alt-üst edir. Hər şey Poltoraninin Stalinin sui-qəsdlə
öldürülməsini əks etdirən gizli qovluğu tapmasından sonra başladı.
Məlum oldu ki, Kreml həkimlərinin 1953-cü ilin martında rəhbərin
vəfatı ilə bağlı açıqladıqları rəsmi tibbi nəticə saxta imiş.
Poltoraninin əlinə keçən qovluqda tibb elmləri doktoru,
anatompatoloq Arseni Rusakovun məktubu da üzə çıxdı. Məktubda
Stalinin öldürülməsi faktı açıq-aydın əks olunmuşdu.
Anatompatoloq,qeydlərini prokurora göndərdikdən cəmi 3 saat sonra
güllələndi. Onun "cinayət"i bu müdhiş sirri üzə çıxarması idi.
Bir nüans da diqqət çəkir: - Mixail Poltoraninin tapdığı sənəddən
fərqli olaraq, Rusakovun məktubu bu günə kimi ictimaiyyətə
açıqlanmayıb. Rusakovun Stalinin zəhərlənməsi hada məktubu bu günə
kimi Kreml divarlarının arxasında saxlanılır.
O ki qaldı SSRİ rəhbərinin hansı üsulla aradan götürülməsinə,
bununla bağlı bir sıra versiyalar gündəmə gəlib. Araşdırmaçılar
bildirirlər ki, Stalin tərkibinə zəhər qatılmış mineral su ilə
zəhərlənib. Diktator adətən "Narzan" mineral sularından istifadə
edirdi. O, öl(dürül)ən gün rəhbərin Kuntsevadakı bağ evinin
mətbəxində 3 butılka vardı. Şüşə qabları tarix muzeyinə verildi.
Maraqlı məqam bundan ibarətdir ki, muzeyə cəmi 2 butılka təqdim
edilib. Üçüncü butulka isə yoxa çıxıb. Bu, Stalinin həyatının son
günündə onun iş stolunun üstündəki şüşə qab idi.
Stalinin öldürülməsi ilə bağlı digər versiya onun sənədlər,
kitablar vasitəsilə zəhərlənməsidir. Kreml rəsmiləri çox yaxşı
bilirdi ki, Stalin sənədlərin, kitabların vərəqlərini barmağını
dili ilə tez-tez isladaraq çevirirdi. Ehtimala görə, rəhbərin iş
planınını çox yaxşı bilən Kremldəki suiqəsdçilər onu vərəqlərinə
zəhər hopdurulmuş sənədlər, ya da kitablar vasitəsilə
zəhərləyiblər.
Son vaxtlar məlum olub ki, Kremldəki əleyhdarları SSRİ rəhbərini
düz 3 dəfə zəhərləyiblər. İlk dəfə 1946-cı ildə baş tutmuş
əməliyyat nisbətən uğurlu olsa da, diktator sağalıb. İkinci
zəhərlənmə hadisəsi 1949-cu ildə qeydə alınıb. Martın 29-da
Stalində dezinteriya aşkarlanıb və xəstəlik 31 iyuladək davam edib.
Üçüncü, uğurlu sui-qəsd isə 1953-cü ilin martında baş verib.
Daha bir neçə maraqlı faktı da təqdim etmək yerinə düşür: - Bu,
Stalinin ölümündən az əvvəl Kremlin komendantının həbs edilməsidir.
O, diktatora sadiqliyi ilə seçilirdi. 1952-ci ilin dekabrında
DTK-nın əməkdaşı, 1931-1952-ci illərdə, 21 il Stalinin şəxsi
mühafizəsinin rəhbəri olmuş general-leytenant Nikolay Vlasik həbs
edildi. Diktatorun müəmmalı ölümündən 3 ay əvvəl Beriya tərəfindən
aradan götürülən bu əsas fiqur bildirdi ki, tezliklə Stalin də yox
olacaq.
Sonda: - yazımızın girişində Stalinin oğlu Vasili Cuqaşvilinin
"əclaflar, sevinin, atamı öldürdünüz" ittihamını təsadüfi olaraq
qeyd etmədik. Beriya-Xruşşov cütlüyü Stalinin müəmmalı ölümündən
cəmi 53 gün sonra oğlunu da zərərsizləşdirdilər. 1953-cü ilin 27
aprelində onu Lyubyankaya gətirilən ölkənin ən gənc aviasiya
generalı gülməli də olsa, Vətənə "xəyanətdə" ittiham olunurdu.
Lakin general-leytenanta qarşı ittihamlar sonradan antisovet
təbliğatı ittihamıyla əvəzləndi. Həyat göstərdi ki, Vasili
Cuqaşvili atasının zəhərlənməsi iddiasında haqlı imiş.