Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı BMT Baş Assambleyasının qətnamə layihəsinə ölkə nümayəndə heyətinin dəstəyinə görə həmvətənlərindən üzr istəyib.
Axar.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Vuçiçin fikrincə, əvvəllər BMT-nin Ukraynanı dəstəkləyən əsas qətnamələrinin lehinə səs verən Serbiya nümayəndə heyəti bu dəfə səhv edib. O, məsuliyyətin tamamilə öz üzərində olduğunu vurğulayıb:
“Mən heç bir gücə yaltaqlanmalı olduğumuzu düşünmürəm - nə ruslara, nə də amerikalılara. ABŞ-ın qətnaməsinə gəldikdə, Serbiya bitərəf qaldı, düzgün səs verdi”.
Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının üçüncü ildönümündə BMT Baş Assambleyası müharibə ilə bağlı iki qətnaməni təsdiqləyib. Serbiyanın dəstəklədiyi qətnaməni Ukrayna və Avropa ölkələri hazırlayıb. O, Rusiyanın təcavüzünü pisləyir və müharibənin tez bir zamanda dayandırılmasını və Ukraynaya dəymiş ziyanın ödənilməsini tələb edir.
Bu qətnamənin əleyhinə ABŞ və Rusiya da daxil olmaqla, 18 ölkə çıxıb.
İkinci qətnaməni isə ABŞ təqdim edib. Bu qətnamədə Rusiyanın təcavüzkarlığı barədə heç bir söz yoxdur.