Yuxarı

Bakıda Sehrbazlar dərəsi: Siz ora getməyə hazırsınız?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamal Abdullanın “Sehrbazlar dərəsi” səhnələşdirilib, Azdram bu möhtəşəm əsərə səhnə tərtibatı verib. 15 fevralda təqdimatı keçirilən səhnə əsərinə 16 fevralda tamaşa etdik.

Qənaətlərimiz:

“Sehrbazlar dərəsi” fikir toqquşması, fəlsəfi-mifik təsəvvürlərin qarşıdurmasıdır: düşüncəni aşan paralellər və paralel dünyalar, reinkarnasiya, karma... – mükəmməl bənzətmələr və əsl düşüncə hüdudsuzluğu ilə bədiiləşdirilib.

Kamal Abdullanın üslubudur: onu anlamaq üçün yunan mifologiyasından hind fəlsəfəsinə, “Kitabi-Dədə Qorqud” sətirləri, sözləri arasında şifrələnən türk təfəkkürünə, Misir ehramlarından Qafqaz maqlarına, Altay şamanlarına qədər, ən azı ilkin bilgilərin olmalıdır ki, bu dünyagörüşlərin qarşılaşması və “astar üzünə” çevrilməsi, “antitezis” yanaşma ilə bu “birləşmiş” anlayışlardan müəllifin yaratdığı “fərqli reallığa” çıxış edə biləsən.

Tən paralel dünyadakı ruhun kölgəsidir, yoxsa ruh təndədir və onu tərk edə bilməz?

Şeytan – Allahdan başqa heç nəyi, hətta onun yaratdığını da qəbul etməyən və yalnız və yalnız Ona sidq ürəklə inanan sədaqət simvolu deyilmi? Və s.

Kamal Abdullanın fikir və düşüncə dünyası həm də bir labirintdir: “çıxışı” yoxdur, ənginlikdir – içinə girdinsə, beynin imkanlarını aşan bu təsəvvürlərdən sonuc əldə etməyə çalışma, yoxsa “batdın” demək – o elmə, o düşüncəyə, o təsəvvüfə!

Yaxşısı sonuca çatmaq üçün beyni yormamaqdır – bu ənginliyə daldıqca-dal, süzdükcə-süz – bitən-tükənən deyil, sərhədi yoxdur, səni məhdudlaşdıracaq “kimsə yox”.

Kamal Abdulla sənə “muxtariyyət” də verir: istəsən, əlavələrini elə - bir qarşıdurmadan minlərlə yol çıxır, hansını istəyirsən, seç, onunla get və yaxud getdiyin yolun sonsuzluğunu gördünmü, qayıt “başlanğıca”, digərinə adla və beləcə “Labirint”...

Bu düşüncə fırtınası səhnəyə necə gələ bilər?

Tamaşanın rejissoru Bəhram Osmanovdur və doğrusu, bu əsərin uğurlu səhnə həlli üçün ondan yaxşısı hazırda ağlıma da gəlmir.

Bəs, bu “fırtına” səhnə həllini tapıbmı?

Pərdə yoxdur, səhnə dəyişmir, 2 saata yaxın müddətdə süjet “labirinti” düşüncə fırtınası ilə səni alıb aparır.

Ancaq vacib bir detal: Kamal Abdullada “su” yoxdur, “Sehrbazlar dərəsi”ndə ümumiyyətlə hər söz də yox, az qala, hər hərf bu əsrarəngiz abidənin detalı, nə bilim, daşı, kərpicidir. Bu ardıcıllıqda bir hərf, bir söz, bir ifadə buraxdınsa, yenə “batdın” demək.

Aktyorlar bəzən arxasını tamaşaçıya çevirib və ya “dinamika naminə” fırlanaraq o sözləri deyir və nəticədə bəzi sözlər tamaşaçının qulağına çatmır. Fikir selindən bir söz və ya ifadə “qopur” və bu bəs edir ki, “zəncir” qırılsın!

Və yaxud: “dinamika naminə” böyük fikir toqquşmaları hay-küy və aktyorun yerdə fırlanmaları ilə təqdim edilir. Anlayıram, səhnədə hərəkətlilik vacibdir, ancaq iki fəlsəfi dünya toqquşanda bunun səsi beyində “çaxır”, buna görə “hərəkət” bir az “donsa” yaxşıdır – sözün səsi çatmalıdır, “küy” yox.

“Sehrbazlar dərəsi” beyin məşqidir, bu məşqdə “küy” “səsə” mane olmamalıdır – hər söz/səs tamaşaçıya yetməlidir!

Digəri: Hacı Mir Həsən ağa Səyyah – yalnız qışda bu adı əyninə geyinir ki, soyuqdan qorunsun (mükəmməl metaforadır). Tamaşada ”Mənə Səyyah deyə bilərsən” cümləsindən görünür ki, qış deyil. Bəs, niyə aktyorlar ağ tül - nazik parça yox, qalın ağ kürk geyiniblər? Qışdırsa, Səyyah niyə bütün adını əyninə geyinməyib?

Daha biri: bir neçə məqamda işıq effekti son dərəcə gözəl təəssürat yaradır, ancaq bunu bütün tamaşa haqda demək olmaz.

Yeri gəlmişkən: aktyorların səsi ifadə etdikləri mətnin dərinliyini anladıqları təsəvvürü yaratmırdı. Ad çəkmək istəməzdim, ancaq məncə, tanınmış aktyorumuz səs tembri ilə qəti yerində deyildi!

Fəlsəfi cərəyanların mürşidləri danışır – o “küy”ə, yerdə sürünməyə, məncə və məncə, ehtiyac yox. Sözü “canlandırmaq” üçün o, daxildən gəlməlidir, hərəkətlə olmaz ki!

Əlbəttə ki, bu, sadəcə, bir abıvatel-tamaşaçı rəyidir, Bəhram Osmanova iradlar deyil. Səhnə həllini o bilir, bəlkə də aktyorların ilk oyunudur, növbəti tamaşalarda rejissor mütləq sözlərin tamaşaçıya daha aydın və işıqlı/işıqlarla çatması üçün “kərpiclərin” düşməsinə imkan verməyəcək.

Sonda: “Sehrbazlar dərəsi”nə hazırlıqlı gedin – düşüncə baxımından. Dünya heç də çoxlarının düşündüyü kimi deyil – onu bu tamaşadan sonra bir daha anlarsınız.

Tarix
2025.02.17 / 14:04
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

Əlinin qapanı və Avropadakı “söyüşçü”lərin Bakıdakı əli

Naxçıvanlılar Vasif Talıbovdan nələr danışır? - Fotolar

Şuşanı kim və niyə şərləyir? - Video/Foto

Əliyevin Şuşada dediyi bu sözlə qəti razı deyiləm

Nikolun “bunu qələbəyə çevirək” iddiası - Bakı nələri güzəştə gedib?

Putinin inanılmaz mesajı: Savaşı bitirmək istəyir, tək şərti...

De Vaal da Bakıya düşmən oldu: Nə baş verir?

1941 və 2022-ci il hücumları... - Heyrətamiz oxşarlıqlar

Karasinin Xankəndi ilə bağlı ədası və boyunu aşan tərzi...

Bayraq qaldırıldı, qılınc qından çıxdı - Türkiyə savaşa girir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla