Yuxarı

Vahabzadə 1983-də Həsənova şəxsi məktubunda nələr yazıb?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vahabzadə 1983-də Həsənova şəxsi məktubunda nələr yazıb?

Mərhum xalq şairi Bəxtiyar Vahabzadənin 1983-cü ilin may və ya iyun ayında həmin dövrdə Mərkəzi Komitənin katibi olan, milli baxışlı kadr kimi tanınan Həsən Həsənova yazdığı məktubu üzı çıxıb.

Kult.az sözügedən məktubu təqdim edir:

“Əziz və hörmətli Həsən müəllim, salam.

İlk növbədə Sizi, özümü və xalqımızı əzizimiz Heydər Əli oğlunun ikinci dəfə qəhrəman adı alması münasibəti ilə təbrik edirəm (Heydər Əliyev “Sosialist Əməyi Qəhrəmanı” adını iki dəfə alıb – 1979 və 1983-cü illərdə red.). Bu hadisə yalnız Əliyevin deyil, həm də onun mənsub olduğu xalqın nailiyyətidir. Bu həqiqəti bütün ciddiliyi ilə dərk etmək üçün ilk növbədə bu xalqın və bu vətənin qeyrətini daşıyan oğul olmaq lazımdır.

İkinci

İstirahətdə olmağınızla əlaqədar vaxtınızın qeyri-məhdudluğunu nəzərə alıb və Sizi müəyyən qədər məşğul etmək məqsədi ilə ürəyimi boşaltmaq istəyirəm: həm də ona görə ki, Siz MK katibliyindən əvvəl məndən beşbetər vətən atəşinin oduna yanan bir vətəndaşsınız. Məni narahat edən duyğular və fikirlər Sizi də narahat edir və bu yolda əlinizdən gələni etməyə çalışırsınız (bəqədri-qüvvə), onu da deyim ki, çox iş gördünüz və görürsünüz. Gördüyünüz işlər bilikdən və savaddan çox yanğının nəticəsidir.

Oktyabr rayon partiya təşkilatının təşəbbüsü ilə Füzuli rayonunda Füzuli poeziya günləri keçirmək üçün rayona getmişdik. Məqsəd camaata Füzuli şerini sevdirmək, xalqı tərpətmək idi. Mən burada rəsmi görüşlərdən başqa camaatla ürək söhbəti elədim (həmişə olduğu kimi). Bu səmimi söhbətlərdən mən bir daha inandım ki, biz haradan başlamaq və necə etmək lazım olduğunu hələ bilmirik. Nəsə başqa iş görmək, başqa cür eləmək lazımdır. Niyə? Ona görə ki, bunu etiraf etmək nə qədər acı olsa da, həqiqət budur ki, xalqımızın ümumi səviyyəsi hələ çox aşağıdır.

Buna görə də indi etdiklərimiz asfalt üstündə toxum səpməyə bənzəyir. Bəlkə biz ibtidadan, lap əvvəldən başlamalıyıq. Çünki xalq hələ adi şeylərdə yetişməyib. Bu yetkinsizlik, bu qeyri-kamillik elə bil xalqın psixologiyasında, zatında, rüşeymindədir (Bəlkə də mən səhv edirəm. Kaş səhv edəydim!!!)

Yayları 2 ay sərasər Şəkidə oluram. Ətraf kəndləri gəzir, camaatla ürək söhbəti edirəm. İnanın mənə, bizim düşündüklərimizi düşünən barmaq hesabı qədər azdır. Yaman azdır. Camaat yalnız maddi qayğılarla yaşayır. Mənəviyyat haqqında düşünməyə ya imkan yoxdur, ya da heç düşünmək belə istəmir. Az qalır, M.F.Axundov və Mirzə Cəlil kimi öz xalqımdan bədgüman olam. Məniviyyat keçib yüzüncü plana.

Fakt istəyirsiniz? Keçək fakta: otaqlarımın təmiri üçün yaxşı rəngsaz, dülgər və santexnik axtarırdım. Özümüzünkülərdən (Bizimkilər yüngül və asan qazanc dalınca qaçır). Tikinti təşkilatlarına müraciət etdim, hamısı bir ağızdan erməni ustalarının adını çəkdi. Məlum oldu ki, bu təşkilatlarda çalışan ustaların 90%-i erməni ustalarıdır. Santexnik, rəngsaz və dülgər işi üçün evimdə müxtəlif vaxtlarda 3 erməni ustası işlədi, həmin günlərdə erməni şair dostum mənə Yerevandan konfet göndərmişdi.

65-70 yaşında qoca erməni santexnik konfetin üstündə ermənicə yazını görən kimi konfet kağızını götürüb gözünə sürtdü və dedi ki, ölmədim, konfetin üstündə mənim ana dilində yazı gördüm. Həmin qoca mənə Sasunlu Daviddən, kamançanın tarixindən danışdı. Və mənə sübut etməyə çalışdı ki, “kamança” sözü erməni sözüdür və bu alət çox qədim erməni alətidir.

Santexnik getdi, bir cavan dülgər gəldi. Bu dülgər mənə Matenedarandan, oradakı əlyazmalarından və bu əlyazmalarında iddia olunan faktlardan – Qarabağın qədim erməni torpağı olmasından ağız dolusu danışdı. Və ilax. ...

İndi Sizdən soruşuram, “savadsız” erməni ustalarının yaşadığı bu duyğular bizim akademiklərimizdə varmı? Mən hələ adi adamlarımızı demirəm.

Demək, biz hələ özümüzü bir xalq kimi, bir millət kimi dərk etməmişik, özümüz-özümüzü tanımırıq.

Siz bilirsiniz ki, mən təhsilin yalnız ana dilində olması tərəfdarıyam. Bu barədə böyük rus pedaqoqu Uşinskinin iddiaları mənim əlimdə bayraqdır. O, uzun müddətlik tədqiqatdan sonra bu qənaətə gəlib ki, bir xalqın balaları başqa dildə təhsil alanda, o xalq öz kökündən laxlayır (İstəsəniz mən Uşunskinin həmin kitabını Sizə çatdıraram). Yeri gəlmişkən, Sizdən xahiş edirəm, həmin əsərin Azərbaycan dilində tərcüməsinə təşəbbüs göstərəsiniz.

Bununla belə bir həqiqət də var ki, Bakıdakı Azərbaycan məktəblərinin səviyyəsi çox aşağıdır. Mənim uşaqlarımın oxuduğu 132 nömrəli və başqa məktəblərlə yaxından əlaqəm var. Müəllimlərimizin də səviyyəsi çox aşağıdır. Mən yuxarıda “ibtidadan başlamaq lazımdır” deyəndə bunu nəzərdə tuturdum. Bəlkə məktəblərdən başlamaq, məktəblərimizin səviyyəsini qaldırmaq əsasdır? Elə etmək lazımdır ki, kəndlərimizdə orta məktəbi bitirib şəhərlərə gələn gənclər rus dilini mükəmməl bilmiş olsun və bu dil vasitəsi ilə dünya mədəniyyətinə yiyələnsin. Çünki tərcümə işi bunun öhdəsindən gələ bilməz.

Rus məktəblərini bitirən azərbaycanlı balalarının ümumi səviyyəsi, dünyagörüşü zəngin, milli cəhətdən isə natamam, qeyri-kamil olur. Azərbaycan məktəblərini bitirən azərbaycanlı balalar isə milli cəhətdən məhdud mənada kamil olsa da, ümumi səviyyələri aşağı, dünyagörüşləri isə məhdud olur. İndi biz neyləyək ki, bu iki cəhəti birləşdirək? Balalarımız həm milli cəhətdən, həm də ümumi səviyyə etibarilə kamil olsunlar?..

Əziz Həsən müəllim, vallah bu barədə o qədər ürəyimlə danışıb özümü yormuşam ki... Ömrüm boyu bir bəhanə axtarıram: ürəyimi başqasına da açım ki, bəlkə yüngülləşəm. Əlbəttə, ürəyi o adama açmaq olur ki, sənin səsinə səs versin. Bu adam sizsiniz. Mən keçən məktubumda da yazmışdım. Nədənsə Sizinlə rastlaşanda qəlbimi tam aça bilmir, Sizin elədiklərinizə görə təşəkkürlərimi bildirə bilmirəm. Ona görə də kağız köməyimə çatır. Mən istərdim, Bakıda qeyri-məhdud bir vaxt tapasınız, bütün bu məsələlər barədə ətraflı danışaq.

İkinci tərəfdən Sizi başa düşən və başa düşdüyünə görə sizi sevən adamlar çoxdandır həyəcan içindədir. Sizin üçün narahatıq...

H.Cavidin yubileyi ilə əlaqədar mənə tapşırdığınız məruzəni qurtardım. M.Cəfər Cəfərov və Yaşar Qarayev də oxudu. Bəyəndilər və onların qeydləri əsasında yenidən işlədim. İndi məruzə hazırdır. Amma havadan belə görünür ki, yubiley payıza qalacaq. Elədirmi?

Sizə pyeslər kitabımı göndərdim. Darıxan vaxtlarınızda vaxt tapsanız, xahiş edirəm, “Dar ağacı”nı oxuyun. Bakıda fikrinizi deyərsiniz.

Mənə bir tapşırığınız olsa, xəbər edin. Məmnuniyyətlə yerinə yetirərəm. Bəlkə evdə uşaqlara bir şey lazımdır?

Sizə və yoldaşınıza yaxşı istirahət və can sağlığı arzu edirəm.

Hörmətlə,

Sizin BƏXTİYAR”.

Məktubun hazırda saxlanıldığı ünvan: Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, fond 66, siyahı 3, iş. 1, v. 8-10.

Qeyd edək ki, məktubu tarixçi Cəmil Həsənli paylaşıb.

Tarix
2025.11.25 / 11:00
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

Hansı “yerli istehsal” üçün vergini artırırlar?

İlham Əliyev Jelko Komşiçi təbrik etdi

Milli Məclisin növbəti plenar iclası başladı

Kamaləddin Qafarov: Kəlbəcər yenidən inşa olunur

Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan

Maduro üçün gerisayım başladı: Hava hücumları başlaya bilər

Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla