Yuxarı

Daşlarda yaşayan yaddaş: 7 əsrlik türbə…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daşlarda yaşayan yaddaş: 7 əsrlik türbə…

Şəki bölgəsinin qədim yaşayış məkanlarından biri olan Babaratma kəndi əsrlər boyu formalaşmış tarixi, dini və mənəvi irsi ilə seçilir. Kənd ərazisində yerləşən türbə, məscid və qəbiristanlıq kompleksi 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yerli əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilmişdir. Bu fakt Babaratma kompleksinin yalnız xalq yaddaşında deyil, rəsmi dövlət səviyyəsində də mədəni irs kimi tanındığını təsdiqləyir.

Babaratma qəbiristanlığının elmi dövriyyəyə daxil edilməsi və ilkin sistemli tədqiqi XX əsrin ikinci yarısında tanınmış epiqrafçı alim Məşədixanım Nemət tərəfindən aparılmış araşdırmalarla bağlıdır. Onun 1992-ci ildə nəşr olunan tədqiqatlarında Babaratma kitabələri yalnız oxunmamış, eyni zamanda sosial-tarixi kontekst, titul sistemi və kalliqrafik üslub baxımından təhlil edilmişdir. Alim bu kompleksin sadəcə dəfn yeri deyil, sufi yönümlü dini-mənəvi mərkəz olduğunu elmi faktlarla əsaslandırmışdır.

Türbənin əsas kitabəsində burada dəfn olunmuş şəxs kimi Seyid Hacı Ağa Məhəmməd Əfəndi ibn Seyid Qasım Çələbi ibn Seyid Qədeş Çələbi Əfəndi ibn Seyid Hacı Şeyx Dədə Mürsəl Şeyx Babartanın adı qeyd olunur. Kitabə hicri 1005-ci ilə, yəni miladi 1596-1597-ci illərə aid edilir və ərəb dilində süls xətti ilə həkk olunmuşdur. Bu tip xəttin seçilməsi, islam kalliqrafiyasında monumental və müqəddəs mətnlər üçün istifadə edilməsi dəfn olunan şəxsin dini və elmi statusunu açıq şəkildə göstərir.

Məscidin daxili divarında yerləşən ikinci kitabə hicri 1100-cü ilə, yəni miladi 1688-1689-cu illərə aiddir və orada “Babaratma kəndindən olan Molla Abdullah ibn Molla Əbdülmütəllib bu şərəfli məscidi bərpa etdirdi və öz əli ilə qəbrini qazdı” ifadəsi yer alır. Bu məlumat həm konkret tarixi şəxsiyyətin adını, həm də bölgədə abidə bərpası ənənəsinin yerli dini icmalar tərəfindən həyata keçirildiyini təsdiqləyən mühüm faktdır.

Babaratma kompleksinin tarixi ilə bağlı fərqli yanaşmalar da mövcuddur. Akademik Yaqub Mahmudov Şəki tarixinə həsr olunmuş çoxmüəllifli əsərə yazdığı ön sözdə qeyd edir ki, el arasında Pirbaba adı ilə tanınan bu məkan ilkin mənbələrə görə islamı bölgədə yayan Xəlifə Osmanın nəslindən olan ərəb sərkərdəsi Babai Rutab tərəfindən inşa edilmişdir. Onun fikrincə, məscid və türbə hicri 728-729-cu illərdə, yəni miladi 1327-1328-ci illərdə tikilmişdir. Bu məsələnin dəqiqləşdirilməsi məqsədilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin əməkdaşları Ş.Şərifov, A.İftixari və M.Pirmurtuz tərəfindən araşdırmalar aparıldığı qeyd olunur, lakin bu tədqiqatların nəticələri ayrıca elmi nəşr şəklində dərc edilmədiyindən, məsələ elmi mübahisə mövzusu olaraq qalır.

2024-cü ilin sentyabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi kimi mənim təşəbbüsümlə Babaratma qəbiristanlığında epiqrafik ekspedisiya təşkil edilmişdir. Ekspedisiyada Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva iştirak etmiş, kitabələrin oxunuşu və sənədləşdirilməsi həyata keçirilmişdir. Nuray Baba və ya Qərib Baba kimi tanınan məzarın kitabəsinin yekun oxunuşu isə filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlilli tərəfindən tamamlanmışdır.

Sözügedən məzar kitabəsində “Həbibullah fid-dünya qərib”, “Katib Yəhya”, hicri 1369 və miladi 1950-ci il tarixləri, həmçinin “Bu qəbir Məmməd bin Musa tərəfindən Babaratma kəndində Yel ziyarətində yenilənmişdir” ifadələri yer alır. Bu fakt XX əsrin ortalarında belə ziyarətgahın aktiv dini yaddaş məkanı olaraq qalmasını sübut edir. 2025-ci ilin yanvar ayında isə yerli zəvvar Behbud Eminlinin maddi dəstəyi ilə məzar yenidən abadlaşdırılmışdır.

Babaratma qəbiristanlığında aşkar edilmiş ən diqqətəlayiq abidələrdən biri qadına məxsus sənduqə tipli məzar daşıdır. Bu məzar həm forması, həm də üzərindəki ornamentik təsvirləri ilə bölgədə nadir rast gəlinən nümunələr sırasına daxildir. Daşın üzərində bitki motivləri, çiçək təsvirləri, eləcə də qadın məişətinə aid simvolik işarələr - sırğa və başmaq elementləri seçilir. İslam dəfn mədəniyyətində bu cür ornamentlər təsadüfi deyil, onlar dirilik, ruhani paklıq və axirətə inam ideyalarını ifadə edir. Qadın məzarında zinət əşyalarının təsviri isə dünyəvi zərifliklə mənəvi təmizliyin sintezini simvolizə edir. Bu fakt orta əsr Şəki bölgəsində qadınların sosial və mənəvi statusunun qəbir daşları üzərindən də ifadə olunduğunu göstərir. Epiqrafik yazının olmamasına baxmayaraq, sənduqənin bədii tərtibatı həmin qadının icma daxilində hörmətə malik olduğunu və yaddaşda qorunmağa layiq görüldüyünü göstərir. İslam arxeologiyası baxımından bu məzar qadın kimliyinin yalnız ailə və məişət çərçivəsində deyil, kollektiv yaddaş və sakral məkan daxilində də görünən olduğunu sübut edən mühüm maddi mənbə kimi dəyərləndirilir.

Babaratma kompleksinin mənəvi mahiyyəti sosial elmlər prizmasından da izah olunur. Fransız filosof və sosioloq Moris Halbvaksın kollektiv yaddaş nəzəriyyəsinə əsasən, bu cür məkanlar cəmiyyətin keçmişi canlı şəkildə yaşatdığı yaddaş sahələridir. Alman alimi Yan Asmanın mədəni yaddaş konsepsiyası baxımından isə Babaratma kitabələri daş üzərində kodlaşdırılmış kimlik arxividir. Folklorşünas alim Ramazan Qafarlı da öz tədqiqatlarında Babaratma pirini Azərbaycan inanclar sistemində baba kultunun mühüm nümunələrindən biri kimi qeyd edir.

Beləliklə, konkret tarixi sənədlər, epiqrafik yazılar və adı çəkilən alimlərin araşdırmaları göstərir ki, Babaratma türbə və məscid kompleksi yalnız memarlıq abidəsi deyil, Şəki bölgəsində İslam mədəniyyətinin, sufi ənənələrinin və kollektiv yaddaşın əsrlər boyu formalaşmış canlı mərkəzidir. Bu məkanın qorunması və elmi şəkildə öyrənilməsi milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Fariz Xəlilli,

tarix üzrə fəlsəfə doktoru

Tarix
2026.01.05 / 12:34
Müəllif
Kult.az
Digər xəbərlər

Bu idarəetmə modeli bütövlükdə ölkəyə tətbiq edilə bilər

İlham Əliyevdən məmurlara ciddi xəbərdarlıq!

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... - Ərdoğan

Mənim üçün Azərbaycan məhz o torpaq idi - Əliyev

Prezident yerli televiziya kanallarına müsahibə verdi

Hamını bu mübarizəyə dəvət edirəm - Prezidentdən mühüm!

Ruslan Eyyubovun yerinə Qibləliyev təyin edildi

Ordumuz Qəzzaya gedəcəkmi? - Prezident nöqtə qoydu

Azad edilmiş ərazilərin iki əsas şəhəri olacaq - Prezident

İlham Əliyevdən Ermənistana müjdə: Çıxacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla