Yuxuda məktəbimizi bugecəki kimi gördüyümü xatırlamıram: tam bir gecə... Bir neçə dəfə oyanmışdım, yenidən yuxuya gedəndə “qaldığım yerdən” davam etmişdim.
Həm də bir olay iki zamanda və ya iki zaman bir məktəbdə, bir-birinin içində: birində dünyasını dəyişən müəllimlərimizin dərsində onların artıq həyatda olmadığını bilirdim, digərində əksinə, “sağlıq dəmindəki kimi...”
***
11-ci sinifdə artıq ali məktəbimizi seçmişdik, öz ixtisasımıza uyğun fənləri gecə-gündüz oxuyurduq.
Bizim evimiz qəsəbənin məşhur və yeganə parkının ortasındaydı.
Hər gün və ya günaşırı axşamtərəfi hava almaq üçün parka düşürdüm.
Oxuyanda belimi çox əyirdim, ağrıyırdı, ona görə gəzməyə çıxanda şam-şax yeriyirdim. Elə ilk addımlarda gözüm parkın o başına dikilirdi - Emingilin evinə sarı. Emin də eyni vaxtda evdən çıxırdı.
Bir dəfə də sözləşməmişdik, bircə dəfə də məktəbdə olarkən vədələşməmişdik, ancaq az qala hər gün sanki sözləşibmiş kimi, parkda görüşürdük.
Emin həmişə əli belində gəzirdi. Bir dəfə soruşdum, “belim ağrıyır” dedi.
- Mənim də. Ona görə düm-düz gəzirəm, ağrısı keçsin.
- Eh, sənə nə var ki! O boyla şax gəzirsən, gözə görünmür. Mən əlimi belimə qoyuram ki, ağrıdğımı nümayiş etdirim, dikbaş olduğumu düşünməsinlər.
16 yaşımızda Emin ucaboy sayılırdı, arıq, uzun oğlandı, hərdən zarafatla “Uzun” da deyirdik...
***
Məktəbimiz P şəkillilərdən idi, indi sizin anlaya bilməyiniz üçün “n” deyəm gərək, həm də balaca hərflə, böyük “n” başqa şəkildədir.
Girişindəki beton “günlüyü” saxlayan qoşa dəmir dayaqlardan birinin ətrafı bir az çökmüşdü, yağış yağanda su yığılardı. Yağışdan sonra anamın (nənəmə “ana” deyirdim) - məktəbimizin birinci mərtəbəsinə baxan xadimənin - o suyu süpürdüyü yadımdadır.
Foyedə iki böyük dibçək vardı, ağacları tavana dəyirdi. Məktəbimizdən sonra bir daha o ucalıqda, o böyüklükdə dibçəklər gördüyümü xatırlamıram.
Sağ tərəfdən “n”in bir qanadında ibtidai siniflər olurdu. Sol tərəfə gedən hissədə direktor və təsərrüfat üzrə müavinin kabinetləri yerləşirdi.
...Kazım müəllim (direktorumuz) ortada oturmuşdu, amma kabineti tərəf deyildi, məktəbin önündəydik. O “n”in ortasında dayananda sağ da, sol da yaşıllıq idi. Öndən təxminən 1-1,2 metr hündürlüklü alçaq hasar məktəbi tam çevrələyirdi, arxaya getdikcə hasar da ucalırdı.
Məktəbimizin həyəti çox böyük idi, arxa həyəti isə daha böyükdü: güllə atmaq üçün (Hərbi hazırlıq fənni) nəhəng, hündür hasarlı tir, futbol və basketbol stadionları, turniklər vardı, məktəbin qazanxanası da ordaydı.
Məktəbimizin arxası Xəzərə baxırdı, hasarın bitdiyi yerdən bir neçə metr sonra böyük yarğan gəlirdi, təxminən 4-5 metr, bəlkə də daha çox. Deyirdilər, Xəzərin sahili ordaymış, sonra çəkilib.
Getsəydim, görərdim, indi su hardadır...
Xəzər sahilindəki qəsəbəmizdə bir küləklər olurdu ki, az qalırdı, evlərin damını atsın. O soyuğu onqat artıran küləklərdə qazanxanaya girmək ləzzət edirdi. Bir isti olurdu ki...
Adətən Cahangir (təsərrüfat işləri üzrə müavin) baxırdı qazanxanaya, qışda hər gün səhər tezdən məktəbə yeni istilik verirdi. Radiatorlar indiki kimi deyildi, qalın idi, möhkəm idi, üstündə otura bilirdik...
Bizim təsəvvürümüzdə dünyanın ən kök adamı Kazım müəllim, ən arığı Cahangir idi.
...Kazım müəllimin başına niyə yığışmışdıq, bilmirəm. Günlü havaydı, ağacların yarpaqları arasından gün işığı Kazım müəllimi ala-tala etmişdi.
Uşaqlarımızdan biri söz atdı:
- Kazım müəllim, edəcəyik (yuxunun bu hissəsini xatırlamıram, “nəyi etməli idik” ki...), amma sizdən sonra...
Zaman qarışdı, bir anlıq anladım ki, artıq Kazım müəllim həyatda deyil və bu söz onun xətrinə dəyə bilər:
- Onda de ki, qaldı gələn əsrin 50-ci ilinə də, - mən tez-tələsik sinif yoldaşımın sözünə “düzəliş” etdim.
Kazım müəllim baxışlarını qarnının üstündən qaldırdı və mənə baxıb güldü.
İlk dəfə onda ayıldım...
***
Artıq yaşımız 53-ü tamamlayır, bu arıq, uzun Eminin saçı kimi kimsədə saç görmədim. Hər qayçı kəsmirdi, daramaq mümkün deyildi, tam bir “jılka”.
Yalnız Emin sovet dəlləyinin necə göründüyünü bizə göstərirdi. Emin dəlləkxana kreslosuna oturan kimi dəllək ağ xalatını, ağ qolçaqları geyinir, gözünə eynək, ağzına maska taxırdı. Kəsdiyi saçlar kirpi iynələri kimi hər tərəfə sıçrayırdı - kimə dəydi-dəydi...
***
İkinci mərtəbəyə sol pilləkənlə qalxan kimi sağdakı otaq - coğrafiya sinfiydi, Xəlil müəllimin sinfi. Ayağının birini “Böyük Vətən” üçün qoyub gəlmişdi, sonsuz idi.
Sinif başdan-başa “əyani vəsaitlər” idi - lövhədə xəritələr qalaq-qalaq, Rual Amundsenin, Robert Skottun, Kolumbun, Ceyms Kukun, Vespuççinin, Magellanın... fotoları otağın divarının üst hissəsində yanaşı sıralanırdı, növ-növ oxlovları da masanın üzərində. Bu oxlovlar lövhədə üst-üstə asılan və mövzuya uyğun yerləri dəyişdirilən böyük xəritələrdə nələrisə göstərmək üçün istifadə olunurdu, amma tək ona görə yox. Dərsi bilməyənləri yumşaq yerində bu oxlovlar iz salırdı...
Xəlil müəllim məşhur Baxşıyevlərdən idi. Bacısı Qəmər müəllim ibtidai siniflərə dərs deyirdi, “n”in girişinin sağ qanadındaydı (binanın özünün sol hissəsi) sinfi.
Xəlil müəllimin otağı istiqamətində davam edəndə “n”in sonunda ədəbiyyat sinfiydi - Pakizə müəllimin sinfi.
Ortada müəllimlər otağı, kimya sinfi vardı, bəs, “n”in sağ (binanın soludur əslində) hissəsi?
Heç cür yadıma sala bilmirəm orda hansı siniflər olduğunu.
Yenə oyandım. İndi oyağam, amma davam edirəm: Tahir müəllimin (rus dili) sinfi ordaydımı?
Riyaziyyat 3-cü mərtəbədəydi, ortada - zatən “n”in 3-cü mərtəbədə “qolları” yox idi - Rasimə müəllim, yuxarı siniflərdə Bəyməmməd müəllimin sinfi!
Sevimlilərimiz.
Guya sevmədiyimiz müəllimimiz vardımı ki?
Var idi, xatırladım...
***
Respublika olimpiadasına yazılmışdıq, ikimiz. Səhər tezdən çatmayacağımızdan qorxurduq, ona görə gecə gəldik Bakıya, Eminin qohumu vardı, onlara.
“Ağsaqqal” Emin idi, mən Bakını heç tanımırdım. “105”-lə gəldik Azneftə, ordan qalxdıq “Baksovet” (İçərişəhər) metrosuna, “yeriyən pilləkən”lə endik platformaya, mindik qatara, iki stansiya getdik, “28 Aprel”də (28 May) düşdük, bu taya keçdik, başqa qatara mindik, bir stansiya sonra “Nizami” olmalıydı, orda düşəcəkdik - ancaq “26-lar” (Sahil) oldu!
Davam edib “başlanğıc nöqtəyə” qayıtdıq, yenidən iki stansiya getdik, “28”də bu taya keçib qatarı dəyişdik, bir stansiya sonra yenə bu lənətə gəlmiş “26-lar”...
“28”də “Memar Əcəmi” (o vaxt son dayanacaq idi) qatarını gözləməli olduğumuzu bilmirdik - daha doğrusu, “ağsaqqal” bilmirdi, mənim nəyimə lazım, mən “qonağam”...
İkinci cəhd də alınmayanda gülmək tutdu məni, həm də dəli gülmək - ovunmuram. Bir adamdan da soruşmur, ayıb sayır, özünü elə aparır ki, guya Bakını beş barmağı kimi tanıyır.
Emin qolumdan tutub, az qala sürüyür məni. Qəşş eləmişəm.
- Gəl çıxaq, - dedi, özü də gülürdü...
Çıxdıq: bay - bayaq girdiyimiz metro, “Baksovet”dir ki bura!
Məni saxlamaq olar!?
- Daan (onillərlə Emini görmədim, ancaq bu sözü heç unutmuram - “dayan” yox, “daan” deyirdi), metro alınmadı, ancaq “88”-lə gedəcəyik, vallah tanıyıram!
“88”-ə mindik və doğrudan, heç çaşmadan dəqiq ünvana apardı, “Nizami” metrosu tərəfdə hardasa bir ev idi, qohumu, deyəsən, tələbəydi.
Gecə möhkəm soyuqladım, burnum da açıldı. Eminin qohumu səhər tezdən cib dəsmalıma çoxlu odekolon vurdu, olimpiadanın keçirildiyi yerə qədər burnuma çəkdim, bir az xeyri oldu - hər halda, iştirak edə bildim.
***
Məktəbin arxasına doğru gedirdik: qaranlıqlaşırdı sanki, mənə elə gəldi ki, ağaclar kəsilib, böyük həyətimiz satılıb - bundan dəhşətli hiss ola bilməzdi.
Hönkürürdüm!
Sonra qəribə şəkildə ətraf işıqlandı: gördüm ki, məktəbimizin hasarı öz yerindədir, hasardan içəri bina-ev tikilməyib, ağaclar da seyrəlməyib.
Qanadlandım...
Həyətdən binaya girən kimi foyeni düz gedib, bir qapalı keçidlə böyük idman zalımıza keçirdik, solda isə birmərtəbəli bufetimiz vardı. O bufetin qarşısında iri gövdəli nəhəng iydə ağacı ucalırdı. Dərs bitəndən sonra - o vaxt bizim məktəbdə ikinci növbə yox idi, elə bir növbə vardı - anamın iş yerində ləngiyəndə, o iydə ağacına çıxardım: üçmərtəbəli məktəbimiz ayaqlarım altında qalırdı.
Mənim üçün dünyanın ən böyük ağacı o iydə ağacıydı.
Dadlı, rəngli iydələri olurdu. Hə, rəngli - yarıqırmızı, yarıqara, yarıqonur... Hansı nə qədər yetişirdisə, o rəngi də alırdı.
O ağacı görə bilmədim, çünki həyətdən gəlmişdim, birbaşa arxa stadiona tərəf. Çox istəyirdim o ağacı görüm, həyəcanlandım və... yenə ayıldım.
***
Birinci kursdaydıq, təsadüfən “105”-də görüşdük - mən anama dəymək üçün getmişdim, o isə deyəsən, hər həftə Ələtə gedib-gəlirdi:
- Məndən uzun olmusan ki - mənə “uzun” deyirdin...
Gülüşdük, bir az da təəccübləndim: 6-7 aya Emini keçmişdim.
Xeyli söhbətləşdik. Söhbətin arasında bir siqaret çıxartdı, ortadan bölüb, yarısını atdı, sonra “105”-in arxa qapısına sığınıb yandırdı, 3-4 dərin qullab alıb, pəncərədən tulladı:
- Bura bax, mən öyrəşdim, amma çox zibil şeydir. Çalış, siqaret çəkməyəsən, zəhərdir...
Yenə ağsaqqallıq edirdi. Haçan siqaretə başlamışdı, hansı ara “çatdırmışdı” bunu?
Mən də iki il sonra öyrəşəcək və 32 il - infarkt oluncaya qədər çəkəcək, 32 ildə hər gün bu zəhrimardan qurtarmağın yolunu düşünəcəkdim.
***
Hər şey gözlədiyimizdən daha sürətli oldu: işğal, daxili üsyan-qiyamlar, ölkəni saran yoxsulluq, ümidsizlik, xaos...
Heç bilmədik tələbəlik həyatı necə keçdi - gecə çörək növbəsinə dura bilməyəndə ac qalmalar, mənəvi-maddi sıxıntılar, ağrı-acılar, sonra bir-birinin ardınca vaxtsız itkilər...
...Bir də Vatsap üzərindən tam 34 ildən sonra tapışdıq, sonra da sinif yoldaşlarımızdan birinin toyunda görüşdük.
Bir çoxunu tanımadım, amma Emin tanınmayacaq dərəcədə dəyişməmişdi.
Məclis başlayar-başlamaz biz artıq şadlıq evinin foyesində idik...
Nə əvvəlki saçı vardı, nə də üzü: saçı seyrəlmişdi (yəni o saçlar da tökülə bilərmiş), üzü solğunlaşmışdı.
Xısın-xısın danışığımızı toy sahibi Gərayev (bizdə iki Vüqar vardı, ona görə soyadları ilə çağırırdıq) pozdu: “Yenə riyaziyyatı həll edirsiniz?”
27 uşaq idik, mən həmişə “Birinci variant” olurdum, sinfin 17-18 nəfəri “Birinci variant”ı “seçirdi” - yoxlamanı daha tez bitirirdim və onlara köçürməyə vaxt qalırdı.
Amma “İkinci variant” Emin, Məmməd, Aybəniz, Könül... üçün idi...
Bu dəfə riyaziyyatı müzakirə etmirdik, heç ədəbiyyatı da. Bu dəfə...
Emin danışdı: Neft Şirkətində işləyir, Məmmədlə, daha doğrusu, Məmmədin işçisi sayılır.
Sinif yoldaşlarımdan yalnız Məmmədi bir neçə dəfə görmək imkanım olmuşdu - son görüşümüz 20 il öncəydi.
- Təsəvvür elə, Emin işçimdir, - deyib, uğunub getmişdi: - O hərdən mənə yoxlama yazanda kömək eləmirdi haa, indi onun qisasını alıram...
Emin danışanda yadıma düşdü, Məmmədin sözünü xatırlatdım, güldük, səslədik Məmmədi, gəldi, ancaq rahat danışıb, xatirələri çözməyə fürsət olmadı - hər bir halda toy idi...
Razılaşdıq ki, mütləq, ən qısa müddətdə görüşək.
Cəmi bir həftə sonra işdə ürəyim dayandı: tromb...
Həkim “geriqayıdışı” möcüzə saydı.
Qayıtdım qayıtmağına da: ancaq...
Qismət beləymiş. Yenə görüşə bilmədik!
***
Ötən il Nadirin təşəbbüsü ilə məzun olmağımızın 35 illiyi ilə bağlı məktəbdə gözəl bir tədbir keçirildi.
Gedə bilmədim - bilmirəm, Emin gedə bilmişdimi?
***
Yuxu bitmirdi, tükənmirdi: oyanırdım, 36-37 ilin bu tayında açırdım gözümü, sonra yatırdım, 36-37 il aradan qalxırdı.
Bitməyən bir təəssürat, tükənməyən bir xatirə...
29 may 2026-cı ili bu cür oyandım. Özümə söz verdim - bayram günləridir, mütləq uşaqlarla danışacam, mütləq görüşəcəm, fürsət edib, məktəbimizə də gedəcəm...
“Özümə gəlim” dedim, sonra bir az işlədim, işlə bağlı hər şeyin qaydasında olduğuna əmin olandan sonra telefonu axtardım - sinif yoldaşlarıma zəng vuracaqdım.
Götürdüm, səssizdən çıxartdım və baxdım ki, sinif yoldaşları qrupumuzda yazışma var.
Rövşən səs atmışdı:
- Uşaqlar, Emin rəhmətə getdi, mən burdayam, kim yaxındadırsa, gəlsin, dəfn bir azdan olacaq...