Ötən ilin fevral ayında Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində bir neçə milli-mədəni fəal həbs edilib və İran məhkəməsi onları qondarma ittihamlarla uzun illik həbs cəzalarına məhkum edib. Onlardan bəziləri barəsində hətta “Azərbaycan Respublikasına casusluq” ittihamları da irəli sürülüb.
Ötən ayın sonundan isə həmin ittihamlarla həbs edilən hüquqşünas Tahir Nəqəvi və Vədud Əsədi barələrində irəli sürülən ittihamların saxta olması, məhbus hüquqlarının pozulması və işlərinə yenidən baxılması tələbi ilə aclq aksiyasına başlayıblar.
Bir neçə gün ərzində başqa məhbuslar da onların aksiyasına qoşulub, adı çəkilən şəxslərə dəstək məqsədilə məhbusların ailələri və başda Abbas Lisani olmaqla, bir qrup mədəni fəal Tehranın Evin həbsxanası qarşısında oturaq aksiya keçiriblər.
Aksiya dağıdılıb, Abbas Lisani, Əli Xeyrcu, Yusif Kari, Behzad Dəşti və başqa bir neçə nəfər təhlükəsizlik təcridxanasına, sonradan isə Evin həbsxanasının təhlükəsizlik bölməsinə köçürülüblər.
Bura qədər baş verənlər İran məhkəməsi və əlaqədar dövlət qurumlarının insan haqlarına laqeydliyi, vətəndaşların taleyinə biganəliyinin daha bir nümunəsidir.
Ancaq! Xaricdə mühacir həyatı yaşayan bəzi şəxslər və milli təşkilatların əməlləri, məsələlərə yanaşmaları isə onların da həbsdə olan şəxslərə qarşı münasibətlərinin səmimi olmadığını göstərir. Həmin şəxslərdən biri İsveçdə yaşayan və Güney Azərbaycan Demokrat Partiyasının başqanı olan Mahmud Bilgindir.
Mühacir soydaşımızın şəxsi və insani keyfiyyətlərinə heç bir iradımız olmasa da, onun siyasi və milli fəaliyyətinin, yumşaq desək, faydasız olduğu qənaətinə gəlmək olar.
Bilgin bəy və başqa bir neçə mühacir yaşadıqları ölkələrdə, o ölkələrin dilində Güney Azərbaycan məsələsini, azərbaycanlıların hüquqlarının pozulmasını və mədəni fəallara qarşı təzyiqləri işıqlandırmaq, insan haqları təşkilatlarını buna cəlb etmək əvəzinə “daha rahat” yol seçiblər. Azərbaycan Respublikasının paytaxtında qeyri-ciddi qurumlarla birgə tədbir keçirərək, özlərini təbliğ etmək, hansısa biznes layihələrini reallaşdırmaq üçün bundan istifadə etmələri ən yaxşı halda qeyri-səmimilik və həbsdə olanların taleyi, həyatı üzərində qumar oynamaqdır.
Əslində problem bu soydaşlarımızın daha asan yola üstünlük vermələri deyil, məsələ həm də əsaslı bir iş görmədən onların Azərbaycan Respublikasını da İran və müəyyən qurumların hədəfinə çevirməsidir.
Təsəvvür edin ki, İran məhkəməsi, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) həbsdə olan fəalları “casusluq”da, “separatçılıq”da və “İranın ərazi bütövlüyünə, milli təhlükəsizliyinə zərbə vurmaq”da günahlandırdığı halda, həmin mühacir soydaşlar da Bütöv Azərbaycan xəritəsi qarşısında "müdafiə" tədbiri keçirir, məhbusların “bütöv azərbaycançı" olduğunu iddia edir, bütöv azərbaycançılardan onlara dəstək vermələrini istəyir.
Həmin tədbirlərdə xüsusi fəallıq göstərən ağayi Mahmud Bilgindən soruşmaq lazımdır:
- Niyə İsveçdə, yaşadığın ölkənin rəsmi dövlət dilində bu məsələlərlə bağlı heç bir məlumat yaymırsınız?
- Niyə İsevçdə, mötəbər beynəlxalq insan haqları təşkilatlarının qarşısında aksiya keçirib, Tehranda həbsdə olan fəallara dəstək tələb etmirsiniz?
- Niyə bir qızınızın İsveçin əyalət, bir qızınızın isə ölkə parlamentində təmsil olunduğu halda onlardan Tehranda həbsdə olan azərbaycanlı fəalların hüquqları ilə bağlı parlamentlərdə, başqa dövlət qurumları və insan haqları təşkilatlarında çıxış etmələrini istəmirsiniz?
- Niyə minlərlə azərbaycanlının, xüsusilə Güney azərbacanlının yaşadığı İsveçdə o ölkənin rəsmi dilində məsələ ilə bağlı heç bir məlumat paylaşılmır?
- Onsuz da Azərbaycan mediasının davamlı işıqlandırdığı, vətəndaşların dəstək verdiyi şəxslərin barəsində İsveçdən gəlib Bakıda konfrans keçirmək nəyə, kimə xidmət edir?
Mahmud Bilgini tanıdığım üçün onun bu hərəkətlərdən Azərbaycanı hədəfə çevirmək niyyətinin olmadığına əminəm. Ona görə də yəqin ki, onun və onun kimilərin bu hərəkətləri daha çox şöhrətbazlıqdan və yuxarıda da qeyd etdiyim başqa maraqlardan irəli gəlir.
Əlbəttə, bu, uzun illərdir davam edir və illərlə də davam edəcək.
Bundan əvvəl də belə təcrübələrin şahidi olmuşuq. İsveçdə, Almaniyada, Britaniyada yaşayan fəallar öz dillərini normal bilmədikləri halda həmin ölkələrdə Azərbaycan dilində az sayda jurnal çap edib və gətirib Bakıda yaymaqla məşğul olublar. Hansı ki, Azərbaycan Respublikasında nəşr olunan jurnal, kitab və başqa nəşrləri aparıb o ölkələrdə yaymalı, lazım olan materialların isə həmin ölkələrin dilinə tərcümə edilib yayılmasına çalışmalı idilər.