Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin 75 illiyi qeyd edilib.
Kult.az xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunusun təşkilatçılığı ilə baş tutduğu bildirilən yubiley mərasimində bir sıra tanınmış simalar iştirak edib.
Qeyd edək ki, Cavanşir Rəhim oğlu Quliyev 22 noyabr 1950-ci ildə Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri fakültəsinin Tar şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib.
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.
1990–1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980–1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında — Bakı Musiqi Akademiyasında, 1994–2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005-ci ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri olub. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur.
O, 19 il Şimali Kipr Türk Respublikasında yaşadıqdan sonra ötən il Azərbaycana qayıdıb.
“Əməkdar incəsənət xadimi” fəxri adını 1992-ci ildə alıb.
C.Quliyevin yubileyindən fotonu Ramiz Yinis paylaşıb.