Yuxarı

Trampın 28 bəndlik planında yeganə qalib: Qazanan kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın 28 bəndlik planında yeganə qalib: Qazanan kimdir?

Trampın 28 maddəlik “sülh planı” münaqişə tərəflərinin heç birinə mütləq üstünlük vermir.

Ukrayna üçün ən ağrılı məsələ ərazi güzəştləridir. Plana görə,

- Krım, Donetsk və Luqansk de-fakto Rusiyanın tərkibində tanınır;

- Xerson və Zaporojye vilayətlərində cəbhə xətti “dondurulmuş” vəziyyətdə qalır;

- Rusiya beş bölgədən kənarda işğal etdiyi ərazilərdən imtina edir;

- Donetskin bir hissəsi neytral, demilitarizasiya olunmuş zona kimi tanınır.

Lakin sənəddə Ukraynanın suverenliyi təsdiqlənir. Bu, o deməkdir ki, Rusiyanın xeyrinə olacaq ərazi güzəştləri müvəqqəti xarakter daşıyır. Hərçənd, davamında Ukraynanın ərazilərini güc yolu ilə qaytarmaq perspektivləri də sual altına düşür. Çünki sənəddə qeyd olunur ki, “Ukrayna və Rusiya razılaşdırılmış sərhədləri güc yolu ilə dəyişməyəcəklərinə dair öhdəlik götürəcəklər”.

Münaqişə dondurulur və gələcəkdə həlli üçün güc tətbiqi variantını həm Ukrayna, həm Rusiya üçün sıradan çıxarır.

Ukrayna üçün müəmmalı məqamlardan biri təhlükəsizlik zəmanəti ilə bağlıdır. Sənəddə “Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri veriləcək” qeydi yer alır, lakin necə?

- Ukraynanın NATO-ya üzvlüyünə icazə verilmir;

- NATO qoşunları Ukraynaya yerləşdirilmir.

Bu, rəsmi Kiyevin ümid etdiyi iki təhlükəsizlik zəmanətinin – ya NATO-ya üzvlük, ya da Avropa qoşunlarının “təmas xəttinə” yerləşdirilməsi, olmaması deməkdir. Yeganə zəmanət ABŞ-ın mümkün sülh sazişindəki öhdəliklərə nəzarətindən ibarətdir.

Sənəd Ukraynaya müəyyən dividentlər vəd edir.

1. Avropa İttifaqına üzv ola və Avropa bazarına güzəştli çıxış əldə edəcək;

2. Ölkənin bərpası qlobal maliyyə paketi çərçivəsində həyata keçiriləcək, hətta Rusiyanın dondurulmuş aktivlərinin 100 milyard dolları bu istiqamətdə sərf olunacaq.

Bu plan Ukraynada Finlandiya modelinin – ərazi güzəştləri hesabına iqtisadi inkişaf – tətbiqi ilə nəticələnə bilər.

Plan Rusiyanın iki strateji hədəfinə uyğun gəlir.

Birincisi, Ukrayna hədəfidir;

- Ərazi məsələsində üstünlük qazanır;

- Ukraynanın NATO-ya qoşulmamasına nail olur.

İkincisi, “qlobal güc” hədəfidir;

Müharibə başlanmamışdan öncə Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi Şimal Alyansının genişlənməməsini özündə əks etdirən “təhlükəsizlik sazişi” Moskvanın qlobal güc kimi qəbul edilməsi məqsədi daşıyırdı. Çünki Moskva “soyuq müharibə”dən sonra yaranmış qobal şərtləri bir gün dəyişdirmək ümidi ilə razılaşmışdı, 2020-ci ildən sonra başlanan geosiyasi proseslərdə Rusiyanın mövqeləri böyük ölçüdə nəzərə alınmırdı. ABŞ və NATO-ya təqdim olunan saziş, ardınca Ukraynada müharibənin başlanmasının Rusiyanın maraqları kontekstində buna hesablanmışdı. Trampın planında Rusiyanın bu istəkləri nəzərə alınır:

- ABŞ vasitəçiliyi ilə Rusiya və NATO arasında təhlükəsizlik məsələlərinin həlli və qlobal sabitliyin təmin edilməsi üçün dialoq baş tutacaq;

- Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək, NATO isə daha da genişlənməyəcək.

Bu, ABŞ və NATO-nun Rusiyanı “qlobal güc tərəfi” kimi qəbul etməsi deməkdir. Plan Moskvanın siyasi və iqtisadi təcridini də aradan qaldırır.

Hərçənd, əldə etdiyi qazanc Rusiyaya mütləq üstünlük vermir.

- İşğal etdiyi ərazilər üzərində nəzarəti de-fakto tanınsa da, suveren olaraq Ukrayna torpağı hesab olunur. Ki, bu Moskvanın müharibədə hədəfinə tam nail ola bilməməsi deməkdir;

- NATO-nun genişlənməməsi ilə bağlı tələbi qəbul olunsa da, Rusiyanın “qlobal güc tərəfi” rolu ABŞ-ın nəzarəti altında olur.

Trampın 28 bəndlik sülh planının mütləq qazananı ABŞ-dır. Vaşinqton zəmanətçi kimi həm Avropa, həm Rusiya üzərində nəzarət imkanı əldə edir.

Sülh planının qəbul olunacağı, ən azı bu formada qəbul olunacağı sual altındadır. Hazırda Cenevrədə davam edən danışıqlar da Kiyevin avropalı tərəfdaşları ilə müqavimətinin nəticəsidir. Vaşinqton Kiyevi və avropalıları razı salmaq üçün müəyyən loyallıq sərgiləyə, planda bəzi maddələri Ukraynanın istəyinə uyğunlaşdıra bilər. Hərçənd, prinsipial məsələlərin - ərazi və NATO-ya qoşulmamaq, Şimal Alyansının genişlənməməsi və s. dəyişəcəyi ehtimalı azdır.

Tarix
2025.11.24 / 16:11
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

"Söyüş blogerləri"nin sponsoru Adnan imiş - Sensasion iddia

Şuşada mühüm tədbir keçirildi

Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə

Ceyhun Bayramov İran rəsmisini qəbul etdi

Azərbaycan Ukraynaya hansı “Su-22-ləri” verir? – Absurd iddia

Hacıyev bu sözləri ermənilərə çatdırmağımı istədi

Vardanyanla həbsdən əvvəl danışdım, dedi ki… - Qlumov

Bu ölkə Azərbaycanda səfirlik açır

İnanıram ki, Zəngəzur dəhlizi... - Prezident

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla