Heç bir jurnalistin üzünə açılmayan arxiv "Gündəlik
Teleqraf"da
Eks-prezidentin yayınlanmamış arxivi "Gündəlik Teleqraf"da
Elçibəyin arxivinin taleyini araşdırmağa başlayanda təsəvvürümə
gətirməzdim ki, uzun illərdir mediadan uzaq gəzən Elçibəy ailəsi
onun arxivini fotoaparatın yaddaşına köçürməyimə izn verəcək.
Mərhum prezidentin həyat yoldaşı Həlimə Əliyeva davamlı
israrlarımdan sonra "Vorovski"dəki evlərində arxivi çəkməyimə razı
oldu. Əslində, bir aydan çoxdur davam edən araşdırmamızın məqsədi
Elçibəyin çıxışlarının əks olunduğu kasetlərin üzə çıxmasıdır.
Görüntülərin məhv olması ilə bağlı narahatlığa görə o dövrdə
kasetləri inventarlaşdıran şəxslərdən tutmuş, Elçibəyin mühafizə
xidmətinin əməkdaşlarına qədər çox adamdan soraqlaşdım. Amma bu
araşdırmanı təqdir edənlərlə yanaşı, önəmsiz hesab edənlər də
tapıldı.
Bütöv Azərbaycan Birliyinin Rəyasət heyətinin üzvü Nəsib Nəsibli
kimi. O, bu işin Azərbaycan üçün fövqəladə bir şey olmadığını
demişdi. Əbülfəz bəyin kasetlərinin, sənədlərinin, hətta
əşyalarının kimdə olduğu barədə ümumi isimlər var: Oqtay Qasımov,
Mirmahmud Mirəlioğlu, İsaq Əvəzoğlu, "Doktor" ləqəbli Zakir
Məmmədov, Əli Kərimli, Əli Mürsəloğlu, Çingiz Göytürk. Konkret
sayı, məzmunu bəlli olmayan materiallar, kasetlər, məktub və
sənədlər... Hər kəs də əlindəkilərin göz bəbəyi kimi qorunduğunu
deyir. Buna şübhəm yox. İnternet əsrindəykən kasetlərin
orijinallarını özündə saxlamağı ilə fəxr edənlər niyə onları
"youtube" və digər sosial şəbəkələrə yükləmir? Kim qarant verir ki,
həmin kaset sahibləri dünyasını dəyişəndə övladları ona sahib
çıxacaq? Gənc nəsil niyə Əbülfəz bəyi ayrı-ayrı şəxslərin xatirəsi,
yazdığı kitablar, söylədiyi fikirlərlə tanısın ki? Onun öz səsini
dinləmək, ideyaları ilə birbaşa tanış olmaq üçün lentə köçürülmüş
video kasetlərə baxmaq şansı varkən.
Keçən il getdiyim həmin evə yollanıram. Elə yazılar var ki, orda
jurnalistliyi bir kənara qoymaq lazımdır. Çünki bəzi şeylər millət
üçün dəyərdir. Bir materialı hazırlamaq da bəzən tarixi missiya ola
bilər.
"O kostyumu şəkildə görmüşəm"
Böyük bir tarixi ağuşuna alan evdə olmaq, tarixi əsərlərin
fotosunu çəkmək imkanı yaranmışdı mənim üçün. Həyacanlıydım. İçəri
girən kimi Elçibəyin taxta çarpayısı gözümə sataşır. Həlimə xanım
məni ordubadlıların məşhur mürəbbəsi- cevizlə çaya qonaq edir. Çay
içə-içə apardığım araşdırmadan danışırıq, əşyalardan, kasetlərdən
söz açırıq. Evə daxil olan kimi ətrafı gözdən keçirirəm. Ətrafdakı
bütün əşyalar obyekt kimi görünür mənə. Hər şeyi fotoaparatın
yaddaşına köçürmək istəyirəm. Elçibəyin divardakı fotosunu çəkirəm,
Həlimə xanım deyir ki, Əbülfəz bəyin əynindəki həmin kostyumu elə
şəkildəcə görüb. Tünd boz rəngli kostyumun aqibətinin necə olduğu
ona bəlli deyil.
Çayımı içib mənəvi xəzinəni görmək üçün səbirsizlənirəm.
Kitabların evin damında saxlandığını deyən Həlimə xala yuxarının
soyuq olduğunu deyib mənə geymək üçün jaket verir. Pilləkənlə
yuxarı qalxıram. Diktofona ehtiyac duymuram. Heç qələm-dəftər də
götürməmişəm. Bu gün fotolar danışacaq...
Həlimə xanımı şəxsən tanımayan gənc həmkarlarım çox vaxt onun
mediadan uzaq qalmasını anlaya bilmirlər. Onunla üç-dörd dəfə
həmsöhbət olduğumdan xasiyyətinə bir qədər bələdəm. Bu sadə qadın
çox danışmağı sevmir. Vaxtilə ölkənin birinci şəxsinin xanımı olan
Həlimə Əliyevadan bir dəfə də olsun giley eşitmədim. Hələ ötən il
bu evdə əməkdaşımız Sevil Hilalqızı ilə qonaq olanda ancaq
nəvələrindən danışdıq. Qonşularından öyrəndik ki, əslində, ailənin
sosial problemləri kifayət qədərdir, amma bir yerə ağız açıb o
problemlərdən danışmayıb.
Heç bir jurnalistin üzünə açılmayan arxiv "Gündəlik
Teleqraf"da
Hansısa televiziya kanalından Elçibəy arxivini çəkmək üçün
müraciət edənlərə də "yox" cavabı verən Həlimə xanım heç bir
jurnalistin üzünə açılmayan, dəyərli əşyaların saxlandığı otağın
qapılarını açır. Hər divarı tarix olan evdə fotoaparatımın işığı
dayanmadan yanıb-sönür. Evin küncünə qalaq-qalaq yığılmış
portretləri, mebeldəki əşyaları, son istifadə etdiyi qənd qabını,
stəkan-nəlbəkinin belə fotosunu çəkirəm. Mebeldəki bütün əşyaları
bir-bir diqqətdən keçirirəm. Az sayda əşyanın üzərində inventar
nömrəsini görürəm. Gördüklərimi də obyektivə köçürürəm. Bu tarixi
əşyaları, kim bilir, bir də nə zaman çəkmək imkanı yaranar.
Kitab rəfinin bir gözünə toplanan diplomlara baxıram, portretlər
içərisində Həlimə xanım bizə Türkiyənin əfsanəvi aktrisası Türkan
Şorayın rəsmini göstərir. Deyir, Türkan Şorayın rəsmi "Yasamal"dakı
evdən gəlib. "Klassik türk musiqisi" adlı sandıqçanın fotosunu
çəkirəm. Kitab rəfinə baxıram: "Həzrəti Məhəmmədin həyatı", Seyid
Əzimin "Qəzəllər"i, Atatürkün portretlərinin üstünlük təşkil etdiyi
evdə Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvinin xalça üzərində əllə
işlənmiş portretləri var. Evdəki yazı masası, əsalar, Əbülfəz bəyin
istifadə etdiyi odekolon, telefon aparatı, xalçanın üzərindəki
qılınclar hamısı otaqdadır. Təqvim vərəqi də olduğu kimi qalır.
Elçibəyin son iş günü qeyd olunub: 1 iyul 1999-cu il. AXCP Ali
Məclisinin sessiyası.
Həlimə xala evin ortasındakı çemodanı göstərib deyir ki,
paltarlara Çilənay Səmədbəyli dərman vurub ki, xarab olmasın.
Yaşar Əliyev əşyaların aparılması üçün 2 maşın
ayırıb
İkinci mərtəbə muzeyi xatırladır mənə. Səssiz, tarix qoxuyan
əşyalar, kitablar, rəsmlər...Əbülfəz bəyin qızı Çilənay
Səmədbəylinin övladları- indi Türkiyədə olan Alpər və Elturanın
oyuncaqları kiçik divanın üstünə səpələnib. Üçüncü mərtəbəyə
qalxıram. Yeşiklərə yığılmış kitablar, toz basmış faks aparatları,
ayaqqabı qoyulan şkaf, "Azadlıq" qəzetinin ofisindən gətirilmiş
arakəsmənin pəncərə və qapıları.
Bu əşyaların daşınması üçün Azərbaycanın Daxili İşlər Nazirliyi
Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev o zaman iki maşın
ayırıbmış. Elçibəyin Türkiyədə müalicə olunduğu xəstəxananın
müdiriyyəti müalicə üçün istifadə olunduğu avadanlıqları da ailəyə
təslim edib ki, muzeyinə təhvil verilsin. Hazırda faktiki olaraq
muzey funksiyasını yerinə yetirən bu damda əşyalar toz içindədir.
Həlimə xanım hündür pilləkənləri çıxıb hər gün əşyaları təmizləyə
bilmir.
Hazırda qutularda saxlanan 5 mindən çox kitabın yanında, "Xaqani
33"dəki ofisin qabağında asılan və üzərində "Azərbaycan
Respublikasının Prezidenti, Milli Azadlıq Hərəkatının Lideri və
Bütöv Azərbaycan Birliyinin sədri Əbülfəz Elçibəy 1997-ci il
noyabrın 1-dən 2000-ci ilin iyunun 1-dək bu otaqda işləmişdir"
yazılmış lövhə də qoyulub.
1 saat vaxt keçirdiyim bu evdə çəkdiyim fotoların
Elçibəysevərlər üçün maraqlı olacağını düşünüb onları sizə təqdim
edirəm.
Həlimə xanımla əşyaların aqibəti barədə söhbətim, əşyalar
inventarlaşarkən kasetləri, Elçibəyə məxsus əşya və geyimləri
özündə saxlayıb Elçibəyin xanımına verməyən şəxsin kim olduğu
barədə növbəti yazımda məlumat verəcəyəm.
P.S. Sağollaşıb yola düzələndə söhbətə başım necə qarışmışdısa,
paltomu da Həlimə xanımın verdiyi jaketin üstündə geyindiyimin
fərqində olmamışdım. Həlimə xanımın gülümsəyərək: "paltonu jaketin
üstündən geyinmisən, özü də Bəyin jaketinin..." sözləri qulağımda
cingildəyir, qəribə hisslərlə evi tərk edirəm...