Binəqədi rayonu, Seyidzadə-29 ünvanında qeyri-qanuni
stomatoloji mərkəz fəaliyyət göstərir.
Ərazidə yaşayan sakinlərin "Axar.az"a verdiyi məlumata görə,
yaşayış binasında qanunsuz olaraq fəaliyyət göstərən stomatoloji
mərkəzdə heç bir gigiyenik qaydalara riayət edilmir. Sakinlər
bildirir ki, qeyd etdiyimiz ünvanda yerləşən binanın 2-ci blokunda
birinci mərtəbədəki evin sahibi evinin bir otağını stomatoloji
klinika kimi işlədir. Sakinlər gizli şəkildə işləyən stomotoloji
kabinetin standartlara cavab verib-verməməsindən, Səhiyyə
Nazirliyinin lisenziyası ilə işləyib-işləmədiyindən
məlumatsızdırlar və burda baş verən hər hansı fəsada görə kimin
məsuliyyət daşıyacağını öyrənmək istəyirlər.
Vətəndaşları narahat edən əsas məqam isə son dövrlər dünyanın ən
təhlükəli virusuna çevrilən Hepatit C-nin belə mərkəzlərdən yoluxma
barədə nazirliyin açıqlamasıdır. Son dövrlər ölkəmizdə Hepatit C-yə
yoluxma hallarının artdığını nəzərə alaraq, Səhiyyə Nazirliyi
standartlara cavab verməyən və ya lisenziyasız fəaliyyət göstərən
300-dən artıq stomotoloji mərkəzi bağlayıb. Stomatoloqlar isə
evlərinə çəkilərək, gizli şəkildə fəaliyyətlərini davam
etdirməkdədirlər.
Səhiyyə Nazirliyi vətəndaşlardan yardım
istəmişdi
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı
Səfayə Əhmədova "Axar.az"a açıqlamasında
nazirliyin bu istiqamətdə tez-tez yoxlamalar apardığını
bildirmişdi.
Onun sözlərinə görə, araşdırmaların nəticəsi olaraq son vaxtlar
Hepatit C virusuna yoluxma hallarında artım var: "Ancaq bunu
qorxulu həddə çatması kimi qiymətləndirmək düzgün olmazdı. Nazirlik
mütəmadi olaraq yoxlamalar keçirir. Gigiyenik qaydalara riayət
etməyən bütün tibb müəssisələrində araşdırma aparılır. Bu virusun
daha çox yayılma və yoluxma ehtimalı olan stomatoloji mərkəzlərin
iş şəraiti daha çox yoxlanılır".
S.Əhmədovanın sözlərinə görə, gigiyenik qaydalara əməl edilməyən
və ya lisenziyası olmayan belə mərkəzlər müəyyən edildikdə, onların
fəaliyyətinə xitam verilir: "Cərimə tətbiq edilən yerlər də olur.
Əgər fakt varsa ki, həmin mərkəzdə müayinə zamanı kimsə virusa
yoluxub, sahibkara cinayət işi də açıla bilər".
Nazirlik sözçüsü qeyd edir ki, gigiyenik qaydalara riayət
etməyən mərkəzlərin aşkar edilməsi ilə birbaşa nazirlik özü məşğul
olur: "Bunun üçün polis orqanları ilə heç bir əməkdaşlıq edilmir və
bu, nəzərdə tutulmayıb. Natəmiz şəraitdə işləyən və ya lisenziyası
olmayan stomatoloji kabinetlərin fəaliyyəti qadağan edildikcə, ev
şəraitində bu işlə məşğul olanların sayı artır. Bu, həm də vergidən
yayınma deməkdir".
Nazirlik sözçüsü belə yerlərin aşkar edilməsində vətəndaşları
diqqətli olmağa və nazirliyə yardım etməyə çağırmışdı.
"Qaynar xətt", yoxsa süründürməçiliyin yeni
forması?
Nazirliyin bu müraciətini nəzərə alıb, sakinlərin narahatlığına
aydınlıq gətirmək üçün Binəqədi rayonu Seyidzadə 29 ünvanında
fəaliyyət göstərən diş kabinetinin qanuni və nəzarətdə
olub-olmamasını öyrənmək istədik.
İki gün ərzində Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə
saxlamağa çalışsaq da, zənglərimizə cavab verən tapılmadı.
Nazirliyin "Qaynar xətt" xidmətindən isə
"Axar.az"a bildirdilər ki, belə bir kabinetin
fəaliyyəti barədə daxil olan şikayəti Analitik şöbəyə təqdim
ediblər və Analitik şöbədən bildirilib ki, şikayətçilər kollektiv
imza ilə məktub hazırlayıb, Səhiyyə nazirliyinə verməlidirlər və
yalnız bundan sonra şikayətin araşdırılması istiqamətində
tədbirlərin görülməsi planlaşdırıla bilər.
Nazirliyin belə laqeydliyinin səbəbi nədir?
Sözügedən diş kabinetinin lisenziyasının olub-olmamasına
gəldikdə isə nazirliyin Lisenziyalaşdırma şöbəsindən bildirdilər
ki, sualımızla əlaqədar nazirliyə məktub ünvanlamalıyıq.
Lisenziyalaşdırma şöbəsinin əməkdaşı qeyd etdi ki, əgər fəaliyyət
göstərən stomatoloji kabinetin adı yoxdursa, bu onun lisensiyasız
fəaliyyət göstərməsi deməkdir: "Sahibkar fiziki şəxsdirsə, girişdə
diş kabinetinin adını qeyd etməyə də bilər. Ancaq ümumiyyətlə
mərkəzin adı yoxdursa, bu onun qanunsuz olaraq fəaliyyət göstərməsi
deməkdir".
Nəticə nədir?
Azərbaycanda Hepatit-C virusunun yayılma sürətindən narazılıq
statistikaya əsaslanır: əgər normal ölkələrdə bu rəqəm 6 faizdə
"kritik hədd" sayılırsa, Azərbaycanda bu rəqəmin ötən il keçirilən
beynəlxalq konfransda 12 faiz olduğu bildirildi. Məhz bundan sonra
Səhiyyə Nazirliyinin bu yöndə addımlarının şahidi olduq. Amma
nəticə nədir?
Səhiyyə Nazirliyinin müvafiq qurumları kampaniya naminə
apardıqları 300 ədəd diş kabinetinin bağlanmasında sonra hansısa
səbəbdən, həmin mərkəzlərdən ayrılan stomatoloqların arın-arxayın,
bu dəfə isə vergidən də yayınmaqla, fəaliyyətinə "şikayət məktubu
daxil olsun" kimi qeyri-ciddi reaksiya ilə şərait yaradır.
Bəs, görəsən bu nazirlik "Qaynar xətt"i nə üçün yaradıb? Ona
görə ki, insanlara "şikayətinizi kollektiv surətdə imzalı məktubla
göndərin" deməkdən ötrü? "Qaynar xətt" qurumun mobil reaksiyasına
xidmət əvəzinə, mənasız cavablarla bürokratizmin çiçəklənməsinə
şərait yaradırsa, onda niyə bu xidmət yaradılır?
Qeyd edək ki, Azərbaycanın dövlət qurumlarında "Qaynar xətt" çox
yüksək səviyyədə və operativ xidmət göstərir. Amma görünür, bu
yüksək və operativlik Səhiyyə nazirliyinə qətiyyən aid deyil.