Elmi araşdırmalara görə, yalan özününüdafiə vasitəsidir.
İnsanlar qarşı tərəfdə müsbət təəssürat yaratmaq üçün bu cür
vasitələrə düşünmədən əl atırlar.
Orta statistik hesablamalara görə, insanlar gün ərzində minimum
20-25 dəfə yalan danışır. Yalan danışmağa meyli olan insanlar isə
şəkərli diabet xəstəliyinə tutulma riskinə daha yaxın olur.
Məhşur psixoloq Ziqmund Freyd demişdir ki, insan psixologiyası
yalana görə üç cür formalaşır. Həqiqi dürüst olanlar, dürüst olmağa
çalışanlar və dürüst olmadıqları halda, insanları buna inandırmağa
çalışanlar. Elm adamları üçüncü kateqoriyaya aid olanları daha
təhlükəli hesab edirlər.
Bəzən yalan danışmağımıza tam fərqli səbəblər olur. Məsələn, biz
gün ərzində heç də qəşəng görünməyən həmsöhbətimizə "bu gün necə də
gözəl görünürsən" deyə, bəzən isə heç də qəşəng olmayan bir libasa
"sənə əntiqə yaraşır" kimi ifadələrdən istifadə edə bilərik. Burdan
da aydın görünür ki, yalan danışmaqda bir məqsəd də həmsöhbətin
qəlbinə dəyməməkdir.
Yalanın kanı - sevgi, iş, dostluq
Yalan bir çox sahələrdə daha çox inkişaf edib. Bura sevgi, iş,
biznes və dostluq münasibətləri aiddir.
İnsanlar sevərkən daha çox yalan danışır
Psixoloqlar bildirirlər ki, insanlar ən çox sevərkən yalan
danışırlar. Buna itirmək qorxusu, qarşısındakını özünə heyran etmək
istəyi kimi hisslər səbəb olur. Münasibət zamanı isə ən çox yalanın
qız, ya oğlanın danışdığını hələ də müəyyən etmək mümkün olmayıb.
Bu, birbaşa olaraq fərdlərin keçmişi ilə əlaqəlidir.
Yalançının evi yandı, heç kəs ona inanmadı
Yalan danışan insan cəmiyyətdə nüfuzunu itirməklə yanaşı, həm də
özünə qarşı mənfi fikir formalaşdırır. Bu cür insanların ən səmimi,
ən doğru sözü də öz doğru keyfiyyətini itirərək, birbaşa olaraq
yalan kimi qəbul edilir.
Məşhur yazıçı Mark Tvenin yalan haqqında maraqlı fikri var:
"Həqiqət ayaqqabılarını geyinincə, yalan dünyanı artıq üç dəfə
gəzmiş olur…"
Elə bu fikrə əsaslanaraq demək olar ki, yalan dünyada daha çox
inkişaf edib. Yalanın mahiyyəti insanların cinsinə görə də dəyişə
bilir.
Kişilər daha çox yalan danışır
Hansı cinsin nümayəndəsinin daha çox yalan danışdığını
araşdırmaq üçün kifayət qədər elmi tədqiqatlar aparılsa da, son
qərar hələ də müəyyən olunmayıb. Ekspertlər isə yalanın
əlamətlərinin kişilərə daha yaxın olduğunu bildirirlər. Yalanın
kişilərə xas əlaməti bunlardır:
* Baş hərəkətləri daimidir
* Əllərini boyunlarına aparmaqda tərəddüd edirlər
* Həmsöhbətinin fikrini dağıtmaq üçün mövzuya əlavə sözlər
qatırlar
* Verilən sualı anlamamış kimi təkrar etməyinizi
istəyirlər
İş başında deyilən yalanlar
İş başında ən çox deyilən yalan işə gecikməyə gətirilən
səbəblərdir. Buraya "tıxac idi" və ya "marşurutum gecikmişdi" tipli
məşhur bəhanələr aiddir. Təbii ki, bunlar kiçik yalanlardır. Lakin
psixoloqlar yalanın kiçikdən başlayıb böyüyə doğru daha da
cəsarətləndiyini bildirirlər.
Qeyd edək ki, "yalan" insanda özünə olan güvənci azaldan,
neqativ hisslər bəxş edən yeganə duygudur. Buna aludə olan insanlar
şəxsiyyətlərini kiçik hisslərə qapanıb qurban verirlər. Sağlam
düşüncəli insanlar isə yalandan maksimum uzaq durmağa
çalışırlar.
Yazını ömrünün yarıdan çoxunu insan psixologiyasına həsr etmiş
məşhur filosof Fridrix Nitsşenin sözləri ilə tamamlamaq yerinə
düşər: "İnsanın ağzı asanlıqla yalan danışsa da, onun qıc olmuş
sifəti istənilən halda həqiqəti deyir".