Yuxarı

Pankreatit: Mədəaltı vəzinin iltihabı...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pankreatit mədəaltı vəzinin iltihabı deməkdir. Mədəaltı vəzi qarının yuxarı mərtəbəsində mədə və bağırsaqların arxasında yerləşən uzunsov zərif toxumaya malik bir orqandır.

Axar.az xəbər verir ki, mədəaltı vəzin əsas vəzifəsi bağırsaqlara daxil olan qidanın parçalanması üçün 15 fərqli enzimlərin (tripsin, ximotripsin, pankreatik lipaza, pankreatik amilaza və s.) və qanda şəkərin miqdarının tənzimlənməsi kimi vacib funksiyalar həyata keçirən hormonların (İnsulin, qlükaqon, samotostatin, pankreatik peptidlər) ifraz edilməsidir.

Mədəaltı vəzi hüceyrələrində sintez edilən enzimlər kiçik axarlara toplanaraq Virsunq adlanan ümumi mədəaltı vəzi axarına açılır. Virsunq axarı öz növbəsində enzimləri on iki barmaq bağırsağa daşıyır. Enzimlərin sintezi mədəaltı vəzinin ekzokrin funksiyası hesab edilir. Mədəaltı vəzində sintez olunan hormonlar isə bir başa qan damarlarına keçirərək öz funksiyasını həyata keçirir. Hormonların sintezi isə mədəaltı vəzinin endokrin funksiyası adlanır.

Pankreatit kəskin və xoroniki olmaqla iki formada olur. Kəskin pankreatit adətən qəflətən başlayır və günlərlə davam edə bilir. Kəskin pankreatitlərin əsasən mülayim gedişli olur (80% hallarda) və bir neçə gün ərzində aradan qalxır. Ağır gedişli kəskin pankreatitlər isə 20% hallarda qeyd olunur və ciddi ağırlaşmalara səbəb ola bilir. Bu qisim pankreatitlər zamanı ölüm göstəricisi 30%-ə çatır. Xroniki pankreatit isə xəstəni uzun zaman (illərlə) narahat edə bilir.

Əlamətləri

Kəskin pankreatitin aşağıdakı əlamətləri qeyd olunur:

- Qarının yuxarı mərtəbəsində ağrılar öncə zəif olur və getdikcə artır

- Qarında olan ağrılar belə vurur (irradiasiya edir)

- Yeməkdən sonra ağrılar daha da kəskinləşir

- Ürəkbulanma

- Qusma. Qusmadan sonra sakitləşmə qeyd olunmur.

- Bəzən qarında gərginlik qeyd olunur və ya qarının şışməsi qeyd olunur.

- Hərarətin yüksəlməsi və qaşınma

- Bəzən yuxuculluq, zəiflik və baş ağrıları da qeyd edilir

Xroniki pankreatitin aşağıdakı əlamətləri qeyd olunur:

- Qarının yuxarı mərtəbəsində ağrılar. Xroniki pankreatitin təhlükəli olmasını şərtləndirən amillərdən biri ağrıların heç də həmişə olmamasıdır. Yalnız bəzi xəstələrdə ağrılar qeyd edilir. Ağrının olmaması mədəaltı vəzinin çapıqlaşması prosesinin gizli getməsi və ağırlaşmasına səbəb olur. Ağrıların olması xəstəni həkimə müraciət etməyə məcbur edir və zamanında tədbirlər görülür.

- Həzmin pozulması. Mədəaltı vəzi şirələrinin ifrazının azalması qəbul edilən qidanın həzmini pozur. Belə halda nəcisin tam formalaşmaması, yağlı və iyili olması, qarında köp kimi əlavə əlamətlər törənir.

- Səbəbsiz olaraq bədən çəkinin itirilməsi

- Yağlı və iyili nəcis

Səbəbləri

Pankreatitin, xüsusilə də kəskin pankreatitin yaranmasının əsas səbəbi onun sintez etdiyi enzimlərin vaxtından əvvəl aktivləşməsidir. Mədəaltı vəzinin unikal xüsusiyyətlərindən biri odur ki, onun ifraz etdiyi enzimlər qeyri-aktiv formada olur. Çünki onların aktiv forması çox aqressiv olur və mədəaltı vəzində aktiv olmaları onun toxumasını aşındıra bilər. Odur ki, təbiət mədəaltı vəzinə enzimlərinin qeyri-aktiv vəziyyətdə sintez etmə qabiliyyəti verib. Enzimlər yalnız bağırsağa töküldükdən sonra aktivləşir və öz funksiyasını həyata keçirməyə başlayır.

Amma kəskin pankreatit zamanı mədəaltı vəzinin enzimləri aşağıda sadalayacağımız səbəblərdə elə öz daxilində aktivləşir və onu zədələgjyir. Xroniki pankreatitlər zamanı təkrarlanan kəskin hallar iltihabi prosesin uzun müddət qalmasına səbəb olur. Xroniki pankreatit mədəaltı vəzi toxumasının ardan qaldırıla bilməyəcək səviyyədə zədələnməsinə və birləşdirici toxuma ilə əvəzlənməsinə gətirib çıxara bilir. Bu zaman onun həm endokrin, həm də endokrin funksiyasında pozğunluq baş verir ki, bu fərqli xəstəliklər törədir.

Pankreatitin aşağıdakı əsas səbəbləri qeyd olunur:

- Alkoqolizm. Son tədqiqatlardan biri göstərir ki, kəskin və xroniki pankreatit hallarının 44%-i xroniki alkoqol qəbulu səbəbindən yaranır.

- Öd daşı xəstəliyi. Öd daşı mədəaltı vəzi axarını sıxa və onun daxilində təzyiqi artıra bilir. Bu isə enzimlərin aktivləşərək vəzi parenximasına keçməsinə və onun iltihabını törətməyə səbəb olur. Odur ki, öd daşı xəstəliyi olan insanlar hətta ağrıları olmasa belə öd kisəsinin çıxarılması cərrahi əməliyyatını etdiməlidirlər. Xüsusilə də ölkəmizdə insanlar öd daşı xəstəliklərinin olmasını bilərək cərrahi əməliyyatdan qaçırlar. Bu hallar pankreatit riskini artırır. Hətta bir kəskin pankreatit epizodu belə xroniki pankreatitin inkişafına səbəb ola bilir.

- Qarın boşluğunda cərrahi əməliyyatın aparılması. Qarın boşluğunda aparılan əməliyyatlar zamanı mədəaltı vəzi sıxılma və ya qansızlaşma üzündən zədələnə bilir.

- Bəzi dərmanlar. Bu dərmanlara aşağıdakıları nümunə göstərmək olar: azathioprine, kortikosteroidlər, sulfonamidlər, tiazidlər, furosemid, qeyri-sterioid iltihabəleyhinə dərmanlar (aspirin, voltaren və s.), merkaptopurin, methyldopa, tetrasiklin və s.

- Endoskopik Retroqrad Xolangioqrafiya. Bu prosedura zamanı süni olaraq aktiv mədəaltı vəzi enzimləri vəzi daxilinə atıla bilir və keçici kəskin pankreatit törədir.

- Siqaret çəkmə.

- Qanda kalsiumun yüksək olması.

- Müxtəlif infeksiyalar

- Qarın travmaları

- Mədəaltı vəzinin şişləri

- Mədə və 12 barmaq bağırsaq xorası

- Vaskulitlər kimi damar patologiyaları

- Avtoimmun proses

Ağırlaşmaları

Pankreatitlər aşağıdakı ağırlaşmaları törədə bilir:

- Tənəffüs problemləri. Pankreatit zamanı baş verən kimyəvi reaksiyalar ağciyər funksiyasını poza bilir və qanda oksigenin miqdarının düşməsinə səbəb olur.

- Diabet. Mədəaltı vəzində baş verən xroniki çapıqlaşma şəkər mübadiləsində əhəmiyyətli rola malik olan İnsulin sintezinin azalması ilə nəticələnir ki, bu da birincili şəkərli diabetin əmələ gəlməsinə səbəb olur.

- İnfeksiyalar. Kəskin pankreatit mədəaltı vəzini infeksiyalrın təsirinə çox həssas edir. Qeyd edilməlidir ki, mədəaltı vəzinin iltihabi prosesinə infeksiyanın qoşulması çox təhlükəli bir hal hesab edilir və xəstənin ölümü ilə nəticələnə bilir.

- Böyrək çatışmazlığı. Kəskin pankreatit zamanı böyrəyin öz funksiyasını tam itirməsi tez-tez rast gəlinən haldır. Hətta bir çox hallarda dializə ehtiyac yaranır.

- Həzmin pozulması. Həm kəskin, həm də xroniki pankreatit bağırsaqlarda həzm prosesi üçün böyük əhəmiyyət daşıyan pankreas enzimlərinin sintezinin azalmasına səbəb olur. Bu isə öz növbəsində qida ilə daxil olan maddələrin parçalanmaması və orqanizmə daxil olduğu şəkildə də xaric olmasına gətirib çıxarır. Nəticədə qidalanmanın normal olmasına baxmayaraq çəkinin itirilməsi və arıqlama qeyd olunur.

- Pankreas xərçəngi. Uzun müddət davam edən xroniki pankreatit fonunda mədəaltı vəzində xərçəng inkişaf edə bilir.

- Yalançı sistlərin əmələ gəlməsi. Keçirilmiş kəskin pankreatit mədəaltı vəzində daxili maye ilə dolu olan sistlərin əmələ gəlməsinə səbəb olur. Böyük sistlər partlaya və infeksiyalaşa bilər ki, bu da xəstənin taleyi üçün ciddi təhlükə törədir.

Müayinə planı

Həkiminiz sizə aşağıdakı müayinələri təklif edə bilər:

- Qanın ümumi analizı

- Qanın biokimyəvi analizi (xüsusilə də pankreatik amilaza)

- Sidikdə amilaza

- Nəcisin müayinəsi

- Ultrasəs müayinəsi

- Kompüter Tomoqrafiyası

- Maqnit Rezonans Tomoqrafiyası

Müalicə

Kəskin pankreatitləin müalicəsi xəstəxana şəraitində aparılır. Bu zaman əsas məqsəd kəskin iltihabi prosesin aradan qaldırılmasıdır. Həkiminiz sizə qidalanmanın dayandırılmasını, mədənizin drenajlamasını, venadaxili mayelərin köçürülməsini, spazmolitiklərin və ağrıkəsicilərin inyeksiyasını təyin edə bilər. Adətən kəskin pankreatitləin əksəriyyəti (80%) mülayim gedişə malik olur və bir neçə gün ərzində aradan qalxır. Amma 20% hallarda xəstəliyin gedişi ağırlaşa və cərrahi əməliyyat ehtiyac yarana bilər.

Kəskin pankreatit tutmasından sonra mütləq onu törədən faktor aradan qaldırılmalıdır. Bununla gələcək pankreatit tutmalarının qarşısı alınır və prosesin xroniki xarakter almasına imkan verilmir. Məsələn, əgər pankreatitin yaranma səbəbi alkoqolizimdirsə alkoqol qəbulu ya xəstənin özünün şüuri təşəbbüsü, ya da xüsusi müalicə vasitəsilə aradan qaldırılmalıdır. Öd daşı xəstəliyi kəskin pankreatitin səbəbi rolunu oynayırsa sağalmadan bir müddət sonra öd kisəsinin çıxarılması cərrahi əməliyyatı icra edilməlidir. Əgər zamanında profilaktik tədbirlər görülərsə çox ciddi ağırlaşmalara səbəb olan xroniki pankreatitin qarşısı alınmış olar.

Kəskin pankreatit tutması olmuş insanlar öz həyat tərzlərində müəyyən dəyişikliklər etməlidirlər. Bu nöqteyi nəzərdən aşağıdakıları tövsiyyə edə bilərik:

- Alkoqol qəbulunun tam dayandırılması. Əgər bunu insanın özü edə bilmirsə həkimlərin köməyi ilə akkoqoldan aslılığı aradan qaldırmaq olar

- Siqareti tərgitmək. Əgər siqaret çəkirsinizsə, tərgitməyə çalışmanız, çəkmirsinizsə başlamamanız tövsiyyə olunur.

- Az yağlı pəhriz. Az yağlı qidalara üstünlük verməniz və meyvə-tərəvəz, taxıl məhsullarından hazırlanmış yeməklər, yağsız ət qidaları tövsiyyə olunur.

- Çoxlu su için. Pankreatit zamanı dehidratasiya yəni bədənin susuzlaşması baş verə bilər. Bunun qarşısını almaq üçün çoxlu su içməniz məsləhətdir.

Tarix
2019.10.30 / 01:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla