Jurnalist Anar Niftəliyevin
həyat yoldaşı tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də "Medi
Sina" klinikasında süd vəzilərindəki səpkilərlə bağlı əməliyyata
hazırlıq zamanı həkimlərin səhlənkarlığı nəticəsində dünyasını
dəyişdi.
Bu hadisədən sonra Nəsimi Rayon Prokurorluğunda 1977-ci il
təvəllüdlü Elnarə Niftəliyevanın ölümü ilə bağlı Cinayət
Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Bəs, cərrahiyə əməliyyatında iştirak edib mərhumun ölümünə imza
atan və 2 azyaşlı qız uşağını anasız qoyan həkimlərin "Medi Sina"
klinikasında cərrahiyə əməliyatında iştirak etməsi nə dərəcədə
qanunauyğundur?
Xatırladaq ki, sözügedən əməliyyatda iştirak edən cərrahlar –
Mahir Məmmədov Hərbi Hospitalın şöbə müdiri, Fərəcullah İdrisov isə
Eksperimental Xəstəxananın (Elmi Cərrahiyyə Mərkəzi)
həkim-cərrahıdır. Onların əsas iş yerlərindən yayınaraq, özəl
xəstəxanada uğursuz bir əməliyyata imza atmaları rəhbərliklə
hansısa problemin yaranmasına səbəb olubmu?
Jurnalist xəstə rolunda
Məsələni yerindəcə araşdırmaq üçün Fərəculla İdrisovun çalışdığı
M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutuna baş
çəkdik.
Klinikada baş həkimlə görüşməyimizə problem yaradılmadı. Bir
neçə gün əvvəl isə əməkdaşımız cidd-cəhdlə klinikanın baş həkimi
Yusif Əliyevlə əlaqə yaratmağa çalışsa da, bu cəhdi uğursuz
alınmışdı.
O zaman əməkdaşımız özünü jurnalist kimi təqdim etmişdi. Bu dəfə
isə biz məlumat şöbəsində özümüzü Yusif Əliyevin pasienti kimi
təqdim etdik. Əlbəttə ki, həkimin xəstəsinə pul mənbəyi kimi
baxması Azərbaycan səhiyyəsinin sağalmaz xəstəliyidir. Amma bu yol
baş həkimə olan məsafəni daha da qısaldır. Və biz də bu üsuldan
yararlanaraq tez bir zamanda baş həkimin qəbuluna düşə bildik.
Özümüzü baş həkimə təqdim edib, ona bir neçə sual ünvanladıq.
Öncə Fərəculla İdrisovun peşə fəaliyyətini davam
etdirib-etdirməyəcəyini soruşduq. Yusif Əliyev Fərəculla həkimin
hadisədən sonra da klinikada iş başında olduğunu bildirdi:
"Fərəculla İdrisov klinikamızın həkimi sayılır və hal-hazırda da
peşə fəaliyyətini yerinə yetirir. İstintaq hələ yekunlaşmayıb və
ona görə də onu işdən uzaqlaşdırmağımız düzgün deyil".
"Bəs İdrisovun vəzifə səlahiyyətlərini yerinə yetirməsi gələcək
ölümlərə yol aça bilərmi" sualını Yusif Əliyev dedi ki, xeyr, çünki
o, həmin əməliyyatda asissent kimi iştirak etmişdi, cərrah kimi
yox. Düzdür, ölüm hadisəsi onun iştirak etdiyi əməliyyatda baş
verib, amma biz onu işdən kənarlaşdırmamışıq".
Klinikanın baş həkimi həmçinin əməkdaşımızın iş zamanı Fərəculla
İdrisovun hansı hüquqla özəl klinikada əməliyyatda iştirakı
haqqında sualına da cavab verdi:
"O, sentyabrın 19-u növbətçi həkim idi. Buna görə də sentyabrın
20-si onun istirahət günü sayılırdı. Hara gedir, harda əməliyyat
keçirir, özü bilər, onun bizə aidiyyəti yoxdur".
Yusif Əliyevin son cavabı nə qədər qətiyyətli olsa da, faktlarla
təsdiqlənmirdi. Çünki Fərəculla İdrisov "Medi Sina" klinikasına
əməliyyat üçün səhər saatlarında M.A.Topçubaşov adına Klinik
Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan gəlmişdi. O, əməliyyatdan
dərhal sonra iş yerinə qayıtmlı idi.
Klinikanın işçilərinin dedikləri də baş həkimin söylədiyi ilə
üst-üstə düşmür. Qəbul şöbəsindəki həkimlərdən öyrəndik ki,
klinikada növbədən sonra istirahət-filan olmur.