Ötən ilin dekabr ayında Səhiyyə Nazirliyi tərəfindən
fəaliyyəti dayandırılmış "Atlas Medical Center" yenidən
fəaliyyətini bərpa edib.
Axar.az xəbər verir ki, 2008-ci ildən Bakıda fəaliyyətə başlayan
"Atlas Medical Center" 2014-ci il dekabr ayının 2-də fəaliyyətini
dayandırmışdı. Tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin
ciddi şəkildə pozulması faktı aşkarlandığı və səhv müalicə
səbəbindən bir neçə pasientlə məhkəməlik olan klinikanın
lisensiyası Səhiyyə Nazirliyi tərəfindən geri alınmışdı.
Klinikanın yenidən fəaliyyətə başlaması ilə bağlı saytımıza
müraciət edən şikayətçi Anar Ələkbərov adlı şəxs bildirib ki,
klinikaya qarşı açdığı məhkəmə prosesi hələ də davam edir. Bu halda
klinikanın yenidən fəaliyyətə başlaması heç bir halda düzgün
deyil:
"Ötən il dünyaya gələn oğluma Atlas Tibb Mərkəzində ali dərəcəli
kardioloq Ağadadaş Rzayev VSD mədəcik arası deşik diaqnozu qoydu.
Bildirdi ki, 2 ilə xəstəlik tam yox olacaq, problem yoxdur. Həkimin
məsləhəti ilə uşağı evə gətirdik və on gündən sonra oğlumun
vəziyyət həddindən artıq pisləşdi. Mərkəzi Neftçilər Xəstəxanasında
həkim Yüzbaşova Mədinə xanım uşaqda anadangəlmə ürək-damar
yerlərinin səhv olduğunu bildirdi. Təcili əməliyyat üçün Tiflisə
yola düşdük. Həkim özü bildirdi ki, vaxtında düzgün diaqnoz
qoyulsaydı, bir əməliyyatla uşaq tam sağala bilərdi. Lakin Atlasın
yanlış diaqnozu səbəbindən oğlum 4 dəfə əməliyyat keçirməli oldu.
Bu yanlışlıq səbəbindən klinikaya qarşı iddi qaldırdım ki, yanlış
diaqnoz, səhv müalicə aparmaqla daha başqalarının canını
yandırmasınlar".
Şikayətçinin klinikaya qarşı qaldırdığı məhkəmə prosesi hələ də
davam edir. Prosesin sabah keçiriləcək sonuncu iclasında klinika
ilə bağlı qərar qəbul edilməlidir. Ancaq hələ yekun qərar oxunmamış
Atlas klinikası fəaliyyətini bərpa edib.
Klinikanın yenidən hansı əsaslarla fəaliyyətə başladığını
öyrənməyə çalışdıq. "Atlas Medical Center"dən Axar.az-a yenidən
fəaliyyətə başladıqlarını təsdiqlədilər. Klinikadan verilən
məlumata görə, yanvar ayının 5-dən etibarən fəaliyyət
göstərirlər.
Lakin klinikadan dekabr ayında fəaliyyətini dayandırmasını
təmirlə əlaqədar olduğunu bildirdilər:
"Klinikamızın lisenziyası var. Dekabr ayında fəaliyyətini
dayandırmağımıza səbəb klinikanın təmir edilməsi idi. Yanvarın
5-dən etibarən fəaliyyət göstəririk".
Səhiyyə Nazirliyinin rəsmi saytında isə lisenziyası olan
klinikalar arasında "Atlas Medical Center"in də adı var. Nöqsanlar
səbəbindən lisenziyası əlindən alınan klinikaya yenidən hansı
səbəblərdən lisenziya verildiyi isə maraqlıdır.
Qeyd edək ki, Səhiyyə Nazirliyi 2 dekabr 2014-ci il tarixində
"Atlas Medical Center"-in lisenziyasını dayandırmışdı. Qurum
sözçüsü Anar Qədirli bununla bağlı açıqlamasında klinikanın tibb
xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə
pozulması faktının aşkarlanması ilə əlaqələndirmişdi:
"Yoxlama nəticəsində təsdiq olunub ki, həmin tibb mərkəzində
lisenziyada nəzərdə tutulmayan qanunsuz ginekoloji və doğuşayardım
xidmətləri göstərilir. Bundan əlavə, yoxlama nəticəsində başqa
qüsurlar da aşkarlanıb. Bunun nəticəsində Səhiyyə Nazirliyinin
komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam
şəkildə aradan qaldırılana qədər dayandırılıb".