Bu gün Nəsimi Rayon
Məhkəməsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işi
ilə bağlı CM-nin 124.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən
Firuz İbrahimova hökm oxunmazdan öncə zərərçəkən tərəfin hüquqi
nümayəndəsi Səməd Vəkilov son çıxışını edib.
Axar.az ictimai əhəmiyyətini nəzərə alaraq, çıxışı
təqdim edir:
Hörmətli hakim, hörmətli proses
iştirakçıları!
Son illər həkim səhlənkarlığından dünyasını dəyişən şəxslərin
sayının durmadan artması bu tendensiyanın qarşısının alınmasını
zəruri edir. Səhlənkarlıq edən həkimlərə qarşı bəzi hallarda
cinayət işinin başlanmaması, bəzi hallarda isə cinayət işlərinin
əsassız olaraq xitam olunması qurbanların sayının artmasına səbəb
olur. Bu gün burada mühakimə olunan anesteziloq Firuz İbrahimovun
simasında bir ananın, bir ziyalı xanımın - Elnarə Niftəliyevanın
ölümünə səbəb olmuş üç həkimin - Mahir Məmmədov, Fərəcullah İdrisov
və Firuz İbrahimovun ədalət mühakiməsinə bu konteksdə yanaşdıqda
görürük ki, bu, fərdi cinayət hadisəsi kimi deyil, ictimai
təhlükəlilik dərəcəsinə və nəticələrinə görə çox təhlükəlidir.
Elnarə Niftəliyevanın ölümünə səbəb olmuş həkimlərin cinayət işi
xüsusi ictimai əhəmiyyət daşıyır. Mənəvi və hüquqi amilləri özündə
ehtiva edən bu cinayət hadisəsi ilk günlərdən ictimaiyyətin diqqət
mərkəzində olmuşdur. Həkim səhlənkarlığının qurbanına çevrilmiş
Elnarə Niftəliyevanın həm ziyalı, həm də iki azyaşlı qızın - Nəsibə
Xatun və İncinin anası olması faktı ictimaiyyətin həssaslığını daha
da artırmışdır.
Xüsusi ilə zərəçəkmiş Anar Niftəliyevin mövqeyi əvvəlcədən bu
mənada diqqətəlayiq olmuşdur. Onun mövqeyi şəxsi qisas hissindən
qaynaqlanmır. Belə ki, zərəçəkmiş Anar Niftəliyevin mövqeyinə görə,
bu hadisədən hazırda o və iki körpə qızı Nəsibə Xatun və İnci və
digər yaxınları zərər çəkibsə, adekvat cəzalandırma yalnız və
yalnız bu cür cinayətin gələcəkdə digərlərinin qapısının döyməməsi
üçündür: həkim səhlənkarlığı Nəsibə Xatun və İncini ana şəfqətindən
məhrum etdiyi kimi, digər insanları da belə faciələrlə üz-üzə
qoymasın. Şübhəsiz ki, cinayət törətmiş həkimlərin cəzalandırılması
heç kimin yarasına məlhəm olmayacaq.
Hər bir fərdin mənəvi cəhətdən tam təmin olunmaması cəmiyyətin
harmoniyasının pozulmasına gətirib çıxarır. Bu cinayət hadisəsi
nəticəsində iki körpə qız uşağının ana şəfqətindən məhrum olması
bütövlükdə cəmiyyətin harmoniyasının pozulmasına ciddi təsir edir.
Təqsirkar şəxslərin adekvat cəzalandırılması isə gələcəkdə
cəmiyyətin bütövlüyünü qorumaqla, bu cür hadisələrin qarşısını
almağa yönəlmiş olacaqdır.
Heç bir halda ehtiyatsızlıqdan adam ölümünə səbəb olmuş bu
əməlin Cinayət Məcəlləsində nəzərdə tutulan sanksiyasını (3 il
azadlıqdan məhrum etmə) ictimai təhlükəli əmələ adekvat hesab
etmirik. Gələcəkdə bu məsələnin ictimai müzakirəsinin keçirilməsini
vacib sayırıq.
Hüquqi baxımdan mühakimə edilən Firuz İbrahimovun məsuliyyətə
cəlb edilməsi digər iki həkimin mənəvi və hüquqi məsuliyyətdən azad
olunması anlamına gəlmir. Müvəkkilim Anar Niftəliyevin cinayət
hadisəsindən sonra rəyi birmənalı olaraq belə idi ki, mərhum həyat
yoldaşı Elnarə Niftəliyevanın ölümünə səbəbkar, başda Fərəcullah
İdrisov olmaqla, hər üç həkimdir. Lakin bizim bu mövqeyimiz özünü
təmizə çıxarmağa cəhd edən böyük bir həkim şəbəkəsi ilə qarşılaşdı.
Və nəticədə həkimlər öz aralarından onların da məsuliyyətini
daşıyacaq bir şəxs seçdilər - anestezioloq Firuz İbrahimovu.
Şübhəsiz ki, Firuz İbrahimovun hüquqi və mənəvi məsuliyyəti
danılmazdır və ən azı məsuliyyətə cəlb edilməmiş Mahir Məmmədov və
Fərəcullah İdrisov qədərdir. Lakin hər dəfə cinayət işinin
materialları ekspertiza üçün Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT
Birliyinə təkrarən göndəriləndə həkimləri məsuliyyətdən
yayındırmağa çalışan şəbəkə ilə qarşılaşdıq. Bu səbədən məhz bu gün
burada 3 həkimdən yalnız biri - Firuz İbrahimov mühakimə
olunur.
Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, hakim
məhkəmə istintaqı zamanı araşdırdığı sübutlara qiymət verir.
Məhkəmə istintaqının gedişində biz ibtidai istintaqda irəli
sürülmüş ittihamın özünü o qədər də doğrultmadığının şahidi olduq.
Həmçinin müvəkkili olduğum Anar Niftəliyevin Səhiyyə Nazirliyinə
göndərdiyi rəsmi sorğuya cavab olaraq verilmiş rəsmi məktubda ölüm
faktına görə bütün tibb personalının məsuliyyət daşıdığı bildirilsə
də, sonrakı proseslərdə Səhiyyə Nazirliyinin ekspertləri həkimlərin
məsuliyyətdən yayındırılmasında xüsusi canfəşanlıq etdilər. Məhkəmə
prosesi zamanı dindirilən ekspert həkim Vaqif Rəhimov yüksək
peşəkarlıq və intellektual cavabları ilə ekspert rəyinin həkim
şəbəkəsi tərəfindən təəssübkeşlik və subyektiv maraqlarla qəbul
edildiyini bir daha sübut etmiş oldu.
Lakin biz prokurorluq tərəfindən nüfuz davasına çevirləcəyini və
o cümlədən, yenidən həkim şəbəkəsi ilə qarşılaşacağımızı bildiyimiz
üçün işin yenidən ibtidai istintaqa qaytarılmasına cəhd
etmədik.
Şahid qismində dindirilmiş cərrah Mahir Məmmədov ibtidai
istintaqda verdiyi ifadələri məhkəmə istintaqında təkzib etdi.
Mənim M.Məmmədova "Siz ibtidai istintaqda təqsirləndirilən şəxsin
öz vəzifələrini yerinə yetirmədiyini söyləmisiniz, burada isə Firuz
İbrahimovun öz vəzifələrini yerinə yetirdiyini bildirirsiniz, bunu
nə ilə izah edərsiniz" - sualımı cavablandıra bilməməsi də proses
iştirakçılarının diqqətindən kənarda qalmadı.
Digər şahid İdrisov Fərəcullah Sədullah oğlu da ibtidai istintaq
zamanı ifadəsində bildirmişdir ki, əməliyyat zamanı assistent kimi
vəzifəsi Mahir həkimə köməklik etməkdən, yəni cərrah kəsik
apardıqdan sonra yaranan qanaxmasının qurudulması, yara sahəsinin
açılması, tikiş qoyulan vaxtı tikişlərin düyünləməsini təmin
etməkdən ibarət olmuş, sağ süd vəzisində əməliyyat təxminən 10-15
dəqiqəyə başa çatdıqdan sonra sol süd vəzisinin üzərində kəsik
aparılarkən Mahir həkim nəsə baş verdiyini hiss edib monitora
baxmaq istədikdə, monitor anestezioloqa tərəf çevrili olduğuna görə
əyilib monitora baxmış, nə baş verdiyini xəstənin başı tərəfdə ayaq
üstə olan Firuz həkimə deyəndə, o, "narahat olmayın, yəqin ki,
daççik boşalıb, indi düzəldərəm" cavabını vermişdir. Firuz həkim
həmin vaxt monitorun yanında olmasına baxmayaraq, göstəricilərin
vəziyyətini nəzərdən qaçırmış, Mahir həkimin sözlərindən sonra
xəstənin barmağına taxılmış və monitora göstəriciləri ötürən
qurğunu nəzərdən keçirmiş, aparat tərəfdən verilən havanı təcili
artırmağa başlamış, bunun xeyri olmadığını görərək süni tənəffüs
aparatını ayırıb intubasion boru vasitəsi ilə ağzı ilə nəfəs
verməyə başlamış, həmin vaxt Mahir həkim xəstənin ürək
döyüntülərini yoxladıqda xəstənin ürək döyüntülərinin olmadığını,
yəni ürəyin dayandığını görüb ona bildirmiş, artıq həmin vaxtı
xəstənin əlində və sifətində göyərmə əlamətləri olmuş, dəfələrlə
Firuz həkimdən nə kömək lazım olduğunu soruşsa da, başı xəstəyə
qarışdığına və onun ürəyinin masajı ilə məşğul olduğuna görə cavab
verməmiş, həmin ərəfədə reanimasion tədbirlərin effektsiz olduğunu
görüb artıq həkim kimi vəziyyətin yaxşı olmadığını başa düşüb,
əməliyyat otağından çıxaraq xəstənin adamlarına narahatlığını
bildirmişdir.
Lakin məhkəmə istintaqı zamanı Fərəcullah İdrisov tamamailə
əksinə ifadə vermişdir. Bildirmişdir ki, o, əməliyyat zamanı elə
bir vəziyyətdə olmuşdur ki, onun monitoru görməsi texniki baxımdan
mümkün olmamışdır. Dəfələrlə zərərçəkən tərəfin və hakimin
dəqiqləşdirməsindən sonra sədrlik edən hakim İdrisovun ibtidai
istintaqa verdiyi ifadəsini elan etmiş və soruşmuşdur ki, sizin
ifadələriniz ziddiyət təşkil edir, hansı daha doğrudur? F.İdrisov
bildirmişdir ki, o ibtidai istintaqa verdiyi ifadədən imtina edir,
onun məhkəmə istintaqı zamanı verdiyi ifadə doğrudur.
Ümumiyyətlə, Fərəcullah İdrisovun hamının gözü qarşısında
məhkəmə heyətinə hörmətsizliyi, o cümlədən özünü məhkəmə prosesində
əsl cinayətkar kimi aparması, heç bir təhlükə hiss etmədən ibtidai
istintaqa verdiyi ifadədən imtina edərək, həmin ifadəni təkzib edən
ifadə verməsi və s. hərəkətlərinin hökm qəbul edilərkən işə baxan
hakim tərəfindən müşavirə otağında dəyərləndirilməsini zəruri hesab
edirik.
Hörmətli hakim!
Məhkəmə prosesində vəsatət verərək F.İdrisovun Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə ibtidai
istintaq zamanı bilə-bilə yalan ifadə vermə cinayəti törətməsini
nəzərə alaraq, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı
tədbir görmənizi xahiş etmişdik. Hökm qəbul edərkən bu halı
qiymətləndirərək hökmdə əksini tapmasını xahiş edirik.
Bildiyiniz kimi, hazırkı cinayət işi üzrə şahid
F.İdrisov barəsində Azərbaycan Cinayət məcəlləsinin 178-ci maddəsi
ilə cinayət işi ayrılaraq Nəsimi Rayon Polis İdarəsinə
göndərilmişdir. Hazırda Daxili İşlər Nazirliyinin Baş İstintaq
İdarəsinin nəzarəti ilə Bakı şəhər Baş Polis İdarəsində açılmış bu
cinayət işinin istintaqı aparılır. İbtidai istintaqa yalan ifadə
verən F.İdrisovun şəxsiyyətini xarakterizə edərkən bu xüsusatları
nəzərə almağınızı xahiş edirik.
Yuxarıda göstərilənləri nəzərə alaraq, anestezioloq həkim Firuz
İbrahimovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1,
320.1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökm
qəbul edərkən törədilmiş cinayətin cəzasının adekvat verilməsini və
o cümlədən, F.İbrahimovun başqalarına da zərər yetirməsinin
qarşısını almaq üçün onun həkim fəaliyyətinə məhdudiyyət
qoyulmasını xahiş edirik.