Azərbaycanda ən çox yayılan xərçəng növü ağciyər və qaraciyər
xərçəngidir ki, bunun da yaxın gələcəkdə tam müalicəsi mümkün
olacaq.
Bunu Publika.az-a açıqlamasında Türkiyənin Bayındır Sağlıq Qrupu
xəstəxanasının Radiloji şöbəsinin müdiri, professor Okan Akhan
bildirib. "Azərbaycanda və Türkiyədə statistik rəqəmlər demək olar
ki, eynidir. Hər iki ölkədə qaraciyər və ağciyər xərçəngi daha
geniş yayılıb. Qaraciyər və ağciyərdə əmələ gələn şişləri
əməliyyatsız, texniki üsullar və mikro dalğa üsulu ilə müalicə
edirik". Okan Akhan əldə etdikləri nəticələri oktyabrın 26-da
Bakıda keçirilən onkoloji xəstəliklərin müalicə və müayinə üsulları
haqqında simpoziumda əyani şəkildə nümayiş etdirib. Azərbaycan
Milli Onkologiya Mərkəzi və Bayındır Sağlamlıq qrupunun təşkil
etdiyi simpoziumda çıxış edən mərkəzin direktoru Fuad Quliyev
bildirib ki, tədbirin təşkilində əsas məqsəd xərçəng xəstələrinin
müalicəsinə dair biliklərin paylaşılması və xəstələrə kömək
etməkdir.
"Müasir Azərbaycan Respublikasının yaranmasında ilk günlərdən bu
günə kimi keçdiyimiz tibbin inkişaf yollarında qardaş Türkiyəni hər
zaman yanımızda görmüşük. Hər iki dövlət arasında sıx əlaqələr
mövcuddur. Dövlət rəhbəri Cənab İlham Əliyev tərəfindən aparılan
siyasət nəticəsində sayəsində son 10 ildə səhiyyə sistemində böyük
nailiyyətlər qazanılıb. Səhiyyə sisteminin və elmin inkişafında
gənc kadrların yetişdirilməsi daima dövlət başçısının diqqətində
olub. Bu günki simpozium isə yuxarıda qeyd etdiyim məsələlər sıx
bağlıdır. "
Daha sonra isə Professor Okan Akhan görüntüləmə üsulu ilə şişlərin
müalicəsi mövzusunda çıxış edib. Tibbin əldə etdiyini nailiyyətlər
sayəsində hazırda invaziv yolla, yəni cərrah bıcağı ilə müdaxilə
olmadan incə iynə ilə qaraciyər və ağciyərə girib lazer şüaları ilə
xərçəng hüceyrələrini tam məhv etmək mümkündü. Həkimin bildirdiyinə
görə, bu qapalı əməliyyat 30-40 dəqiqə davam edir. Okan Akhan
Publika.Az-a açıqlamasında bildirib ki, xəstələr arasında onlara
Azərbaycandan da çox sayda müraciət edənlər var.
Professor yaxın qohumlar arasında xərçəng xəstəliyi olanların gənc
yaşlarından etibarən mütəmadi olaraq müayinədən keçməyin
vacibliyini də vurğulayıb. "Xüsusən də anasında, nənəsində,
xalasında döş xərçəngi olubsa, qadınlar erkən yaşlardan etibarən
hər il müayinədən keçməlidir. Bundan başqa 40 yaşından sonra bütün
qadınların müayinədən keçməsi vacibdir.
Qaraciyər xərçəngi isə ailədən keçən xəstəlik deyil. Amma ən kiçik
problem və şikayət olanda xəstəliyin erkən tapılması üçün həkimə
müraciət etmələrini tövsiyə edirəm".
O.Akhan xərçəng xəstəliyinin müalicəsinin gələcəkdə tamamilə mümkün
olduğunu bildirib. "30-40 il bundan əvvəl yeni çıxan cihazların nə
vaxtsa mövcud olduğunu ağlımıza belə gətirə bilməzdik, tibb elmi
çox inkişaf edib. Yeni texnologiyalar və müalicə alternativləri
xərçəng xəstəliyinin müalicəsinin gələcəkdə tamamilə mümkün
olduğuna dair bizə yeni üfüqlər açır. Hazırda da xərçəng
xəstəliyinin üçdə biri müalicə olunur, üçdə birinin ömrünü mümkün
qədər uzada bilirik, yerdə qalanı isə təəssüflər olsun ki, həyatını
itirir ".
Redaksiyadan: Bayındır Sağlıq Qrupunun Azərbaycandakı nümayəndəliyi
ilə əlaqə telefonu – 050 5443040