Bu gün Azərbaycanda ölüm halları və əlilliyin böyük
hissəsi ürək-damar xəstəliklərindən baş verir.
Trend-in
məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad
Mahmudov deyib.
Deputat qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada
ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci
sıradadır:
"Bu xəstəlik ölkəmiz üçün də hər zaman aktual olub. Rəsmi
statistikaya əsasən, ölüm hallarının 58,8 faizi məhz bu xəstəlik
səbəbindən baş verir".
Onun sözlərinə görə, bu xəstəlikdə həm cavanlaşma, həm də
yaşlaşma olur:
"Cavanlaşmaya səbəb risk faktoru olaraq stressin çox olması,
hərəkətsiz, oturaq həyat tərzidir. Çünki gündəlik hərəkəti, demək
olar, xeyli azaltmışıq. Bu da insanlarda ürək-damar xəstəlikləri
üçün ən böyük əsasdır. Bütün bunlar Azərbaycanda da bu xəstəliyin
cavanlaşmasına səbəb olur".
Yaşlanmağa gəlincə isə R.Mahmudov bildirib ki, Azərbaycanda
əvvəlki illərdə ildə 3-4 nəfər əməliyyat olunurdusa, bu gün bu
göstərici 4000-5000 nəfərdir:
"Eyni zamanda ortalama yaş 20 il bundan qabaqkı kimi deyil. Bu
gün Azərbaycanda əhalinin ömrü ən azından 10-15 yaş uzanıb. Əgər
genetik risk faktorları yoxdursa, ömür uzandıqca yaşlılıqla bağlı
ürək-damar xəstəlikləri meydana çıxır. Bu da, əsasən, 80 yaşlarında
özünü büruzə verir. Bu gün xəstələr arasında həmin yaşda çoxlu
xəstələr var".
Komitə üzvü bildirib ki, ürək xəstəliklərinin mövsümi xarakter
alması barədə deyilənlər yalnız təxəyyülün məhsuludur:
"Çünki bununla bağlı real elmi araşdırma yoxdur. Sadəcə real
problemi olan insan yay aylarında özünü rahat hiss etdiyini, qış
aylarında isə soyuq havada tez-tez yeriyəndə təngnəfəslik
probleminin olduğunu deyir. Həmin insanlarda problem əvvəl də var
idi. Sadəcə həmin vaxt simptomlar ortaya çıxır. Yaxud da bəlli
mövsümlərdə duzlu qidaların daha çox istifadə olunması ürək-damar
xəstəliklərindən əziyyət çəkən insanlarda təzyiqin yüksəlməsi ilə
birlikdə simptomların ortaya çıxmasına səbəb olur ki, bunu da
hansısa mövsümlə əlaqələndiririk".
R.Mahmudov hansı yaşdan sonra ürək xəstəlikləri ilə bağlı
müayinədən keçmək lazım olduğunu da bildirib. Onun sözlərinə görə,
dünya təcrübəsində qəbul olunan reallıq var ki, 35 yaşdan sonra
yoxlamalar daha intensiv şəkildə aparılmalıdır:
"Ailədə risk varsa, bunu daha tez edə bilərlər. Qazanılmış ürək
damar xəstəliklərinin çoxunun təməli qida rasionundakı
dəyişikliklərdir. Eləcə də gənclərin istifadə etdiyi qidaları
nəzərə alaraq dünyada böyük təhlükə yarandığı qeyd olunur. Hətta bu
xəstəliyin 6-7 yaşdan etibarən başladığı barədə xəbərdarlıq
edirlər. Bununla bağlı tədqiqatlar var, amma daha dolğun olması
üçün uzun zaman lazımdır".