"Kənd təsərrüfatı
məhsullarının qiyməti üzü qışa doğru bahalaşacaq".
Bunu Axar.az-a iqtisadçı ekspert Samir Əliyev Rusiyadakı mövcud
vəziyyətlə əlaqədar Azərbaycan bazarında qiymət artımı barədə
açıqlama verərkən deyib.
Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatı məhsullarının
artımı iki amillə bağlıdır:
"Birincisi, ənənəvi-mövsüm amildir. Təbii ki, üzü qışa qiymətlər
artır. İkincisi, forsmajor-planlaşdırılmayan amildir ki, bu da
Rusiyadakı sanksiyalarla bağlıdır. Əvvəllər kəndli məhsulunu bazara
çıxarıb sata bilmirdi. Müəyyən bir qismi Rusiya alırdı, qalan
məhsulla ölkəsinə qayıdan fermer məhsulu saxlayırdı ki, qışda daha
baha qiymətə satsın. Hətta bununla bağlı anbarlar da tikilmişdi.
Ancaq Rusiya ilə bağlı məsələlər vəziyyəti qabaqladı. Birdən-birə
öz məhsulunu bazara çıxara bilməyən fermerə gözlənilməz fürsət
yarandı. Bu isə öz növbəsində Azərbaycana təsirsiz ötüşmədi.
Nəticədə qiymətlər daha da qalxdı. Ötən yayla müqayisə etsək
görərik ki, qiymətlərdə kəskin fərq var. Kimin imkanı var idisə,
məhsulunu Rusiya bazarına daşıyaraq yüksək mənfəət götürdü. Bu,
ölkədə qiymətlərin bahalaşmasını bu qış qaçılmaz edəcək.
Araşdırmalıyıq ki, Azərbaycanda meyvə-tərəvəz ehtiyatı hazırda nə
qədər qalıb və ümumən anbarlarda nə qədər məhsul var. O ki qaldı
qiymətlərə, hesab edirəm ki, nə qədər Rusiyada məlum vəziyyət hökm
sürəcək, bu, qiymətlərə təsirsiz ötüşməyəcək. Başqa bir yandan isə
üzü qışa tərəf olması da qiymətlərə öz təsirini göstərir. Ola
bilsin ki, İran, Türkiyə kimi ölkələrdən məhsulun idxalı qiymətləri
sabit saxlasın. Ancaq sözügedən ölkələrdə də eyni vəziyyətədir. Ona
görə də qiymət artımı labüddür".
Ekspert bazarda hökm sürən vəziyyətin qarşısını almaqla bağlı
məsələyə də münasibət bildirdi:
"Sanksiyalar məsələsi ani olduğundan bunun qarşısnı almaq
olmadı. Əgər bu vəziyyət ötən payızda baş versəydi, qabaqlayıcı
tədbirlər görmək olardı. Bu il üçün artıq çox gecdir. Hökumətin
sözügedən bu mövcud vəziyyəti hansısa inzibati yollarla əngəlləməsi
də mümkün deyil. Çünki məhsullar Rusiyaya sanksiyalar tətbiq
edilməzdən öncə əkilib-becərilən məhsullardır. Vəziyyəti yalnız bir
yolla - idxalla tənzimləmək olar ki, heç olmasa qiymətlərin daha da
qalxmasının qarşısı almaq mümkün olsun. Yaxşı olardı ki, növbəti il
göz önünə alınsın və kəndlilərə vəziyyətdən maksimum yararlanmaq
üçün lazımı şərait yaradılsın. Nazirlik bu məsələ ilə bağlı növbəti
il üçün bütün lazımı tədbirləri görməyi planlaşdırır".