Yuxarı

“Füzuli kantatası”nı sildirən şirkətin təsisçisi danışdı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az tanınmış reper, “Mikpro” şirkətinin həmtəsisçisi Pərviz İsaqovun (PRoMete) Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Pərviz bəy, “Netflix Türkiyə”də yayımlanan “Terzi” serialında Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kantatası” böyük ajiotaja səbəb oldu. Sizin həmtəsisçisi olduğunuz şirkət isə həmin musiqini və hətta bütöv bir seriyanı “Netflix Türkiyə”nin Yutub səhifəsindən sildirdi. Bunu etməyə hüquqi əsasınız varmı?

- Bəli, doğru qeyd etdiniz, “Mikpro” komandasının səyi nəticəsində “Netflix Türkiyə”nin Yutub səhifəsindən serialın birinci seriyası və “Füzuli kantatası” ayrıca yayımlandığı video silinib. “Füzuli kantatası” olan hissə məhz birinci seriyada olduğu üçün onu da sildirdik. Bizim buna etməyə hüquqi əsasımız var. Çünki 2022-ci ilin aprel ayından şirkətimiz Şövkət Ələkbərovanın hüquqlarını qoruyur.

- Kiminlə müqavilə bağlamısınız?

- Bizimlə müqaviləni Şövkət Ələkbərovanın oğlu imzalayıb.

- Siz məsələdən ilk nə zaman xəbər tutdunuz?

- “Mikpro” şirkəti üç ildir fəaliyyət göstərir və dünyanın bir çox şirkətləri ilə birbaşa əlaqədədir. "Universal Music Publishig Group"la müqaviləmiz var, "Sony Music Entertainment" bizi rəsmən tanıyır.

Səhv etmirəmsə, “Füzuli kantatası” səslənən hissəni öncə serialının montajçısı Teleqram səhifəsində paylaşmışdı. O zaman axtarışa başladıq və həmin tizeri “Netflix Türkiyə”nin səhifəsində tapa bilmədik. Serialın yayımlanmasını gözləyirdik ki, əminliyimiz artsın və biz hüquqi işlərə başlayaraq.

Öncə Türkiyədə yerləşən "Universal Music Publishig Group"la əlaqə saxladıq və onlar bizə bildirdilər ki, “Netflix Türkiyə” ofisinin bu seriala görə musiqi kastinqini edən şirkət “FİX Music”dir. Həmin şirkətə yazdıq və bizə belə bir cavab gəldi: “Biz musiqinin hüquqlarını əldə etmişik”. Halbuki bizə heç kim müraciət etməmişdi.

Dərhal Şövkət Ələkbərovanın oğlu ilə danışdıq və o da bildirdi ki, məsələdən qətiyyən xəbəri yoxdur. Qarşı tərəfi xəbərdar etdik və onlardan əllərində olan hüquqi sənədi istədik. Onlar həmin sənədi bizə göndərdilər və məlum oldu ki, “FİX Music” şirkəti icazəni “Azərbaycan Müəllifləri” İctimai Birliyindən alıb. Hətta onlara dollarla yüksək məbləğdə ödəmə də ediblər. Mən həmin birlik haqda məlumat almaq üçün Əqli Mülkiyyət Agentliyinin vəkillərindən birinə zəng etdim.

“Azərbaycan Müəllifləri” İctimai Birliyi sözünü quqlda axtarışa versəniz Əqli Mülkiyyət Agentliyinin səhifəsində bu qurumun qanunsuz işlədiyinə dair məqaləyə rast gələcəksiniz. Məlum olur ki, həmin birliyin akkreditasiyası əlindən alınıb və uzun illərdir qanunsuz fəaliyyət göstərirlər.

- Bəs necə olub ki, “FİX Music” şirkəti məhz o birliklə əlaqə yaradıb?

- Bunu demək çətindir. Onların bizə təqdim etdikləri sənəddə qeyd olunur ki, sözləri Məhəmməd Füzuliyə, musiqisi Cahangir Cahangirova aid olan musiqinin serialın müəyyən seriyalarında istifadəsinə icazə verilir. Bu, mexaniki hüquqdur, bunun da həmin birlikdə olmasına dair şübhəliyəm, çünki birliyin akkreditasiyası yoxdur. Deməli, fəaliyyəti də qanunsuzdur.

Tutaq ki, bu qanunsuz fəaliyyəti gözardı etsək belə, “FİX Music” şirkəti çox yaxşı bilməlidir ki, musiqinin ikinci hüququ da var: əlaqədar hüquq, yəni master hüquq. Həmin o hüququn icazəsi bizə göstərilən sənəddə mövcud deyildi.

- Pərviz bəy, bir haşiyə çıxaq və söhbətin bu yerində istədim ki, mexaniki və master hüquq anlayışlarına aydınlıq gətirəsiniz.

- Musiqinin iki növ hüququ var: mexaniki və master hüquq. Əqli mülkiyyət olan musiqidə öncə iki tərəf olur: bəstəkar və şair. Hüquq bunların arasında yarıbayarı bölünür və bu mexaniki hüquq adlanır. Bu hüquqlar heç vaxt ötürülə bilmir. Çünki əqli mülkiyyət ötürülə bilən mülkiyyət forması deyil. İcarəyə verilə bilən forması mövcuddur, yəni istifadə üçün bir müddət hüquqlarını hansısa şirkətə həvalə edə bilər.

Master hüquq, yəni əlaqədar hüquq nədir? Bu biz dediyimiz audioyazı hüququdur. Yəni bəstəkar, söz müəllifi mahnını yazır və bu kağızdadır, o səsləndirilən kimi avtomatik əlaqədar hüquq, yəni master hüquq əmələ gəlir. Master hüquq isə həm mexaniki hüquq sahibləri tərəfindən qurulur, həm də onun ifaçısına aid olur. Eləcə də aranjimançı, dirijor, sifarişçi, yayım şirkətinə də pay verilə bilər.

Şövkət Ələkbərovanın ifa etdiyi “Füzuli kantatası” audioyazı hüquqlarına görə Şövkət Ələkbərovaya, o, həyatda olmadığından varislərinə aiddir. Onun varisləri ilə bizim aramızda olan müqaviləyə görə, biz Şövkət Ələkbərovanın, eləcə də Sara Qədimovanın, Akif İslamzadənin, Oqtay Ağayevin, Mirzə Babayevin - bu cür adların hüququ təmsilçiləri sayılırıq. Yəni onların mahnılarının rəqəmsal, qeyri-rəqəmsal yayımına bizim şirkət nəzarət edir.

Biz də sənəddə audioyazı hüquqlarının qorunmadığını bildirdik. Amma “FİX Music”in etinasızlığı ilə qarşılaşdıq. Onlar əllərindəki sənədi əsas gətirərək musiqini istifadə edəcəklərini bildirdilər. Biz də öz növbəmizdə leqal formada şikayət edəcəyimizi dedik.

Xatırladım ki, “YouTube”da çox az sayda kanal mövcuddur ki, platinum lisenziyaya sahibdirlər və ona görə də onların təqdim etdikləri videolara müəllif hüquqları bildirişləri gəlmir. Normalda necə olur?

Məsələn, kimsə Şövkət Ələkbərovanın ifa etdiyi “Füzuli kantatası”nı öz Yutub səhifəsində yerləşdirsə, həmin şəxsə bizim şirkətdən avtomotik müəllif bildirişi göndəriləcək. Bildirişdə təxmini belə bir mətn olur: "Narahat olmayın, bu sizin kanalınıza zərbə vurmur, amma videonun baxışı zamanı çıxan reklamların məbləğləri “Mikpro” şirkətinə yönələcək". Mexanizm bu formada işləyir. Üstəlik, hər hansı videonu şikayət edəndə yarım saatdan üç saat müddətə qədər müraciət öz yerini tapır.

Amma dediyim kimi “Netflix” kanalı lisenziyalı olduğuna görə bu cür bildirişlər almır. Ona görə də “Füzuli kantatası” ilə bağlı şikayətimizi Yutub 13 gün gözlətdi, araşdırdı və haqlı olduğumuzu başa düşüb, hər iki videonu sildi.

- Bu silinmə “Netflix Türkiyə” platformasına şamil ediləcək?

- Düşünürəm ki, qarşı tərəf bizə mail yazacaq və anlaşmanın şərtlərini istəyəcəklər. Çünki artıq “Netflix”in baş ofisi “Netflix Türkiyə”nin qanun pozuntusu barədə xəbərdardır. Bizimlə razılaşmaya gəlməyəcəkləri təqdirdə “Netflix" platformasında da həmin serialın birinci seriyasını və həmin hissəni çıxartmaq məcburiyyətində qalacaqlar.

- Pərviz bəy, qanun öz yerində, amma işin həm də mənəvi tərəfi var. Kifayət qədər ciddi və çox məşhur olan “Netflix” platformasından Azərbaycan musiqisini sildirmək cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Çünki bu həm də Azərbaycan musiqisinin təbliğatı idi.

- Sosial şəbəkədə yazılanları mən də oxudum, bəli, bir çox soydaşlarımız musiqinin silinməməsinin tərəfdarı kimi çıxış etdilər. Məsələyə emosional yanaşdılar. Bu, ilk hal deyil, həm Şövkət Ələkbərova, həm də digər ifaçıların mahnılarından qanunsuz istifadənin dəfələrlə şahidi olub, lazimi tədbirlər görmüşük.

Gəlin əksini düşünək, bizdə kimsə çəkdiyi bir filmdə Maykl Ceksonun musiqisindən icazəsiz istifadə edə bilərmi? Etsə həmin filmi nə festivallar qəbul edəcək, nə də platformalara yerləşdirə biləcək. Çünki sənəd tələb olunacaq.

Hamı deyir ki, biz bunu pis məqsədlər üçün istifadə etməmişik. Nəzərə almaq lazımdır ki, burda məqsəd anlayışı yoxdur. Burda məsələyə hüquqa əməl olunub, yoxsa olunmayıb prizmasından yanaşmalıyıq.

Tarix
2023.05.25 / 16:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla