Yuxarı

Prezident Assambleya iştirakçılarına müraciət etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Assambleya iştirakçılarına müraciət etdi

17:35

Oktyabrın 12-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası öz işinə başlayıb.

Axar.az xəbər verir ki, Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciətini oxuyub.

Assambleyanın açılış mərasimində dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə — hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas ekspertlər iştirak ediblər.

Oktyabrın 17-dək davam edəcək Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilər keçiriləcək, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələr müzakirə olunacaq. Həmçinin ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlıq da nəzərdə tutulur.

Oktyabrın 14-də “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil ediləcək.

Assambleya çərçivəsində, həmçinin, Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti vəzifəsinə seçkilərin keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, oktyabrın 12-dən 17-dək “Ədalət mühakiməsi rəmzləri” adlı sərgi təşkil olunacaq. Sərgidə dünyanın 80 ölkəsindən gətirilmiş 150-yə yaxın hakim, vəkil və dövlət ittihamçısına məxsus cübbələr, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş etdiriləcək.

Xatırladaq ki, 1953-cü ildə təsis olunmuş Beynəlxalq Hakimlər Assosiasiyasının əsas məqsədi dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunmasıdır. Hazırda təşkilat öz sıralarında 93 ölkənin hakimlər birliklərini birləşdirir və illik toplantılarını yalnız qanunun aliliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.

Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi barədə qərar ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə qəbul edilib.

***

Prezident İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları,

Sizi Beynəlxalq Hakimlər Assosiasiyasının Bakı şəhərində keçirilən 67-ci illik iclasında səmimi-qəlbdən salamlayır, ədalət mühakiməsinin inkişafına və hakimlərin müstəqilliyinin təmin olunmasına həsr edilən bu mötəbər tədbirin işinə uğurlar arzulayıram.

Özündə 100-ə yaxın ölkənin milli hakimlər assosiasiyalarını birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası yarandığı gündən bəri hakimlərin müstəqilliyinin müdafiəsi, qanunun aliliyinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində mühüm təşəbbüslərə imza atmış vacib təsisata çevrilmişdir. Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası eyni zamanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır.

Azərbaycanın Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin qlobal nüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindən onun məhkəmə-hüquq sisteminə olan inam və etimadının əyani təzahürüdür.

Bu mötəbər tədbirin məhz bu il Azərbaycanda keçirilməsi ölkəmiz və bütün hüquq ictimaiyyətimiz üçün xüsusi rəmzi məna daşıyır. 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. 30 il əvvəl – 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Konstitusiyada təsbit olunmuş prinsiplər əsasında ölkəmizdə müstəqil, üçpilləli məhkəmə sistemi formalaşmış, hakimiyyət bölgüsü, insan hüquqlarının qorunması və qanunun aliliyi dövlət idarəçiliyinin əsas dayaqlarından birinə çevrilmişdir. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək Əsas Qanunda ali niyyət olaraq bəyan edilmiş ərazi bütövlüyünü və suverenliyini təmin etməyə nail oldu.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir. İnsan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolununun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılmış, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilmiş, hakimlərin müstəqilliyi möhkəmləndirilmişdir. Eyni zamanda, informasiya texnologiyalarının və rəqəmsal həllərin tətbiqi ilə məhkəmə idarəçiliyində şəffaflıq və çeviklik təmin olunmuş, vətəndaşların məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar cəmiyyətdə ədalət mühakiməsinə inamın güclənməsinə, məhkəmələrin hüquqi dövlətin əsas sütunlarından biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir.

Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir. Bu baxımdan, Beynəlxalq Hakimlər Assosiasiyasının illik iclasları müasir reallıqlar fonunda məhkəmə-hüquq sistemlərinin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi, onların qarşısında duran çağırışlara cavab verilməsi üçün faydalı təcrübə mübadiləsi və səmərəli dialoq platformasıdır.

Əminəm ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasında aparılacaq fikir mübadiləsi, qəbul ediləcək tövsiyələr və nəticələr hakimlərin müstəqilliyinin möhkəmlənməsinə, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinin daha etibarlı təmin olunmasına, eləcə də beynəlxalq həmrəyliyin inkişafına mühüm töhfələr verəcəkdir.

Sizi Bakıda bir daha ürəkdən salamlayır, 67-ci illik iclasın işinə uğurlar arzulayıram”.

Tarix
2025.10.12 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İspaniyanı təbrik etdi

İlham Əliyev Misirə getdi

Bakı ilə təmaslar heç vaxt kəsilməyib - Peskov

Düşənbədə İlham Əliyev üçün belə hazırlıq görülüb - Video

Qardaş ölkə yenə itki verdi - Döyüşün səbəbi nədir?

Putin niyə yalnız Azərbaycan haqda bunu dedi?

Azərbaycan Qətərə başsağlığı verdi

Tramp və Zelenski anlaşdı: Rusiyanı "sürpriz" gözləyir

Azərbaycan Qəzza sammitinə dəvət aldı

Bu rayonun kəndlərində elektrik olmayacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla