Yuxarı

İslahatlara kimlər mane olur? Prezidentin hədəfi... – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsi:

- Prezident sərt kadr islahatları aparır. İslahatların bu qədər sərt və ciddi siyasi iradə ilə aparılmasının məqsədi nədir?

- Mən həmişə islahatlar mövzusuna çox böyük diqqət yetirirəm. Bu mövzuda dəfələrlə çıxışlarım, tədbirlərim və təkliflərim olub. Vaxtı ilə Azərbaycanda vətəndaş cəmiyyətində mənim rəhbərliyim altında böyük bir layihə həyata keçirildi. Bu, “Gələcək 10 il layihəsi” adlanırdı. 40-a yaxın konfrans və tədbirdən sonra iki cildlik “Azərbaycanda islahatların əsas istiqamətləri və vəzifələri” adında kitab dərc etdik. Son prezident seçkisi ərəfəsində seçkini şərh edərkən bildirmişdim ki, Azərbaycan prezidentinin bu seçkidə qalib gələcəyi ilə bağlı heç bir şübhəm yoxdur və məni daha çox maraqlandıran seçkidən sonra baş verəcək hadisələrdir.

Prezident seçkisindən sonra addım-addım kadr islahatları həyata keçirilirdi. Bu islahatlara cəmiyyətdə münasibət birmənalı deyildi və əksəriyyət buna skeptik yanaşaraq, bir neçə kadr dəyişikliyi ilə ölkədə sosial-iqtisadi durumun yaxşılaşmayacağını düşünürdü.

Hesab edirəm ki, son dövrlərdə bu istiqamətdə atılan addımlar “qırmızı xətti” keçmək effekti yaratdı. Ayrı-ayrı nazirliklər və komitələrdə yeni gənc kadrları vəzifəyə gətirməklə yanaşı, eyni zamanda, ölkənin həyatında çox mühüm rol oynayan Prezident Administrasiyasında da dəyişikliklər başladı. Şəxsən mənim üçün bu “qırmızı xətti” keçmək anlamı Prezident Administrasiyasının rəhbərinin dəyişdirilməsindən ibarət deyildi. Burada çox ciddi məsələ həmin vəzifəyə kimin təyin olunmasıydı. Söhbət ad və soyaddan yox, hansı yanaşma və təfəkkürə sahib olan adamdan gedir.

Prezident Administrasiyasının rəhbəri vəzifəsini tərk etdikdən sonra cəmiyyətdə müxtəlif proqnozlar verilirdi. Bu situasiyada Prezident üç istiqamətdə qərar qəbul edə bilərdi. Birinci istiqamət bu ola bilərdi ki, şərti olaraq “köhnə qvardiya” adlanan qrupun nümayəndələrindən biri Prezident Administrasiyasına rəhbər gətirilirdi. Bu mənada bir sıra adamların adları da hallanırdı. İkinci variant o idi ki, bu prosesdə neytral mövqedə olan, müxtəlif təsir qruplarının maraqlarını nəzərə alan kompromis fiqur təyin olunmalıydı. Burada da müxtəlif adlar çəkilirdi ki, onlar da nə islahatçılar, nə də digər qrupun tərəfdarı kimi tanınırdı. Ən az müzakirə olunan variant isə islahatların tərəfdarı olan, Qərbdə təhsil almış cavan kadrın Prezident Administrasiyasına rəhbər gətirilməsiydi.

- Üçüncü variant seçildi...

- Bəli, Azərbaycan Prezidenti məhz bu xətti seçdi. Nəticədə Prezident bu vəzifəyə islahatın tərəfdarı olan, Qərbdə təhsil almış şəxsi gətirdi. Burada da müəyyən qırmızı xətdən keçildi. Bu da onunla bağlıdır ki, Azərbaycan reallığında Prezident Administrasiyası çox böyük rol oynayır. Bəzi hallarda o hətta Nazirlər Kabinetini də üstələyir və ondan böyük təsirə malikdir. Əvvəlki reallıq odur ki, müxtəlif nazirliklərə gənc islahatçı kadrlar təyin olunanda, onların özü də çox ciddi müqavimətlə üzləşirdilər. Bunu Prezidentin özü də qeyd elədi və dedi ki, islahatları faktiki olaraq sabotaj edən, müxtəlif kampaniya aparan məmurlar var. Bu, həqiqətən belədir. Həmin o yeni təyin olunmuş islahatçı kadrlar öz işlərini quranda “qonşu sahələrdə” də dəyişikliklər olmalıdır. Nazirlərin kurasiyasında olan sahələr bir-biriylə çox sıx bağlıdır. Hansısa bir sahədə ciddi islahat aparılması işinin qanunvericiliyə, xüsusən də məhkəmə sisteminə çox ciddi təsiri var. Mübahisəli məsələlər məhkəmə vasitəsilə öz həllini tapmaq yerinə burada arbitr rolunu oynayan qurum kimi Prezident Administrasiyası çıxış edirdi. Əksər hallarda gənc kadrlar bu prosesdə Prezident Administrasiyasından lazımi dəstək almırdılar. Belə bir halda Prezident Administrasiyasının rəhbərliyinə islahatçı komandanın üzvünün gətirilməsi o deməkdir ki, hakimiyyətin daxilində güclərin balansı dəyişir. İslahatı həyata keçirmək istəyən yeni təyin olunmuş kadrlar artıq Prezident Administrasiyasının dəstəyinə arxalana bilərlər.

Bu o demək deyil ki, islahatlara müqavimət olmayacaq. Qarşıda çox ciddi islahatların keçirilməsi gözlənilir. Məsələn, məhkəmə sistemində. Nəzərə alın ki, islahatlara münasibətdə artıq hakimiyyətin daxilindəki güclər balansı islahatçıların xeyrinə dəyişib. Əgər ölkənin Prezidenti, I vitse-prezidenti, Prezident Administrasiyasının rəhbəri islahatçı komandaya dəstək verirlərsə, artıq buna mane olan qrupların müqavimətini sındırmaq asan olacaq.

Bu mənada hesab edirəm ki, son qərarlarla kardinal islahatlar üçün yaxşı zəmin yaradıldı. Ancaq nəzərə almaq lazımdır ki, iqtisadi islahatların nəticəsi adətən bir neçə ildən sonra hiss olunmağa başlayır. Siyasi və hüquqi qərarların təsirini cəmiyyət dərhal hiss edə bilər, ancaq sadaladığım sahələrdə islahatların nəticəsi, dünya praktikasında olduğu kimi, orta hesabla 2 il ərzində özünü göstərir.

- Bu islahatları Prezidentin köhnə iqtisadi sistemi təmizləməsi adlandırmaq mümkündürmü?

- Təbii ki, bu, eyni zamanda təmizləmə əməliyyatıdır. Ümumiyyətlə, bu addımları atanda prezident özü çox açıq şəkildə ciddi nöqsanları və yaranmış durumu cəmiyyətə elan etdi. Bunlar sırasında məmur özbaşınalığı, korrupsiya, islahatlara müqavimət məsələləri var idi. Prezidentin son dövrlərdəki bir sıra çıxışlarında bütün bu məsələlər öz əksini tapmışdı. Üstəlik, bu islahatların həyata keçirilməsi üçün cəmiyyətin dəstəyinin vacibliyi, ictimai nəzarətin önəmi barədə Prezident açıq şəkildə cəmiyyətə bəyan etmişdi. Bütün bunları nəzərə almaq lazımdır. Yenə də deyirəm, islahatlara müqavimət və sabotaj cəhdləri bundan sonra da olacaq. Bir neçə mühüm istiqamətlərdə dəyişikliklər olmalıdır ki, islahatlar uğurla başa çatsın.

- Müqavimət ümumilikdə hansı formada ola bilər?

- Məsələn, Prezident dedi ki, bəzi məmurlar mətbuat vasitəsilə islahatları həyata keçirməyə çalışanlara qarşı kampaniya aparır, onları gözdən salmaq istəyir və işlərinə mane olur. Adətən bu tip işləri hansısa bir cəmiyyətdə müxalifət görür, ancaq Prezident etiraf etdi ki, bu hökumətin içindən də gəlir və hakimiyyətin daxilində müəyyən qruplar bu işlərlə məşğuldurlar.

Bir xatırlatma edim: “Turan” agentliyi ətrafında bir neçə il bundan öncə gördüyümüz mənzərə... Gün ərzində müxtəlif dövlət qurumlarından bir-birini təkzib edən bəyanatlar səslənirdi. Gah deyirdilər ki, “Turan”a qarşı cinayət işi ləğv olunub, bir neçə saat sonra isə həmin dövlət orqanından cinayət işinin davam etməsiylə bağlı başqa bir bəyanat gəlirdi. Eyni dövlət qurumundan bir-birini təkzib edən bəyanatlar onu göstərirdi ki, həmin dövlət orqanına müxtəlif istiqamətlərdən, müxtəlif hakimiyyətdaxili qruplar tərəfindən çox ciddi təzyiqlər var idi. Bildiyiniz kimi, nəticədə Prezident sərt qərar qəbul etdi və həmin idarədə də rəhbərlik dəyişdirildi. Belə hallar göstərir ki, sabotaj halları həm mətbuatda müəyyən bir kampaniya xarakteri ala bilər, həm də müxtəlif dövlət orqanlarından belə bir sabotaj xarakterli addımlar atıla bilər.

- Haqqında bəhs etdiyiniz qrup kifayət qədər güclüdürmü?

- Həm Azərbaycan, həm SSRİ, həm də qonşu ölkələrin tarixindən biz bilirik ki, məmur korpusu nəzarətsiz buraxılsa, üzərində ictimai nəzarət olmasa, o öz maraqlarına xidmət etməyə başlayır. Vaxtı ilə Xruşşovun hakimiyyətdən devrilməsi məhz onun ətrafı, onun təyin etdiyi məmurlar tərəfindən həyata keçirildi. İctimai nəzarət olmayan yerdə məmur korpusu artıq nə dövlət maraqlarını, nə prezidentin qərarlarını nəzərə alır, yalnız öz şəxsi maraqlarını həyata keçirmək istəyir. Bu mənada belə bir təhlükə həmişə mövcuddur. Məhz buna görə də ölkə Prezidenti ictimai nəzarətin güclənməsini vacib məsələ kimi qeyd etdi.

Bununla belə məmur korpusu nə qədər güclü olsa da, cəmiyyətin mövqeyi bu işlərdə çox ciddi və həlledici rol oynayır. Ona görə də cəmiyyətimiz bu islahatlar məsələsində nə qədər fəal olsa, bunun həyata keçirilməsinə nə qədər diqqət yetirsə, islahatların keçirilməsinə nə qədər dəstək versə, bir o qədər də həmin məmur təbəqəsinin təsiri zəifləyəcək və onların sabotaj imkanları azalacaq.

- İslahatlar hakimiyyətin reytinqinə necə təsir edə bilər?

- İslahatlarla bağlı dünya praktikasını öyrənən nəzəriyyələr var. Bunlar təcrübə və islahatlar həyata keçirənlərin hansı müqavimətlə rastlaşa biləcəklərini, hansı problemlərlə qarşılaşacaqlarını çox ciddi öyrənirlər. Vaxtı ilə bununla bağlı mənim rəhbərlik etdiyim ictimai forum Bakıda konfrans keçirdi. Müxtəlif ölkələrdə çox uğurlu islahatlar həyata keçirilməsində mühüm rol oynayan adamları Bakıya dəvət etdim. Söhbət Çexiyada, Polşada, Macarıstanda, Baltikyanı ölkələrdə keçirilən islahatlardan gedir. Burada uğurlu islahatların müəllifləri öz təcrübələrini bölüşdülər. Biz sonra bu mövzuda bir kitab da nəşr etdik. Orada siz dediyiniz məsələ ilə bağlı çox ciddi müzakirələr də aparılırdı.

Hər bir ölkənin öz xüsusiyyəti və islahatlarla bağlı öz imkanları var. Azərbaycanın nisbətən daha sürətlə və ağrısız islahatlar keçirmək imkanı mövcuddur. Təbii ki, islahatlar keçirilən zaman bu hansısa kəsimlərin yaşayışına, sosial həyatına mənfi təsir ola bilər. Əslində ölkədəki maliyyə çatışmazlığı şəraitində islahatlar keçirəndə bir müddət vəziyyət daha da pisləşir. İnsanlar müəyyən mərhələ gözləməlidirlər ki, bu islahatların nəticəsində onların durumları yaxşılaşsın. Azərbaycanda isə neft-qaz gəlirlərini nəzərə alarsaq, həmin ölkələrdən fərqli olaraq bu təhlükə azdır. O mənada ki, Azərbaycanda ciddi islahatlar keçirilən zaman insanların maaşları, təqaüdləri və s. qaldırılır və bundan sonra da qaldırıla bilər. Neft-qaz gəlirlərimizin hesabına sizin dediyiniz təhlükəni xeyli zəiflətmək olar. Başqa ölkələrdən fərqli olaraq, insanlar islahatlar prosesində ağır və çətin duruma düşməyəcəklər. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması və ciddi islahatların keçirilməsi paralel gedir.

İslahatların keçirildiyi müddətdə Azərbaycan reallığında insanların sosial durumu pisləşməyəcək, daha da yaxşılaşacaq. Buna bizim maliyyə resurslarımız imkan verir.

- Bu təmizləmələr müxalifətdə canlanma yaradıb, ona parlament seçkisində daha çox mandat sahibinə çevirmək imkanı verirmi?

- Hesab edirəm ki, Azərbaycanda həm hakimiyyət daxilində, həm də müxalifət daxilində yeni yanaşmaların meydana gəlməsi çox vacibdir. Əvvəllər hakim komandada gənc islahatçı kadrlar çox az idi. Şəxsən mən bu məsələyə çox diqqət yetirirdim. Həmişə çalışırdım ki, yeni nəsil islahatçı kadrlara dəstək verim. Son parlament seçkisi zamanı Azərbaycanda tanınmış yeni nəsil ictimai xadimlərə dəstək verdim. Bunlar sırasında Erkin Qədirli, Bəxtiyar Hacıyev, İlqar Məmmədov və digərləri vardı. Dediyim kimi, həmin dövrdə hakim komandada gənc islahatçı kadrlarla bağlı qıtlıq vardı. İndi hakimiyyətin özündə də çox ciddi kadr dəyişikləri baş verib və yeni, Qərbdə təhsil almış islahatçı gənclər müxtəlif vəzifələrə təyin olunurlar. Bu mənim üçün çox sevindirici haldır. Mən həm hakimiyyətin içərisində olan, həm də ictimaiyyətdə olan islahatçı kadrların hamısını dəstəkləyirəm. Hesab edirəm ki, hakimiyyətdə islahatçı komanda olsa, müxalifətdə də onlara opponentlik edən islahatçı komandalar formalaşsa, “Azərbaycanda islahatları daha uğurlu aparmaq üçün daha hansı addımlar atılmalıdır” mövzusunda siyasi çəkişmələr getsə, bundan həm hakimiyyət, həm müxalifət, həm də cəmiyyət fayda götürərdi.

- Sizcə, yeniləşmiş hakim komanda müxalifət sıralarında silkələnməyə şərait yaradıb, özü üçün yeni və normal opponent formalaşdıra bilərmi?

- Azərbaycan müxalifətini nə müxalifət partiyaları öz aralarında təyin edə bilərlər, nə də hakimiyyət. Burada ən vacib rolu cəmiyyətin özü oynaya bilər. Bu mənada hansısa süni yanaşma düzgün deyil.

Sadəcə olaraq hər bir siyasətçinin uğuru 50% onun keyfiyyətlərindən, 50% isə ölkədə, regionda və qlobal dünyada yaranan situasiyadan və gedən proseslərdən asılıdır. Müxtəlif ölkələrin təcrübəsinə baxsaq görərik ki, eyni siyasətçilər dəfələrlə seçkidə qalib gəlib, hakimiyyətə gəlir, sonra isə onu uduzur və yenidən qalib gələ bilirlər. Bu o demək deyil ki, onlar bir müddət ağıllı olub, sonra ağılsız olurlar. Onlar elə həmin insanlardır və potensialları hamıya bəllidir. Sadəcə olaraq ölkədə və dünyada gedən proseslərin məğzini müəyyənləşdirəndə, ona uyğun siyasət formalaşdıranda kimsə bunu daha düzgün edib, cəmiyyət tərəfindən dəstək ala bilir, kimsə isə bu dəstəyi ala bilmir. Məncə, biz bir sıra vacib amillərdən hələ danışmırıq. Məsələn, dünyada gedən proseslərdən biri də köhnə dünya nizamının faktiki olaraq dağılması və yeni dünya nizamının formalaşması uğrunda gedən savaşdır. Digər önəmli məqam bu savaş içərisində liberal fəlsəfə daşıyıcılarının müxtəlif ölkələrdə zəifləməsidir. Biz bunu ABŞ-da, Britaniyada, bir sıra Avropa ölkələrində görürük. Azərbaycan üçün çox önəmli olan məsələ odur ki, torpaqlarımızın azad olunmasıyla bağlı qarşıda bizi çox ciddi mübarizə gözləyir. Qonşuluğumuzda 40 milyondan çox azərbaycanlının yaşadığı İranın ətrafında çox ciddi proseslər gedir. Bu yaxınlarda İsrail rəhbərliyi elan etdi ki, İran 1 ilə nüvə silahı əldə edə bilər və İsrail buna imkan verməyəcək. Bu o deməkdir ki, yaxın 1 il ərzində İrana ciddi zərbələr vurula bilər. Bu çıxışlardan sonra məhz İran daxilində sosial-iqtisadi durumla bağlı ciddi böhran başladı.

Yəni görürük ki, həm ölkədə, həm regionda, həm dünyada çox ciddi proseslər gedir. Bunun üçün də ölkənin təhlükəsizliyi, torpaqlarımızın azad edilməsi, İrandakı 40 milyon azərbaycanlının taleyi gündəliyimizdə olmalıdır. Bunları nəzərə almadan Azərbaycanda ciddi uğur qazanmaq mümkün deyil.

- Belə çıxır ki, coğrafi vəziyyətimizi və ətrafımızdakı ölkələrdə gedən prosesləri nəzərə alsaq, ölkədə dərin islahatların keçirilməsi heç də asan deyil. Azərbaycana hazırkı islahatların keçirilməsi üçün xaricdən hansısa formada dəstək varmı?

- Qeyd etdim ki, həm ölkədə, həm də regionda gedən prosesləri düzgün qiymətləndirmək çox vacibdir. Dünyada çox vacib dəyişikliklər baş verir. Ümumiyyətlə, indiki zaman müəyyən mənada liberal demokratiya daşıyıcıları üçün geriləmə mərhələsidir. Biz bunu dünya tarixində tez-tez görmüşük. Yəni güclü demokratik inkişafdan sonra bir müddət, xüsusilə yeni dünya nizamı formalaşmağa başlayanda dünyanın gündəliyində də dəyişikliklər baş verir, daha çox milli maraqlara söykənən ideologiyalar güclənməyə başlayır. Biz bunu indi açıq görürük. Hətta ABŞ Prezidenti də bir müddət öncə bəyan etdi ki, indiki mərhələ suveren dövlətlərin zamanıdır. Yəni hazırda qloballaşma prosesi öz effektini itirib və suveren dövlətlərin maraqları əsas rol oynamağa başlayır. Bunu hansısa kiçik ölkənin rəhbəri yox, məhz dünyada qloballaşmanın lokomotivi sayılan ölkənin lideri deyir. Onun dilindən belə etiraflar səslənirsə, deməli, bunda çox ciddi əsaslar var. ABŞ-la yanaşı Britaniya da öz siyasətində müəyyən korrektələr edir. Burada Breksitin qalib gəlməsi təsadüfi deyil. Digər Avropa ölkələrində də müəyyən oxşar proseslər gedir. Məsələn, 10 il öncə Almaniyada suveren demokratiya ideyalarının daşıyıcısı olan partiyalara heç kim inanmırdısa, indi onlar artıq parlamentdə böyük fraksiya ilə təmsil olunur. Yəni bu, qlobal prosesdir və onun içərisində müəyyən beynəlxalq təcrübələr də artıq köhnəlir və gündəmdən çıxır. Məsələn, vaxtı ilə hansısa demokratik islahatlara start verəndə ona çox böyük beynəlxalq dəstək təşkil olunurdu. Bu baxımdan bir zamanlar Avropa üçün Marşal Planı gerçəkləşdirilmişdi, eləcə də SSRİ dağıldıqdan sonra Şərqi Avropa ölkələrinə istənilən cür dəstək verilirdi ki, onlar islahatları sürətli reallaşdırsınlar. Lakin bu yaxınlarda qərbyönlü siyasətçilər Ermənistanda hakimiyyətə gəldilər, amma indi etiraf edirlər ki, Qərbdən istədikləri dəstəyi ala bilmirlər. Elə bil ki, nə Avropa, nə də ABŞ onların hakimiyyətə gəlməsinə o qədər də maraq göstərib. Bu da bir yeni reallıqdır.

Hesab edirəm ki, dünyada baş verən dəyişiklikləri nəzərə alaraq, islahatların həyata keçirilməsində ilk növbədə cəmiyyətin gücünə arxalanmaq lazımdır. Hansısa xarici qüvvənin dəstəyi burada əvvəlki illərdən fərqli olaraq önəmli rol oynamayacaq. Eyni zamanda Azərbaycanın həm cəmiyyətinin potensialı, həm iqtisadi və maliyyə imkanları tam şərait yaradır ki, bu islahatları həyata keçirib, çox güclü müasir dövlət qursun. İndiki halda bizə xaricdən dəstək lazəm deyil, təki mane olmasınlar.

- İslahatların sonunda Azərbaycanın öz xarici siyasət vektorunda dəyişiklik etməsi mümkündürmü?

- Yeni dünya nizamının formalaşmasıyla bağlı gedən prosesdə köhnə təhlükəsizlik sisteminin də dəyişməsi mümkündür. Mübarizə “yeni dünya nizamı, yeni təhlükəsizlik sistemi deməkdir” tezisi üzərində qurulub. Vektorların dəyişilməsi məsələsinə gəlincə isə bu suala indi dəqiqliklə cavab vermək qeyri-mümkündür. Ona görə ki, yeni nizam formalaşandan sonra hansı vektorların qalacağı, hansıların yox olacağını hələlik bilmirik. Məhz buna görə də indi hər bir dövlətin suveren maraqları önə çıxır. II Dünya müharibəsindən sonra formalaşan vektorlar özləri dəyişməyə başlayır.

Ona görə də bizim daxili və xarici siyasətimiz hansısa ideoloji xətlər yerinə, milli maraqlar üzərində qurulmalıdır – necə ki, bunu Prezident elan etdi.

Tarix
2019.11.25 / 12:16
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

AŞ-də Azərbaycan bayrağı yarıya endirildi - Foto

Qəzada həlak olan Anar da Qroznıda işləyirmiş...

Onlar Prezidentə başsağlığı verdi

NATO-dan Aktaudakı təyyarə qəzası barədə açıqlama

Sisidən Əliyevə: Dərin kədər hissi keçirdim...

Bayramov gürcüstanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla