Yuxarı

İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:14

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vaqif Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8,0 (səkkiz) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hüseyn Mövsümovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Hüseyn Şərif oğlu Mövsümov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

***

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun 2020-ci il martın 1-dən tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, maddi və prosessual normaların tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını Azərbaycan Respublikası Ali Məhkəməsinin təklifləri əsasında iki ay müddətində müəyyən etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

***

İlham Əliyev “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun 2020-ci il martın 1-dən tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. iki ay müddətində:

1.1.1. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin altıncı hissəsinin birinci cümləsinə uyğun olaraq, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.2. həmin Qanunun 11-ci maddəsinin onuncu hissəsinə uyğun olaraq, məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.3. həmin Qanunun 11-2-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.4. həmin Qanunun 11-3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.5. həmin Qanunun 23-cü maddəsinin beşinci hissəsinə uyğun olaraq, məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.6. həmin Qanunun 11-ci maddəsinin on dördüncü hissəsinə uyğun olaraq, məhkəmə ekspertinin etik davranış kodeksini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 11-4-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 11-5-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 31; 2001, № 6, maddə 415; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 224; 2011, № 10, maddə 889; 2014, № 4, maddə 370) aşağıdakı dəyişikliklər edilsin:

2.1. Fərmanın adında, preambulasında, birinci hissəsinin ikinci və dördüncü abzaslarında “Dövlət məhkəmə” sözləri “Məhkəmə” sözü ilə əvəz edilsin;

2.2. həmin Fərmanın 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin altıncı hissəsinin birinci cümləsində, onuncu hissəsində, on dördüncü hissəsində, 11-2-ci maddəsinin üçüncü hissəsində, 11-3-cü maddəsinin ikinci hissəsində, 11-4-cü maddəsinin ikinci hissəsində, 11-5-ci maddəsinin ikinci hissəsində, 23-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;

2.3. həmin Qanunun 11-ci maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində, səkkizinci və doqquzuncu hissələrində, on birinci hissəsinin birinci cümləsində, 11-1-ci maddəsinin ikinci hissəsində, 11-3-cü maddəsinin birinci və üçüncü hissələrində, 11-4-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 11-ci maddəsinin on beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;

2.5. həmin Qanunun 11-ci maddəsinin on altıncı hissəsində və 11-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

2.6. həmin Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, məhkəmə ekspertizasının digər sahələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.7. həmin Qanunun 33-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.8. həmin Qanunun 34-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi birgə həyata keçirirlər;

2.9. həmin Qanunun 39-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının və 40-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirirlər.”.

3. Bu Fərmanın 2-ci hissəsi 2020-ci il martın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431, № 5, maddə 860, № 6, maddə 1044) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.15. tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edir;”;

1.2. aşağıdakı məzmunda 8.15-1-ci, 8.15-2-ci və 9.32-2-ci yarımbəndlər əlavə edilsin:

“8.15-1. özəl məhkəmə eksperti şəhadətnaməsini verir;

8.15-2. Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparır;”;

“9.32-2. Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq;”;

1.3. 9.33-cü yarımbəndə “məhkəmə ekspertizası” sözlərindən əvvəl “tabeliyində olan məhkəmə ekspertizası idarəsində” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 9.33-1 və 10.5-1-ci yarımbəndlər əlavə edilsin:

“9.33-1. tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməsinə nəzarət etmək;”;

“10.5-1. tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnamələri vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv etmək;”.

2. Bu Fərman 2020-ci il martın 1-dən qüvvəyə minir.

Tarix
2019.12.18 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video

Azərbaycan nümayəndə heyəti NATO sessiyasına qatıldı

Britaniya XİN başçısı COP29-dan yazdı: Vacib addım...

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu - Əliyev

Qarayaxma kampaniyasına baxmayaraq... - Prezident

Bakı COP tədbiri tarixə düşəcək – İlham Əliyev

Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi

İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var

Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…

Berbokun Bakıya qarşı ittihamları... – Prezidentin köməkçisi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla