Yuxarı

Ankara-Bakı-İslamabad yeni geosiyasi reallıq yaratdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sütçü İmam Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayılın Axar.az-a müsahibəsi:

- Ötən gün Bakıda Türkiyə, Pakistan və Azərbaycanın parlament sədrlərinin iştirakı ilə görüş keçirildi. Üç qardaş ölkə arasında qarşılıqlı ziyarətlərin son dövrlərdə mütəmadi xarakter almasını necə dəyərləndirirsiniz?

- Bu səfərlər üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda parlamentlərarası əməkdaşlığın yeni müstəviyə daşınmasıdır. Üçtərəfli görüş zamanı Bakı Bəyannaməsinin imzalanması Şuşa Bəyannaməsinin də reallaşmasına öz töhfəsini verəcək. Ancaq Bakı Bəyannaməsinin imzalanması mahiyyət etibarilə daha geniş formatda geosiyasi və geostrateji birliyin güclü siqnallarından biridir. Bakı Bəyannaməsinin imzalanması Türkiyə, Pakistan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Bəyannamə yalnız siyasi sahədə deyil, həm iqtisadi, həm enerji, həm də təhlükəsizlik sahələrində əməkdaşlığın bundan sonra daha sıx olacağını ortaya qoyur. Beləliklə, bölgədə yeni geosiyasi xəttin ortaya çıxdığını etiraf etmək lazımdır.

- Şuşa Bəyannaməsindən sonra Bakı Bəyannaməsinin imzalanmasını vahid bir prosesin növbəti mərhələsi kimi qəbul etmək mümkündürmü?

- Azərbaycanla Türkiyə 15 iyunda Şuşada çox önəmli bir bəyannaməyə imza atdılar. Bu bəyannamə Azərbaycanın bölgədə gücünü artırdı, beynəlxalq aləmdə Türkiyənin Azərbaycanın yanında daha güclü və qətiyyətli şəkildə olduğunu göstərdi. Şuşa Bəyannaməsinin imzalanması gələcəkdə də Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi baxımından atılan ən vacib addımlardan biri idi. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev əslində uzun illərdir gözlənilən bir addımı atdılar. Şuşa Bəyannaməsi isə bundan sonrakı dövrdə də iki ölkə arasında əməkdaşlığın güclənməsinə xidmət edəcək. Bunun ardınca Bakı Bəyannaməsinin imzalanması Azərbaycanın bölgədəki mövqeyini daha da gücləndirir və beynəlxalq aləmdə daha aktiv rol oynamağa başladığını göstərir. Bakı Bəyannaməsi ilə beynəlxalq aləm həm də Azərbaycanın tək olmadığını, Türkiyə və Pakistan kimi ciddi dövlətlərin onun yanında olduğunu görür. Bakı Bəyannaməsi hər üç ölkənin bölgədə bir çox sahələrdə daha böyük və genişspektrli layihələrin həyata keçirilməsi ilə bağlı güclərinin və səylərinin birləşdirilməsi mərhələsidir. Əlbəttə ki, Bakı Bəyannaməsinin imzalanması yeni bir mərhələdir.

- Ermənistan bölgədən kənarda olan dövlətlərin təhriki ilə yenə də provokasiyalar etməkdə və 10 noyabr bəyanatında təsbit olunan vəzifələrini yerinə yetirməkdən boyun qaçırmaqdadır. Sizcə, Bakı Bəyannaməsi və üç qardaş ölkənin eyni vaxtda hərəkətini Ermənistana və bölgədə məkrli planları olan güclərə bir mesaj olaraq dəyərləndirə bilərikmi?

- Ermənistan onsuz da heç vaxt müstəqil dövlət olaraq fəaliyyət göstərməyib, həmişə güclü dövlətlərin əlində maşa rolunu oynayıb. Hər zaman provokasiyalara əl atır, normal dövlətlərdən fərqli olaraq, beynəlxalq hüquqa zidd hərəkətlər edir, qonşularla problem yaşayır. Təbii ki, bundan da bölgədə öz məkrli fəaliyyətlərini həyata keçirməyə çalışan bəzi güclər faydalanmağa çalışırlar. Ermənistan isə kimin ondan daha çox istifadə edə biləcəyini görmək üçün, bütün “məharətini” nümayiş etdirir. Əslində 10 noyabr bəyanatında təsbit olunan vəzifələr və öhdəliklər var. Bunlar yerinə yetirilməlidir. Bu razılaşmanın tərəflərindən biri də Rusiyadır. Rusiya da bu bəyannamənin həyata keçirilməsi üçün məsuliyyət daşıyır. Əgər Ermənistan təxribatlara davam edərsə, 10 noyabr bəyanatı qüvvədən düşmüş hesab olunacaq. Belə olduğu halda, Rusiya sülhməramlıları bölgədən çəkilməlidir. Azərbaycan isə beynəlxalq hüququn ona tanıdığı hüquq çərçivəsində sərbəst hərəkət etmək haqqına sahibdir. Azərbaycan 44 günlük müharibə ərzində öz gücünü və xalq-dövlət-ordu birliyini dünyaya nümayiş etdirdi. Son nəticədə öz torpaqlarını işğaldan azad etdi və yenə Ermənistanın bütün təxribatlarına cavab vermək gücündədir. Ancaq fikir verirsinizsə, Azərbaycan bölgədə həssas siyasət izləməyə çalışır və Ermənistanı sülhə, əməkdaşlığa dəvət edir. Azərbaycanın ərazi bütövlüyü heç kim tərəfindən dəyişdirilə bilməz və hazırda mövcud olan müəyyən problemlər də zamanla öz həllini tapacaq. Ermənistan dövləti də öz xalqına və regionda sülhə və sabitliyə zərbə vurmamaq üçün ən qısa zamanda danışıqlar masasına oturmalıdır, sülh müqaviləsinin imzalanması üçün müzakirələr başlamalıdır. Bakı Bəyannaməsi və Mustafa Şəntopun işğaldan azad olunmuş bölgələrə səfəri isə həm Ermənistana, həm də beynəlxalq aləmə güclü bir mesajdır.

- Bakı Bəyannaməsindən sonra yaxın gələcəkdə hansı addımların atılacağını gözləmək mümkündür?

- İstənilən bəyannamənin imzalanmasından sonra işci komissiyalar qurulur və fəaliyyətlər davam etdirilir. Önəmli və ən çətin olan ilk addımların atılmasıdır. Sənədlərin hazırlanması, imzalanması daha ağır və zaman tələb edən prosesdir. Sonrakı mərhələdə isə komissiyalar daha aktiv, fəal şəkildə hərəkət edirlər. Sənəd çox mühüm tarixi və siyasi əhəmiyyətə sahibdir. Türkiyə, Pakistan və Azərbaycan bölgədə yeni geosiyasi şərait formalaşdırırlar. Dediyim kimi, sənədin imzalanmasından sonra müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi üçün mümkün ən qısa zaman çərçivəsində fəaliyyətlərin gerçəkləşdirilməsi hər üç ölkənin əlini gücləndirəcəkdir.

Tarix
2021.07.28 / 09:07
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla