Yuxarı

İlham Əliyev Laçında açılışlar etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib.

Axar.az xəbər verir ki, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına küçələrdə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni 12 metrdir; 28 May küçəsinin uzunluğu 1703, eni 10 metr nəzərdə tutulur.

Qeyd edilib ki, şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.

Prezident İlham Əliyevə, həmçinin, Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.

Dövlət başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürüb.

***

Mayın 28-də Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına küçələrdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaq.

Zəngəzur küçəsinin uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcək.

Qeyd edilib ki, küçələrdə aparılacaq yenidənqurma işlərindən sonra burada zəruri infrastruktur yaradılacaq.

Dövlət başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtüyü götürüb.

Küçə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Laçın şəhərində inşa olunan kotteclərə baxıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib.

Dövlət başçısına küçədə görüləcək işlər və yaradılacaq şərait barədə məlumat verilib.

Bildirildi ki, 1 Dekabr küçəsi şəhərin diplomatik yolla işğaldan azad olunduğu tarixə əsasən belə adlandırılıb. Küçənin uzunluğu 1566 metr, eni isə 10 metr təşkil edir.

Prezident İlham Əliyev küçənin adının yazıldığı lövhənin üzərindən örtüyü götürüb.

Sonra dövlət başçısı küçədə yerləşən və bərpa edilmiş yaşayış evində yaradılan şəraitlə tanış olub.

***

Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına yaşayış məhəlləsi barədə məlumat verilib.

Bildirilib ki, layihələndirilən yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissəsində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasir tipli yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləşməsi ərazinin relyefi, demoqrafik tələbləri, sosial, məişət və sanitar xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.

Diqqətə çatdırılıb ki, yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırılıb.

Məlumat verilib ki, ərazidəki idman sağlamlıq mərkəzində müxtəlif idman növləri üzrə və üzgüçülük hovuzu ilə birlikdə iaşə obyektləri, inzibati və digər köməkçi sahələr yaradılacaq.

Eyni zamanda, yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur.

Dövlət başçısı yaşayış məhəlləsinin təməlini qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.

Mədəniyyət naziri Adil Kərimli dövlət başçısına kompleksdə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Laçın rayonunda qurulacaq kompleks İşğal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir.

Ümumi sahəsi 3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhərinə, ətrafdakı dağlara gözəl mənzərə açılır. Kompleks əsas yol şəbəkəsinə və şəhərin mərkəzinə yaxın məsafədə yerləşir.

Muzeyin binası əzəmətli və estetik gözəlliyi ilə fərqlənən memarlıq quruluşuna malikdir. Belə ki, binanın təpənin yamacına doğru uzanması sabitlik və dayanıqlılığı ifadə edir. Rəmzi olaraq binanın quruluşu torpaqdan güc alaraq səmaya doğru yüksəlişi təcəssüm etdirir. Binanın qismən yerin alt hissəsinə keçən maili forması sayəsində muzeyin ümumi daxili sahəsi 2400 kvadratmetr təşkil edir.

Muzeyin interyeri hər tərəfdən rahat giriş imkanı yaratmaq və ətrafdakı parkla inteqrasiyanı təmin etmək üçün xüsusi formada dizayn olunub. Ərazinin relyefi ilə ahəng yaradan tikilinin dam hissəsində həm binanın daxilindən lift vasitəsilə, həm də Memorial Parkdan keçid imkanı olan iki panoramlı terras yerləşəcək.

Beş mərtəbədən ibarət olacaq muzeyin birinci mərtəbəsində bilet satış mərkəzinin yerləşdiyi geniş foyenin və inzibati otaqların yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə İşğal Muzeyi, üçüncü mərtəbədə kafe, dördüncü mərtəbədə isə Zəfər Muzeyi yaradılacaq. Sonuncu – beşinci mərtəbədə istirahət zalı və kitab mağazasından ibarət olan və yuxarı hissədən binaya girişi təmin edən foye yerləşəcək.

İşğal və Zəfər muzeylərinin yerləşdiyi mərtəbələrdə muzeylərin tematikasını əks etdirən bədii instalyasiyalar nümayiş olunacaq, zallarda isə müxtəlif məzmunlu sərgilər təşkil ediləcək.

Kompleksin ərazisində şəhərin dağıdılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park salınacaq. Memorial Parka daxil olan dağıntılar bədii instalyasiyalarla zənginləşdirilərək açıq səma altında muzeyə çevriləcək.

Dövlət başçısı Laçın İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub.

Qeyd edək ki, muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Tarix
2023.05.28 / 17:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla