Qəsdən adam öldürmə və hakimiyyət nümayəndəsinə
müqavimət göstərməkdə ittiham olunan Abşeron rayon sakini, 1978-ci
il təvəllüdlü Ramil Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb.
Publika.az xəbər
verir ki, Ramil Şamilov 24 dekabr 2013-cü il tarixdə, saat 17
radələrində Abşeron rayonu Fatmayı kəndinin ərazisində yerləşən
"Dəniz" marketin qarşısında özünün idarə etdiyi "VAZ markalı
avtomaşınla müştəri kimi Bakı şəhərinə aparılmasını istəyən
tanımadığı şəxslə sərxoş vəziyyətdə sözlə mübahisə edib.
Məni aparmağa gəlmisən?
Mübahisə zamanı ətrafa xeyli adam toplaşıb. Bu zaman Ramil
Şamilov ictimai asayişi təmin etmək məqsədilə ora gələn Abşeron
rayon polis şöbəsinin Mehdiabad polis bölməsinin polis sahə
müvəkkili, leytenant Natiq Şəkərəliyevə yaxınlaşıb.
Ramil Şamilov polis leytenantına "məni aparmağa gəlmisən",
deyərək, ona qarşı nalayiq ifadələr işlədib. Polis zabiti onu
sakitləşməyə dəvət edib.
Polis bölməsinə getməkdən imtina
Amma Ramil Şamilov sakitləşməyərək, ictami qaydanı pozan
hərəkətlərini davam etdirib. Natiq Şəkərəliyev onu polis bölməsinə
getməsini istəyib.
Lakin Ramil Şamilov polis bölməsinə getməkdən imtina edib. Bu
zaman Natiq Şəkərəliyev hadisə yerinə əlavə polis əməkdaşları
çağırıb.
Həmin vaxt köməyə gələn Mehdiabad polis bölməsinə ezam olunan
Çevik Polis Alayının 10-cu bölüyünün polis nəfərləri, polis
serjantı Ramiz İbrahimov və polis serjantı Loğman Əliyev Ramil
Şamilovu bir daha nizam-intizama dəvət edib.
Polisə müqavimət
Polislər Ramil Şamilovdan onlarla birlikdə polis bölməsinə
getməsini tələb ediblər. Ancaq Ramil yenə də polislərinə tələbini
yerinə yetirməkdən imtina edib.
Onu polisin xidməti avtomobilinə otuzdurmaq istəyən Ramiz
İbrahimovun əynində olan polis formasının aşırma kəmərini dartaraq
qırıb və Natiq Şəkərəliyevin ayağından təpiklə vurub.
Bundan sonra polis bölməsinə aparılan Ramil Şamilovun barəsində
inzibati qaydada protokol tərtib edilib. Sutkalıq cəzasını başa
vuraraq azadlığa çıxan Ramil Şamilov daha ağır cinayət törədib.
İşlənməmiş telefon satdı...
Bundan başqa, Ramil Şamilov 21 yanvar 2014-cü il tarixdə Abşeron
rayonu, Fatmayı qəsəbəsində "Nazilənin kafesi" kimi tanınan kafedə
əvvəlcədən tanıdığı Hikmət Məmmədovdan 20 manata aldığı "NOKİA"
markalı mobil telefonu kənd içində yerləşən klubdakı mobil telefon
emalatxanasında yoxladıb.
Orada Ramil Şamilova həmin telefonun işləmədiyi və düzəltmək
üçün müəyyən pul məbləği tələb olunduğu bildirilib. O, yanvarın
28-də, saat 14 radələrində həmin kafedə yenidən Hikmət Məmmədovla
görüşüb.
İki telefon verdi, amma...
Hikmət Məmmədov Ramilə satmış olduğu mobil telefonun işlək
vəziyyətdə olmadığını bildirib. O, verdiyi 20 manatı geri istəyib.
Hikmət Məmmədov həmin vaxt pulu verə bilməyəcəyini deyib.
Bu zaman Hikmət Məmmədov masanın üzərindəki, özünə məxsus digər
"Nokia" markalı mobil telefonu Ramilə könüllü verib. O, da həmin
mobil telefonu götürərək Fatmayı qəsəbəsi, C.Cavadov küçəsi, ev 9
ünvandakı evinə gedib.
Elə həmin gün saat 23 radələrində Hikmət Məmmədov öz telefonunu
geri almaq qərarına gəlib və bu məqsədlə Ramilin yaşadığı evə
gəlib.
Qisas və qətl
Bu zaman onların arasında mübahisə yaranıb. Onlar evin
qarşısında əlbəyaxa olublar. Bu vaxt Ramil Şamilov qisas almaq
məqsədilə Hikmət Məmmədovu öldürmək qərarına gəlib.
Ramil Şamilov Hikmət Məmmədova çoxsaylı təpik zərbələri vurub.
Zərbələrin təsirindən Hikmət yerə yıxılsa da, Şamil onu vurmaqda
davam edib.
Hikmət Məmmədov hadisə zamanı çoxsaylı bədən xəsarəti alıb. O,
hadisə yerinə gələn şəxslərin köməkliyi ilə 1 saylı Kliniki Tibbi
Mərkəzə çatdırılıb.
Mərkəzdə Hikmət Məmmədova tibbi yardım göstərilsə də, həyatını
xilas etmək mümkün olmayıb. O, xəstəxanada cəmi 10 gün yaşayıb.
Hikmət Məmmədov yanvarın 31-də xəstəxanada vəfat edib.
10 il cəza
Ramil Şamilov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan
zərərçəkmişin ölümünə səbəb olma və 315.1-ci (hakimiyyət
nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Şamilov 10 il
müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramil
Şamilov apelyasiya şikayəti verib. O, cəzasının
yüngülləşdirilməsini istəyib.
Ramil Şamilovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya
Məhkəməsinə göndərilib. Hakim kollegiyası apelyasiya şikayətinin
dəlillərini araşdırandan sonra qərar elan edib.
Qərara görə, Ramil Şamilovun apelyasiya şikayəti təmin
edilməyib.