ƏDV-nin qaytarılması ("tax free") şərti ilə malların
satışı vergi orqanı tərəfindən satıcı qismində qeydiyyata alınmış
ƏDV ödəyicisi olan şəxslər tərəfindən həyata
keçirilir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan
Prezidenti İlham Əliyevin 12 iyul tarixli fərmanı ilə təsdiq
edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən
Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə
ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nda
deyilir.
Qaydaya əsasən, satıcı aşağıdakı tələblərə cavab verməlidir:
- ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidir;
- pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalıdır;
- pərakəndə ticarət fəaliyyəti üçün vergi orqanında qeydiyyatda
olan təsərrüfat subyektinə (obyektinə), həmin təsərrüfat
subyektində (obyektində) vergi qanunvericiliyinə uyğun olaraq
quraşdırılmış nəzarət kassa aparatına (NKA) və işlək vəziyyətdə
olan Pos-terminala malik olmalıdır;
- Azərbaycan Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə
bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Vergi Məcəlləsində
nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və
(və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin
dəyişdirilməsi halları istisna olmaqla) olmamalıdır.
ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən
vergi ödəyicisi satıcı kimi qeydiyyata alınmaq üçün Azərbaycan
Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada ərizə ilə
qeydiyyatda olduğu vergi orqanına müraciət edir. Ərizədə aradan
qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, ərizənin
daxil olduğu tarixdən 3 iş günündən gec olmayaraq vergi orqanı
onların aradan qaldırılması üçün vergi ödəyicisinə bildiriş təqdim
edir (və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir). Bütün
çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.
Vergi ödəyicisi aşkar olunmuş çatışmazlıqları aradan
qaldırdıqdan sonra təkrar ərizə ilə vergi orqanına müraciət edə
bilər. Vergi ödəyicisi vergi orqanı tərəfindən 5 iş günündən gec
olmayaraq satıcı qismində qeydiyyata alınır və ona bu barədə
təsdiqedici sənəd təqdim edilir.
Həmçinin vergi ödəyicisi ƏDV-nin qaytarılması şərti ilə satıcı
qismində qeydiyyata alındıqdan sonra operator və satıcı arasında
forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş xidmət
müqaviləsi bağlanır.
Qeyd olunur ki, satıcının yeni təsərrüfat subyekti (obyekti)
qeydiyyatdan keçdikdə, həmin təsərrüfat subyekti (obyekti) üzrə
satıcı tərəfindən ƏDV-nin qaytarılması şərti ilə malların satışının
həyata keçirilməsi üçün yenidən ərizə ilə müraciət edilir.
Vergi ödəyicisinin satıcı qismində qeydiyyatına Vergilər
Nazirliyi tərəfindən və ya məhkəmə qaydasında aşağıdakı hallarda
xitam verilir:
- fəaliyyəti dövründə iqtisadi fəaliyyət sahəsində cinayətlərə
görə cinayət məsuliyyətinə cəlb olunduqda;
- vergi orqanına təqdim olunmuş vergi hesabatlarında aşkar
olunmuş uyğunsuzluqlar və ziddiyyətlər qanunla müəyyən edilmiş
müddətdə aradan qaldırılmadıqda;
- satıcı Azərbaycan Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə
və qaydada vergi hesabatlarını vergi orqanlarına təqdim etməməklə
vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındıqda;
- satıcının ƏDV-nin qaytarılması şərti ilə satış həyata
keçirilən təsərrüfat subyekti (subyektləri) ləğv edildikdə;
- satıcının ƏDV qeydiyyatı ləğv edildikdə;
- satıcı sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya bu
fəaliyyətə qanunla müəyyən edilmiş qaydada xitam verildikdə;
- vergilər, faizlər və vergi orqanı tərəfindən tətbiq edilmiş
maliyyə sanksiyaları üzrə borc məbləği 30 təqvim günü müddətində
ödənilmədikdə və bununla bağlı məhkəməyə şikayət verilmədikdə;
- bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
- bu barədə satıcının müraciəti olduqda.