Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində “Qara Qarayevin yaşadığı mənzil satışa çıxarıldı” başlığı ilə yayılan məlumat tam həqiqəti əks etdirmir.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirlər bəstəkar Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlamasında deyib.
O qeyd edib ki, xəbərdə adıçəkilən mənzil dahi bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin yaşadığı ev kimi təqdim olunsa da, bu məlumat tam dəqiq deyil:
"Məlumatı dəqiqləşdirmək məqsədilə bildiririk ki, həmin mənzil bəstəkara dövlət tərəfindən 1950-ci illərdə verilib və Qara Qarayev burada bir neçə il yaşayıb. Daha sonra bəstəkar başqa ünvana köçüb, sözügedən mənzildə isə illər ərzində bir neçə ailə məskunlaşıb və sonradan mənzil satılıb.
Hazırda Qara Qarayevin yaşadığı və yaradıcılığının mühüm dövrünü keçirdiyi mənzil Qara Qarayevin ev-muzeyi kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Muzeydə bəstəkarın şəxsi əşyaları, sənədləri, musiqi arxivləri və dəyərli eksponatları saxlanılır.
Qara Qarayevin sonuncu mənzili Bakı şəhəri, Bülbül prospekti 21 ünvanında yerləşir. Həmin binada bəstəkarın baraleyfi quraşdırılıb, yaxınlıqda isə onun adını daşıyan park salınıb.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, yayılan məlumat tam dəqiq hesab edilə bilməz və ictimaiyyəti yanlış istiqamətə yönəldir. Media qurumlarından və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, bu kimi xəbərləri paylaşmazdan əvvəl məlumatın düzgünlüyünü yoxlasınlar və böyük sənətkarın irsinə hörmətlə yanaşsınlar.
Qara Qarayevin adı və yaradıcılığı Azərbaycan mədəniyyətinin ən dəyərli sərvətlərindəndir və onunla bağlı istənilən məlumat məsuliyyət və dəqiqliklə ictimaiyyətə çatdırılmalıdır".