Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbbibəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pulu və qiymətli əşyaları ələ keçirilib.
Axar.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb.
Bildirilib ki, hadisədən sonra polis təhqiqata başlayaraq, bu pulların hansı yollarla Almaniyaya gətirilməsini araşdırır.
Günay Məsimovanın yaxınlarına verdiyi məlumata görə, bankdakı seyfində 790 min avro dəyərində dollar və brilyant, 330 min avro pul olub. Pullarını və qiymətli əşyalarını ələ keçirən isə onun Almaniyada yaşayan tanışı F.M. olub. O, pulları götürüb aradan çıxa bilsə də, polis qiymətli əşyaların bir hissəsini tapıb və məsələ aydınlaşana kimi müsadirə edib. Pulun dəqiq məbləği ilə bağlı rəsmi məlumat yoxdur.
Pulun və qiymətli əşyaların mənbəyini öyrənmək üçün Nürnberqdə araşdırma başlanılsa da, Günay Məsimova ölkəni dərhal tərk etdiyindən işi başa çatdırmaq mümkün olmayıb.
Bəlli olub ki, G.Məsimova Almaniyada saxta evlilik vasitəsi ilə yaşama hüququ alıb. Bundan sonra o, dəyəri 1 milyon avro olan villa və mənzil alıb. Mənzil Berlin şəhərində, Kohulfurter küçəsində yerləşir.
Oğurluq hadisəsi belə baş verib: G.Məsimova ötən ilin iyununda Bakıdan Almaniyaya gətirdiyi pullarını və qiymətli əşyalarını Nürnberqdə yaşayan tanışı F.M. vasitəsi ilə "Sparkasse" bankında seyfə qoymaq qərarına gəlib. Almaniyada bu cür seyflər qiymətli sənədlər və 10 min avro dəyərinə kimi qiymətli əşyalar üçün nəzərdə tutulsa da, bankın seyfləri açıb, yoxlamaq hüququ yoxdur.
Günayla görüşməzdən öncə F.M. bankın Fürth filialında dostlarından birinin adına seyf hesabı açıb. O, daha bir seyf hesabı da Günay Məsimovanı adına açıb və kartını özünə verib. Banka gəldikdən sonra F.M. ona güvənən Günayı aldadaraq, pulları onun yox, dostunun seyfinə qoyub.
Yanvar ayında brilyant qaşlı qızıl saatlarından birini götürmək üçün banka gələn Məsimova seyfinin boş olduğunu görüb. Məlum olub ki, F.M. seyfdəkiləri götürərək Pribaltika ölkələrindən birinə qaçıb. G.Məsimova isə pulların mənbəyi ilə bağlı araşdırma başladıldığını eşidən kimi Almaniyanı tərk edərək Bakıya gəlib.
Lakin F.M-nin aldadaraq adına gizli hesab açdığı Almaniyada yaşayan dostunun atası Ələsgər Vəliyev bütün olanlarla bağlı polisə məlumat verib. Polis zinət əşyalarından bəzisini tapa bilsə də, pullarla bağlı dəqiq məlumat toplaya bilməyib. Bir ucu Azərbaycana gedib çıxan hadisə bununla bitməyib.
Qeyd edək ki, İ.Həbibbəylinin qızı Günay Mənsimova Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi olub.