ABŞ-ın paytaxtı Vaşinqtonda ölkənin humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından olan Marşal İrsi İnstitutunun təşkilatçılığı ilə “Yolun təmizlənməsi” (Clearing the Path Awards) adlı illik mükafatlandırma qala gecəsi keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə ABŞ Administrasiyası və Konqresinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, minatəmizləmə üzrə beynəlxalq təşkilatların və donor qurumların təmsilçiləri iştirak ediblər.
Qala gecəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vüsal Allahverdiyev və onun minaaxtaran iti “Ben-Mace”ə 2025-ci ilin “İlin minaaxtaran it komandası” mükafatı təqdim edilib. Bu il dörd nominasiyada müəyyən edilmiş qaliblər arasında yer alan Azərbaycan nümayəndəsinə mükafatı Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim təqdim edib.
Səfir çıxışında mina probleminin Azərbaycanın üzləşdiyi ən ağır humanitar fəsadlardan olduğunu vurğulayıb. O bildirib ki, ölkə ərazisinin 13 faizdən çoxu minalarla çirklənib, son onilliklər ərzində 3400-dən çox insan mina partlayışlarının qurbanı olub, təkcə 2020-ci ildən etibarən 400-dən çox şəxs minaya düşərək həyatını itirib və ya xəsarət alıb. Səfir qeyd edib ki, minatəmizləmə fəaliyyəti Azərbaycanın azad olunmuş torpaqlarının yenidən qurulması və bərpası, eləcə də bu ərazilərə məcburi köçkünlərin qayıdışı üçün mühüm əhəmiyyət daşıyır. O, eyni zamanda Marşal İrsi İnstitutu ilə ANAMA arasında 20 illik uğurlu əməkdaşlığın vacibliyini qeyd edib, donor və tərəfdaşlara minnətdarlığını bildirib, minatəmizləmə sahəsində Azərbaycanın səylərinə beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Mükafatı qəbul edən ANAMA nümayəndəsi Vüsal Allahverdiyev bunu bütün minaaxtaranlar və insan həyatı uğrunda çalışanlar adından qəbul etdiyini bildirib və bu diqqətin onları daha çox ərazini təmizləməyə ruhlandırdığını deyib.
Tədbirdə çıxış edən ABŞ prezidentinin xüsusi nümayəndəsi general-leytenant Kit Kelloq ANAMA nümayəndəsinin fədakarlığını və qəhrəmanlığını yüksək qiymətləndirib, mina çirklənməsi ilə mübarizədə göstərilən səylərin əhəmiyyətini vurğulayıb.
Qala gecəsində Marşal İrsi İnstitutu tərəfindən Azərbaycana ianə edilmiş minaaxtaran itlərin və onların təlimçilərinin azad olunmuş ərazilərimizdəki minatəmizləmə fəaliyyəti ilə bağlı fotoşəkillər nümayiş etdirilib.
Marşal İrsi İnstitutu ilə Azərbaycan arasında əməkdaşlıq 2005-ci ildən davam edir. Bu dövr ərzində institut Azərbaycana 100-dək minaaxtaran it təqdim edib.